30 aprel 2024 00:12
298

Siyasət dəllalı olan Əli Kərimli hər şeyi öz arşını ilə ölçür

Yaxud, böyük rus ədibi F. Dosteyevskinin təbirincə desək, burnunun ucundan uzağı görə bilməyən realizm ən ağılsız fantastikadan da təhlükəlidir… 

Bütün günü klaviaturanın arxasında oturub regionda gedən prosesləri- Azərbaycan-Ermənistan sülh danışıqlarını, rəsmi İrəvanla rəsmi Moskava arasında baş verən gərginlikləri, eləcə də Azərbaycan-Rusiya, Bakı-Ankara münasibətlərini öz arşını ilə ölçən AXCP sədri Əli Kərimlinin aprelin 29-da öz sosial şəbəkə hesabında yazdığı status gülünc olduğu qədər də ikrah doğurur. Statusu oxuyanda “eh vay, “müdhiş bir təhlil” demədən keçmək olmur.

Əlbəttə, “Ə.Kərimli baş verənləri öz arşını ilə ölçür” ifadəsini də təsadüfən demədik. “Öz arşını ilə ölçmək” yəni, bir şeyə öz baxış bucağından yanaşmaq, nəyi isə öz qabiliyyəti, öz səviyyəsi və öz zövqünə uyğun qiymətləndirmək mənasını verir. Bu ifadə qədim insanların uzunluq ölçüləri ilə bağlı təsəvvürlərdən yaranır. Arşın qolun dirsəkdən barmaqların ucuna qədər olan hissəsinə deyilir. O da var ki, qolun dirsəkdən barmaqların ucuna qədər olan hissəsi müxtəlif adamlarda müxtəlif uzunluqda olduğundan “arşınlar”da müxtəlif olurdu, elə “Ə.Kərimlinin arşını” kimi.

Xülasə, indi gələk əsas məsələyə. Belə ki, AXCP sədri son günlər Ermənistanda baş verən hadisələrdən bəhs edən həmin “təhlili” yasısında absurd və mənasız fikirlər irəli sürür. O yazır: “Paradoksa baxın. İlham Əliyevin müttəfiqi Rusiya işğal olunmuş kəndlərimizi bizə qaytardığına görə Paşinyanı devirmək istəyir. Bu necə müttəfiqlikdir. Siz daha əvvəllər belə müttəfiqlik görmüsüzmü, eşitmisizmi?. İndiyə qədər də onu devirmək üçün N qədər saxta bəhanədən istifadə etməyə çalışıb. Ancaq budəfəki kampaniya öz həyasızlığı ilə fərqlənir. Rusiya bütün 5-ci kalonunu səfərbər edib. Keçmiş hərbçilər, indiki hərbçilər (belələri də var), erməni kilsəsi, diasporanın xəstə nümayəndələri, Köçəryan-Sarkisyan klanı “Vətən əldən getdi” deyib özünü öldürür”.

Heç də təəccüblü deyil. Çünki bütün bunlar Ə.Kərimlinin

absurd “fəlsəfəsi”nin məhsuludur. Yaxşı, tutaq ki, Rusiya elə AXCP sədrinin dediyi kimi, Paşinyanı devirmək istəyir. Bunun Azərbaycan- Rusiya münasibətlərinə, eləcə də müttəfiqliyə nə dəxli var? El dilində desək, Paşinyan bilər Rusiya bilər. Hazırda Ermənistanla Rusiya arasında münasibətlər gərginləşməkdə davam edir. Rəsmi Moskva dəfələrlə bildirib ki, Ermənistan Qərbin qeyri-müəyyən vədlərinə inanaraq Rusiya ilə müttəfiqliyini dəyişməyə çalışır. Bir müddət əvvəl Rusiyanın xarici işlər naziri S. Lavrov bildirmişdi ki, rəsmi İrəvanın xarici siyasət xəttini yenidən formalaşdırmaq istəyi qərblilərin nəsihətlərindən qaynaqlanır. Rusiyalı nazir “indi Ermənistan hakimiyyətinin qeyri-dost addımlarını sadalmağın mənası yoxdur”,- deyə əlavə etmişdi.

Təbii ki, biz bu yazıda Rusiya- Ermənistan münasibətlərini geniş şəkildə təhlil etmək fikrindən uzağıq. Sadəcə olaraq Ə.Kərimlinin məsələ ilə bağlı abstrakt düşüncəsindən irəli gələn birtərəfli, qeyri-obyektiv , reallıqdan uzaq “təhlil”inə bir-iki kəlmə ilə öz münasibətimizi bildirmək istədik. Əsas məsələ odur ki, milli maraqlara söykənən peşəkar siyasət yürüdən Azərbaycan öz strateji hədəflərinə addım-addım çatır. Qarabağ yağı tapdağından azad edilib, separatizmə son qoyulub, ölkəmizin ərazi bütövlüyü, suverenliyi bərpa olunub. Həmçinin Ə.Kərimlinin absurd, ictimai rəyi çaşdıran fikirlərinin əksinə olaraq rus sülhməramlıları vaxtından əvvəl Qarabağdan çıxarılır, Qazax rayonunun 4 kəndi Azərbaycana qaytarıldı, sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı və.s.

Halbuki, AXCP sədri Ə.Kərimli və onun “əqidədaşları” uzun müddətdən bəri rus sülhməramlılarının Qarabağdan çıxmayacağı, Qazaxın kəndlərinin geri qaytarılmayacağı və s, barədə xaricdən aldıqları tapşırıqlar əsasında gecə-gündüz təbliğat apararaq ölkə rəhbərliyinin bu istaqamətdə atdığı addımlara xələl gətirmək üçün dəridən-qabıqdan çıxırdılar.

Bəli, bütün bunlar Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasətinin uğurlarıdır. Ə.Kərimli kimi siyasətbazlar bunları dərk edə bilmədiyindən yazımızın əvvəlində qeyd etdiyimiz kimi, hər şeyi öz arşınları ilə ölçürlər.

Bu arşın məsələsində yadımıza bir şey də düşdü. Belə ki, əsas arşından başqa daha sonralar “Rus arşını”, “xan arşını” kimi ölçü vahidləri də əmələ gəlmişdir. Deyəsən, bunlara təzəlikcə daha biri əlavə olunub: “Ə.Kərimli arşını”. AXCP sədri kimi siyasət dəllalının arşınının dəqiq, sabit, doğru-dürüst olmadığını isə hamımız yaxşı bilirik…

Zahid Rza, “İki sahil”