29 aprel 2024 11:24
327

COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan ehtiramın və dəstəyin göstəricisidir

Azərbaycan qlobal miqyasda güclü diplomatiyaya və çoxtərəfli danışıqlar zamanı etibarlı tərəfdaş nüfuzuna malik olduğunu  artıq təsdiqləmişdir. 2023-cü ilin dekabrında baş tutmuş sonuncu forumdan sonra Azərbaycan yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edəcək ölkə seçilmişdir. Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirildi. 30 ölkədən 64 nümayəndənin iştirakı ilə keçirilən tədbirdə çıxış edən dövlət başçısı İlham Əliyev, eyni zamanda, iştirakçıların çoxsaylı suallarını cavablandırdı.  Bundan əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda uğurla sədrlik etmişdir. COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir. Ölkəmiz hazırlığın fəal mərhələsindədir.  Cənab İlham Əliyev bildirdi ki, yaxşı nəticələr əldə etmək üçün olduqca fəal və səmərəli çalışmalıyıq. COP29 çox böyük məsuliyyətdir. Söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir. Bu gün isə ölkəmiz apardığı məqsədyönlü iş, böyük zəhmət və bu sahədə qazandığı uğurlar sayəsində İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi etməyə tam layiqdir. COP mövzuları bəşəriyyəti, müxtəlif dövlətləri, dövlətlər qrupunu, düşərgələri ümumi məqsəd naminə səfərbər edən, birləşdirən qüvvədir. COP həmrəylik, qlobal məsuliyyəti bölüşmək və əməkdaşlıq platformasıdır. Cənab İlham Əliyev tədbir iştirakçılarının suallarını cavablandırarkən  bu məqamlara xüsusi diqqət yönəltdi ki, artıq Azərbaycan 30 ildir beynəlxalq neft şirkətləri ilə əməkdaşlıq edir. Xəzər dənizinə xarici şirkətləri dəvət edən ilk ölkə Azərbaycan olub. Dövlət başçısı Azərbaycanda ekoloji problemlərlə ciddi məşğul olunduğunu xüsusi qeyd edərək, ölkəmizin qarşılaşdığı belə problemlərdən birinin əlbəttə ki, Xəzərin suyunun getdikcə azalması olduğunu vurğulayıb. Xəzər dənizinin geri çəkilməsi olduğu kimi davam edərsə, məsələn, Orta Dəhliz üzərində yerləşən ölkələr kommunikasiya layihələri ilə də bağlı ciddi problemlər yaşayacaqlar. Çünki bu önəmli transmilli layihə məhz Xəzər dənizindən keçir. Dənizin geri çəkilməsinin əsas səbəblərindən biri isə Xəzər üçün əsas su mənbəyi olan Volqa çayında suyun azalmasıdır. Dövlət başçısı Xəzər dənizinin geriyə çəkilməsi iqlim dəyişikliyi səbəbindən deyil, həm də Volqa çayının Xəzər dənizini lazımi qədər su ilə təmin etməməsindən olduğunu qeyd edərək, Xəzər sahillərinin Azərbaycana aid hissəsində ekoloji sistemin bərpası və mühafizəsi baxımından kifayət qədər işlər görüldüyünü bildirib.

Dövlət başçısı İlham Əliyev forum iştirakçılarının suallarını cavablandırarkən ev sahibliyi edən ölkənin malik olduğu üstünlüklərə diqqətini yönəltdi. Bu məqam xüsusi vurğulandı ki, dünyaya deyəcək sözümüz çoxdur. Biz həqiqəti söyləməliyik. Ev sahibliyi etməyin üstünlüklərindən biri on minlərlə qonağın gəlməsi olacaq. Onların əksəriyyəti buraya ilk dəfə səfər edəcək. Onlar iki həftə və hətta daha az vaxtda vəziyyəti qiymətləndirmək imkanı əldə edəcəklər. Özlərini necə hiss edirlər, ölkəni necə görürlər və planlarımızın nədən ibarət olduğunu öyrənəcəklər. Hər zaman qeyd edildiyi kimi, hər dövrün öz tələbi, çağırışları vardır. Əgər əvvəlki vaxtlarda Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün tez-tez bu və ya digər ölkələrə səfərlərin edilməsinə böyük zərurət duyulurdusa, artıq bu gün Azərbaycanın hər həftə, hər gün hansısa mövzuda beynəlxalq tədbirə ev sahibliyi etməsi reallıqlarımız barədə dolğun məlumatların əldə edilməsini şərtləndirir.

