30 aprel 2024 15:08
503

Möhkəm təməllər üzərində qurulan əməkdaşlıq

Turk dünyasının birliyi, həmrəyliyi xarici siyasətimizin əsas istiqamətlərindən biridir. Ölkəmizin bu birliyə töhfələri davamlığı ilə diqqətdədir. Dövlət başçısı İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik” kimi fikirləri Azərbaycanın türk aliəsinin möhkəmlənməsinə verdiyi önəmə işıq salır.

Tarixi Zəfərimizdən sonra bu əlaqələrin daha yüksələn xətlə inkişaf etdiyi göz önündədir. Belə ki, qarşılıqlı səfərlərin davamlı xarakter alması, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün hüquqi baza rolunu oynayan sənədlərin imzalanması, günümüzün aktual məsələləri ətrafında geniş fikir mübadiləsinin aparılaraq ümumi mövqenin ortaya qoyulması, həmçinin Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da artırılması istiqamətində  addımların atılması bunu bir daha  təsdiqləyir.  Bu baxımdan aprelin 24-də Qırğızıstan  Prezidenti  Sadır Japarovun ölkəmizə dövlət səfəri hazırda ölkə mətbuatında geniş müzakirə edilir. Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Qırğızıstan Respublikası ilə münasibətlərə də böyük önəm verir. İkitərəfli əməkdaşlığın inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir.

Prezident İlham Əliyev mətbuata bəyanatında “Bizim hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənəmiz formalaşıb. Mən ötən il, ondan əvvəlki il Qırğızıstanda olmuşam, həmçinin keçən il və ondan əvvəlki il Sadır Nurqojoyeviç bizi ziyarət edib. Bizim hələ yayda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi zamanı Azərbaycanda görüşmək imkanımız olacaq. Həmçinin Sadır Nurqojoyeviçi noyabr ayında COP29 beynəlxalq konfransında iştiraka dəvət etdim. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir” söyləyərək onu da qeyd etdi ki, ikitərəfli əməkdaşlıq formatından çox danışmaq olar. Bu günlərdə Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günlərinin keçirilməsini xatırlamamaq olmaz. Həmçinin səfə çərçivəsində qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışı oldu. Bu, onun xatirəsinə ehtiram əlaməti, həmçinin Qırğızıstan-Azərbaycan qardaşlığının daha bir rəmzidir. Cənab İlham Əliyev bildirdi ki, biz bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindəyik. 

Qırğızıstan Prezidenti Azərbaycanda olmaqdan böyük məmnunluq hissi keçiridyini  bildirərək “Biz bərəkətli Azərbaycan torpağında növbəti dəfə olmağa şadıq və gözəl Bakı şəhərinə heyranlığımızı ifadə edirik. Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla quran və Azərbaycan dövlətini möhkəmləndirən qardaş Azərbaycan xalqının uğurlarına sevinirik” söylədi. Danışıqların nəticələrindən razılığını vurğulayan Sadır Japarov bildirdi ki, bu, dövlətlərimizin bütün sahələrdə sıx əlaqələri inkişaf etdirmək, iki ölkənin xalqlarının maraqları naminə dostluq münasibətlərini hərtərəfli möhkəmləndirmək əzmini açıq şəkildə nümayiş etdirir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə Türk dövlətləri, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var. Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri iki ölkə arasında mövcud olan münasibətlərdə yeni səhifə açacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcək. Səfər çərçivəsində imzalanan 18 sənədin hər biri əlaqələrdə yeni istiqamətin müəyyənləşdirilməsini və uğurlu inkişafını şərtləndirir.

Abil Ağasəfov,
​YAP Qəbələ rayon təşkilatının sədri