30 aprel 2024 20:32
290

Frank Şvabeyə AŞPA-nın bütün üzvləri adından danışmaq hüququnu kim verib?! - Sevil Mikayılova

Şvabe və onun kimi ikiüzlü siyasətçilər öz ölkələrinin və Avropanın maraqlarını ayaq altına ataraq destruktiv siyasət aparırlar

Almaniyalı deputat Frank Şvabenin təxribat xarakterli açıqlaması məntiqsiz və siyasi etikadan kənardır. Almaniyalı deputatın bu bəyanatları onun hansı maraqlara xidmət etdiyini açıq şəkildə sərgiləyir.

“İki sahil” xəbər verir ki,  bunu Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova əlavə edib ki, Frank Şvabe çirkin ittihamlarla suveren dövlətə qarşı kampaniya başlatmağa cəhd göstərir. AŞPA-da Azərbaycan düşməni kimi tanınan deputat Frank Şvabe geniş ictimaiyyətə çoxdan tanışdır. AŞPA-da Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması təklifini də o vermişdi.

“Günümüzün reallığı ondan ibarətdir ki, beynəlxalq təşkilatlarda uzun illərdir müxtəlif siyasi-iqtisadi lobbi qrupları formalaşıb. Həmin qruplar müxtəlif maraqlara xidmət edirlər və öz məqsədlərinə nail olmaq üçün yalan informasiyalardan istifadə edirlər, qərəz və təzyiq kampaniyaları aparırlar.

Erməni lobbisinin simpatiyasını qazanmaq arzusunda olan Şvabe diplomatiyanı, siyasəti və etik normaları unudaraq növbəti dəfə çirkli sifarişi yerinə yetirir”, - deputat deyib.

S.Mikayılova əlavə edib ki, Avropa Şurasının islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsinə çevrildiyi ortadadır. Frank Şvabe onlardan biridir. Növbəti dəfə də onun Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsi təsadüfi deyil.

“Avropalı parlamentarinin nəzərinə çatdırmaq istərdik ki, məhkəmə sisteminin nə olduğunu və heç kimin məhkəmənin işinə qarışmamalı olduğunu qavrasın. Xüsusilə də, söhbət Şvabe ilə heç bir əlaqəsi olmayan bir ölkədən gedirsə! Heç bir fəaliyyət, nə insan hüquqları, nə də jurnalistika prinsipləri qanunlara əməl etmək öhdəliyindən azad etmir! Almaniyada və eləcə də bütün Avropada bu belədir. Əgər Şvabe bu əsas meyarları başa düşmürsə, o zaman sual yaranır ki, nüfuzlu təşkilat olan AŞPA-da belə bir siyasətçinin nə işi var? Frank Şvabeyə AŞPA-nın bütün üzvləri adından danışmaq hüququnu kim verib?!

Şvabe demokratiya, qanunun aliliyi və digər yüksək anlayışlardan danışsa da, alman siyasətçi heç vaxt deməyib ki, işğalçı Ermənistandır. Şvabe kimilər üçün qanunun aliliyi yox, alacağı “qonorar”lar önəmlidir”, - Mikayılova vurğulayıb.

S.Mikayılova əlavə edib ki, Şvabenin bu tipli qərəzli açıqlamaları eyni zamanda, Almaniya-Azərbaycan münasibətlərinə də zərbə vurur: "Azərbaycan Avropanın mühüm tərəfdaşıdır, lakin eyni zamanda, bəzi siyasətçilər, Aİ ilə Azərbaycan arasında münasibətləri hər cür yolla korlamağa çalışırlar.

Şvabe və onun kimi ikiüzlü siyasətçilər öz ölkələrinin və Avropanın maraqlarını ayaq altına ataraq destruktiv siyasət aparırlar".