Bugümüzün qürurverici hadisəsi, eyni zamanda, torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsidir. ADA Universitetində ənənəvi keçirilən beynəlxalq konfransların, forumların iştirakçıları işğaldan azad edilmiş ərazilərimmizə də səfər edir, burada ermənilərin törətdikləri dağıntılarla və Azərbaycan xalqının bu torpaqlarda apardığı bərpa -quruculuq işləri ilə yaxından tanış olurlar. Belə bir mənzərəni müşahidə etməklə ermənilərin illərdir apardıqları təbliğatın nə qədər əsassız olduğunun, özgə torpağını ələ keçirdiyinin şahidinə çevrilirlər. Bu günədək keçirilən konfranslardan sonra iştirakçılar Şuşada, Ağdamda və Zəngilanda olmuşdular. Bufəfəki forumun iştirakçıları isə Laçın rayonuna səfər etdilər.  Cənab İlham Əliyev forumdakı çıxışında Laçında görülən işlərdən bəhs etdi. Bildirdi ki, Laçın Azərbaycanın ən füsunkar bölgələrindəndir. Yaşıl gələcəkdən danışırıqsa, Laçın tamamilə yaşıldır. Bu gün irimiqyaslı inkişaf gedir. Laçın şəhərinin və onun yaxınlığındakı bir kəndin yenidən qurulması tədbir iştirakçılarına Qarabağın və Şərqi Zəngəzurun gələcəkdə tam bərpa edilmiş simasının şahidi olmaq imkanı verəcək. Daha sonra Forumda beynəlxalq əlaqələr mövzusu da geniş müzakirə edilib.

Azərbaycan bu gün həqiqətən də Avrasiya məkanında cərəyan edən geosiyasi proseslərə təsir imkanlarına malik olan bir ölkəyə çevrilmişdir. Məhz bunun nəticəsidir ki, hətta dünyanın ən böyük və güclü dövlətləri belə Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını açıq-aşkar nümayiş etdirirlər. Bu baxımdan Çin ilə Azərbaycan arasında əməkdaşlıq perspektivləri barədə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də xüsusi önəm kəsb edir. Dövlət başçısı bildirib ki, ölkələrimiz arasında münasibətlər çox uğurla, qarşılıqlı hörmət və dəstək, hər iki ölkənin ərazi bütövlüyünün tanınması əsasında inkişaf edir.  Hazırda Qarabağda sosial infrastruktur yaradılır, genişmiqyaslı tikinti gedir. Forumda dövlətimizin başçısı regional təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın atdığı addımlardan, tarixi Zəfərimizin reallıqları əsasında dünya siyasətində baş verən yeniliklərdən də bəhs etdi.

Prezident İlham Əliyevin forumdakı çıxışı və iştirakçıların suallarına cavabları gələcəklə bağlı aydın təsəvvürlərin yaranmasında əhəmiyyətli rol oynayan çağırışlarla zəngindir. Dövlətlərarası münasibətlərdə etimadın qorunması əsas hədəf kimi qarşıya qoyuldu. Ölkə Prezidentinin hər bir çıxışı, müsahibəsi həm ölkəmizlə, həm də regionda və dünyada gedən proseslərlə bağlı  məlumatların əldə edilməsi üçün zəngin mənbədir. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan hadisələrə real yanaşmaları ilə diqqətdədir. Azərbaycan hər bir hədəfə yüksək səviyyədə nail olmaq üçün səylər göstərir, qlobal məsələlərin həllində birgə addımlar atmağın vacibliyini bildirir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri