02 may 2024 12:06
226

Baş katib: Mədəni irsin qorumasında parlamentlərin üzərinə böyük vəzifə düşür

Bu gün mədəniyətlərimiz təhdidlərlə üzləşməkdədir. Müharibələr, təbii fəlakətlər və digər amillər mədəniyyətimizi təhdid edir.

“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi Sitara Ayaz Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəni irsin qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr” mövzusunda panel müzakirələri zaman deyib.

O qeyd edib ki, mədəni irsin qorumasında parlamentlərin üzərinə böyük vəzifə düşür.

“Lakin mədəni irs sadəcə qanunlarla qoruna bilməz. Bunun üçün maraqlı tərəflər, o cümlədən dövlət qurumları, vətəndaş cəmiyyəti təşkilatları, yeri icmalar öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir.

Azərbaycanın əsrlər boyu zəngin mədəni irsi mövcud olub. Azərbaycan mədəni irisin qorunmasında mühüm işlər həyata keçirir. Eyni zamanda belə bir platforma yaratdığı üçün Azərbaycana təşşəkkür edirəm”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.