03 may 2024 00:09
307

Şvabedən növbəti təxribat

Əli Kərimli bu siyasi tərbiyəsizin mətbuat xidmətidir, yoxsa vəkili?..

Məlumdur ki, Qərbin əksər təşkilatlarında müxtəlif siyasi-iqtisadi lobbi qrupları kök atıb və bu qruplarda təmsil olunan deputatlar da həmin onların cızdığı çərçivələrdən kənara çıxa bilmirlər. Almaniya Sosial Demokrat Partiyasının üzvü, Bundestaqın Xarici Əlaqələr Komitəsinin üzvü, Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri və Almaniya hökumətinin dini etiqad azadlığı üzrə nümayəndəsi Frank Şvabe də bu siyahıdadır. O, bütün fəaliyyətini anti-Azərbaycan, erməni lobbisinin maraqlarının müdafiəsi istiqamətində qurub. Bakıya qarşı aparılan təbliğatda xüsusi fəallıq nümayiş etdirən bu şəxs yenə siyasi tərbiyəsizliyə yol verib. Şvabe “X” hesabında paylaşımında Azərbaycanın geri - AŞPA-ya yolu olmadığını yazıb. Onun bu təxribatına Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çox sərt reaksiya verib. “Avropa Şurası Parlament Assambleyasının Almaniyadan olan deputatı Frank Şvabe siyasi terrorçudur”, - deyə o, “X” platformasındakı paylaşımında qeyd edib. Səməd Seyidov bildirib ki, Frank Şvabe əsl üzünü açıb: “O, özünü, ölkəsini və Avropa Şurasını rüsvay edən muzdlu siyasətçidir. O, AŞPA-da qeyri-qanuni olaraq hakimiyyəti ələ keçirən və təkcə bu təşkilatı deyil, həm də Avropaya inteqrasiya ideyasını məhv edən siyasi terrorçudur”.

Bunun ardınca F.Şvabe öz adət-ənənəsinə sadiq qalaraq yalan, iftiralarla dolu, təhqiramiz fikirlərə yol verib. Frank Şvabe, deyəsən, AŞPA-da hansı ölkəni təmsil etdiyini, orada niyə oturduğunu, qərarlaşdığını tamamən unudub. Çünki ələlxüsus da son aylar adamın dərdi-səri, hədəfi-ünvanı ancaq Azərbaycandır...Bu üzdəniraq dəfələrlə belə bir iddia irəli sürüb ki, guya Azərbaycanda insan hüquqlarına və qanunun aliliyinə dair vəziyyət pisdir, guya, Azərbaycanda demokratik seçkilər yoxdur, bunun üçün zəruri şərtlər yerinə yetirilmir və. Adama deyərlər, nə yatmısan ki, nə də yuxu görəsən? Ermənistanın işğalçı siyasətini dəstəkləyənlərdən, indi də erməni avantürizminin davamı üçün canfəşanlıq edənlərdən başqa gözlənti ola bilməz. Hər fürsətdəcə özlərinin yaramaz xislətlərini ortaya qoyurlar.

Xatırladaq ki, hələ yanvar ayında AŞPA Azərbaycanla bağlı qərəzli qətnamə qəbul etməsinə, ölkəmizi bu qurumda təmsil edən nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsinə cavab olaraq, rəsmi Bakı AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırıb. Prezident İlham Əliyev isə fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən bildirib ki, nümayəndə heyətimizin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. Prezident AŞPA-da anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini vurğulayaraq bildirib ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir.

AŞPA-nın Azərbaycana qarşı qətnamələrinin qəbulunun əsasında Azərbaycanofob, türkfob və islamofob siyasət dayanır. Belə qurumlar üçün insan haqları, demokratiya və digər hüquqlar maraqlı deyil. Onlar bu hüquqları sadəcə Azərbaycana və digər müsəlman ölkələrinə təzyiq vasitəsi kimi istifadə edirlər. Əgər insan haqları və demokratiya, vətəndaş cəmiyyətinin hüquqları ilə bağlı AŞPA narahat olub ədalətli mövqe sərgiləsəydi, Fransada müsəlman uşaqların məktəblərə buraxılmaması, açıq aksiya keçirənlərə qarşı şiddətin işlədilməsi və insanları həbslərə məruz saxlamaları ilə bağlı səslərini çıxardardılar. Yaxud da Ermənistanda jurnalistlərin, müxalifətçilərin həbs olunmasına reaksiya verərdilər. Onlar üçün bu gün Azərbaycan maraqlıdır. Parlamentarilər erməni diasporunun sifarişlərini icra etməklə seçkilərdə yenidən mandat qazanmaq istəyirlər. Ona görə də Azərbaycana təzyiq göstərilməsi üçün siyasi məhbus, vətəndaş cəmiyyətinin hüquqları məsələsini ortaya atıb belə tələblər irəli sürürlər.

Digər bir məsələ odur ki, dağıdıcı müxalifət düşərgəsinin satqın və xəyanətkar məxluqları və xaricdəki antimilli ünsürlər ermənipərəst təşkilatların ölkəmizə qarşı qərəzli fikirlərindən yenə xoşhal olublar. Bu da bir daha onu təsdiq edir ki, dağıdıcı müxalifət və antimilli ünsürlər Azərbaycan xalqına düşmən kəsiliblər. Həm də təsdiq olunur ki, onlar üçün heç bir dəyər və anlayış deyilən məfhum yoxdur. Qürur və şərəfdən də uzaqdırlar. Götürək elə AXCP sədri Əli Kərimlini.. Bu siyasi mürdəşir Şvabe haqqında elə bəh-bəhlə danışıb, onu elə ilahiləşdirib ki, gəl görəsən. Əli Kərimlidən də bir soruşan lazım ki, ay bədbəxt, sən Şvabenin mətbuat xidmətisən, yoxsa vəkili? Niyə düşmüsən bu avantüristin arxasına? Elə Əli Kərimlinin və onun qeyri-legitim “Milli Şura”sının Azərbaycan dövləti üçün ən həssas vaxtda təxribatlara başlamaq cəhdləri əslində çox da təəccüb doğurmur. Çünki Əli Kərimlinin xisləti zatən budur. O, fərdi maraqları, şəxsi ambisiyaları üçün bütün milli-mənəvi dəyərləri ayaqlamağa hər an hazır olduğunu son 25 ildə dəfələrlə nümayiş etdirib. Ə.Kərimli xəyanətdən yoğrulan, milli təəssübkeşliyin nə olduğunu anlamayan, bitmiş, xərclənmiş adamdır. Ona görə çırpınır, hər mövsüm yeni saxtakarlıqlarla, imitasiyalarla, bəsit tamaşalarla, sərsəm açıqlamalarla gündəmə gəlmək istəyir. "Mən də varam" kompleksinə girir, kimlərinsə əlində oyuncaq olmağı özünə rəva bilir. AXCP sədri avantürizmin elə bir mərhələsindədir ki, oradan geri dönüş yoxdur. Çünki quyunun tam dibinə qədər yuvarlanıb, həmişəki kimi 5-10 qaragüruhçunun ümidinə qalıb. Bir adam ki, hansısa ölkənin xüsusi xidmət orqanının əlində, ovcunda, cibində, sərəncamında ola, Şuşanın işğaldan azad edilməyinə sevinməyə, bir adam ki, Mark Şvabeni öz saytında reklam edə, beləsindən nə gözləmək olar?

Sevinc Azadi, “İki sahil”