30 aprel 2024 17:53
346

Azərbaycan COP29-a ev sahibliyini uğurla başa vuracaq

Prezident İlham Əliyev aprelin 25 –də Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə «15-ci Petersberq İqlim Dialoqu»nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün Almaniyaya işgüzar səfərə gedib. Bu səfərin tarixi əhəmiyyəti ondadır ki,  dövlətimizin rəhbərinin təyyarəsi azad edilmiş torpaqlarımızdan- Füzuli Beynəlxalq Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirdi.

Eyni zamanda, Prezident İlham Əliyevin Almaniyada «Petersberq İqlim Dialoqu» çərçivəsində təşkil edilən tədbirlərdəki  çıxışı, oradan verdiyi   mesajlar xüsusi önəmə malik idi. Ölkəmizin başçısı bildrib ki, COP29-la əlaqədar Almaniya ilə Azərbaycanın müvafiq heyətləri arasında sıx əməkdaşlıq mövcuddur. Bu istiqamətdə mütəmadi məsləhətləşmələrin aparıldığı müsbət hal kimi qiymətləndirilib. Almaniyadan Azərbaycanın COP29-a sədrliyinə  müsbət qiymət verildiyi bildirilib. Cənab Prezident COP29-la əlaqədar Almaniya ilə əməkdaşlığa və “Petersberq İqlim Dialoqu” formatındakı müzakirələrə dəvətə görə təşəkkürlərini çatdırıb. Bu istiqamətdə atılan addımların ümumi maraqlara xidmət etdiyi vurğulanıb.

Almaniyada dövlətimizin başçısı tərəfindən COP29-un Azərbaycanda keçirilməsinin formalaşdırdığı yeni reallıqlar dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Xüsusilə Prezident İlham Əliyev COP29-un Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin tərkibi olaraq ərsəyə gəldiyini bildirib. Ölkəmizin başçısı həmçinin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kanslerinin dəstəyi ilə Ermənistanla Azərbaycan arasında keçirilmiş görüşün önəmini bir daha qeyd edib. Məhz Münxendə keçirilmiş görüşün nəticəsinin sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə ciddi təkan verməsi amili də bu xüsusda önə çəkilib.

Xatırladaq ki, bir müddət öncə Almaniya xarici işlər nazirinin dəstəyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında sülh müqaviləsi üzrə danışıqların aparılmışdı. Bütün bunlar Almaniyanın tutmuş olduğu birmənalı mövqe ilə izah olunur. Çünki aparılan bu danışıqlar da sülh müqaviləsi üzrə müzakirələrin irəli aparılması üçün vacib addım idi. Bu yaxınlarda Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar və dialoq vasitəsilə sərhədlərin delimitasiyası, hətta demarkasiyası sahəsində əldə olunmuş uğurlar da Almaniyada keçirilmiş görüşlərdə gündəmə gəlmişdi. Bu müsbət addım olmaqla yanaşı regionda sabitliyin təminatına xidmət etmişdi.

Forumda Prezident İlham Əliyev xüsusi vurğulayıb ki, Azərbaycan bundan sonra da sülh gündəliyini irəli aparacaq. Çünki ölkəmiz həmişə  sülh gündəliyinə sadiq olub və olmaqda da davam edəcək.

Önəmli faktdır ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri həm də Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Əminliklə söyləmək olar ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcəkdir.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri