04 may 2024 11:25
369

Arxadan vurulan zərbə

AXCP sədri Əli Kərimlinin «milli demokartlar»dan ibarət satqınlar cameəsi suyu nə qədər bulandırmağa çalışsalar da saf su çirkabı qəbul etmir

Demokratik Qüvvələrin «Milli Şura»sının mitinq xəstəliyinin görüntü olduğunu AXCP sədri Əli Kərimli başda olmaqla müxalifətin radikal kəsiminin üzvləri yaxşı bilirlər. Amma necə deyərlər, kasıbçılığın üzü qara olsun. Güclənən, qüdrətlənən, yaratdığı reallıqlarla bütün dünya ictimayyətini heyran edən ölkəmizə qarşı səlib yürüşünə çıxan anti-Azərbaycan dairələrin əlində oyuncağa çevrilən xəyanətkarların ağalarını razı salmaq, qrant qazanmaq üçün mitinqlərdən imitasiya kimi istidə etməkdən başqa çarələri yoxdur. Siyasətə aidiyyəti olmayan «siyasi fəaliyyəti»nin pərdəarxası məqsədi Azərbaycana ziyan vurmaq olan Əli Kərimli kimilər nə qədər çalışsalar da cəmiyyəti istədikləri səmtə yönəldə, mitinq əhvalına kökləyə bilmirlər. Aydın başa düşürlər ki, xəyanətkar istəkləri heç vaxt da alınmayacaq.

Özlərini «Milli Şura» «demokratları» hesab edən naxələflər «mitinq» çağırışlarını özləri deyib, ətraflarındakı azsaylı muzdlu trollar eşidirlər. Mitinq taktikasından istifadə etməklə qrant yarışına çıxanlar cəmiyyətdən necə zərbə alıblarsa hələ də özlərinə gələ bilmirlər. Bilərəkdən mitinqin vaxtını gündən-günə keçirməklə, yerini dəyişməklə guya «qətiyyətlilik» görüntüsü yaradanların məqsədi ağalarının etimadını doğrulmaq, ermənipərəst əcnəbilərin qarşısında əyilən başları qarşılığında qəpik-quruş qazanmaqdır. Mitinq üçün ərazi seçərkən belə xəyanətkar niyyətlərini təkrarlayan köhnə təfəkkürlü Əli Kərimlinin «prestijni» ünvanları göstərməsi də xəyanətdən qaynaqlanan siyasi fəndgirlikdir. Özünü «Milli Şura» adlandıran dərnəyin «sapı özümüzdən olan balta”larının xaricdəki himayəçilərindən aldıqları sifarişə uyğun xəyanətləridir. Azərbaycan dövlətinə təzyiq etmək siyasətinin arxada qaldığını aydın başa düşən, anti-Azərbaycan dairələrin əlaltıları olan, şəxsi maraqlarının əsirinə çevrilən antimilli ünsürlər anlayırlar ki, mitinq şoularına ətrafındakı beş-üç nəfərdən artıq adam toplaya bilməyəcəklər. Respublikamızda keçirilən siyasi kampaniyalar ərəfəsində qrant naminə «canlanan», sosial bazaları olmadığı üçün seçkilərdə iştirakdan imtina etməklə ölkədə antidemokratik mənzərə formalaşdırmağa çalışan oyunbazlar yenə də «Biz də varıq!» demək istəyirlər. Amma unudurlar ki, Azərbaycan xalqı çoxdan onların varlığını unudub, zibilliyə atıb.

Olmayan «siyasi məhbus»ların azad edilməsi, seçki islahatlarının aparılması, Rusiya hərbçilərinin Qarabağdan çıxarılması, Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni sazişin imzalanması, quru sərhədlərin açılması, maaşların, pensiyaların artırılması, uşaq müavinətlərinin müəyyən edilməsi kimi əsassız, cəfəng sayıqlamaları ilə cəmiyyətdə qarışıqlıq yaratmağa çalışan fırıldaqçıları yaxşı tanıyan sağlam düşüncəli insanların Əli Kərimli tayfasının hay-küyünə inanmayacaqları bəllidir. Vaxtilə fırıldaqla Milli Məclisə yol tapan bu dələduzlar keçiriləcək parlament seçkilərində yer qazanmaq üçün çabalasalar də niyyətləri baş tutan deyil. Hakimiyyətdə olduqları dövrdə şəxsi maraqları naminə Azərbaycan dövlətinə, xalqına xəyanətlərini unutmayan insanlar təbii ki, Əli Kərimlinin, antimilli «Milli Şura»nın siyasətə yamaq sədri Cəmil Həsənlinin və digərlərinin sözlərinə məhəl qoymayacaqlar. Hələ də bolşevik təfəkküründən əl çəkməyən, xarici qüvvələrin təhriki, təlimatı, sifarişi əsasında mitinq şousu yaratmağa çalışan Əli Kərimli kimi onun ətrafına toplaşan qulbeçələr də siyasi maşa rollarını davam etdirirlər.

Azərbaycan həqiqətlərinin dünyada dəstəkləndiyi məqamda mitinq və aksiya şousu ilə suyu bulandırmağa, siyasi sabitliyi pozmağa cəhd edənlər, xislətlərinə yaxşı bələd olduğumuz ünsürlər, xainlər, satqınlar, «sapı özümüzdən olan baltalar» olsa- olsa Ermənistan və onunla dost ölkələr, Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinə dair çağırışın müəllifi, Almaniya Parlamentinin üzvü Frank Şvabe, Fransa Prezidenti Emmanuel Makron, Avropa Parlamenti üçün üçün önəmli ola bilər. O Şvabe ki, Avropada Azərbaycana qarşı qatı mövqeyi ilə tanınır. İslamofob, türkofob çağırışları ilə millətlərarası münaqişələri qızışdırır. Ölkəmizə eyni münasibətdə olan Şvabe, Borrel ilə Əli Kərimlini müqayisə etməyə ehtiyac yoxdur. Çünki Əli Kərimli də Azərbaycan demokratiyasına kölgə salır, avropalı bu zatlar da. Səlahiyyətləri çatmasa belə ölkəmizdə olmayan «siyasi məhbus»ların azadlığa buraxılmalarından dəm vuran Avropanın sözdə demokratları Əli Kərimli kimi Azərbaycanın Ermənistan üzərində Qələbəsindən məyusluqlarını gizlətmirlər.

Milli xəyanətkar Əli Kərimli bir reallığı görmək qabiliyyətindən məhrumdur. Prezident İlham Əliyevin ötən ay Aİ-nin aparıcı dövləti Almaniyaya işgüzar səfərini xatırlayaq. Səfər zamanı dövlət başçımızla Almaniya Federativ Respublikasının Prezidenti Frank- Valter Ştaynmayer, bu ölkənin Federal Kansleri Olaf Şolts ilə keçirilən görüşlərində Azərbaycanın Cənubi Qafqazdakı rolu yüksək qiymətləndirilmiş, ölkəmizlə əməkdaşlıqdan məmnunluq ifadə edilmişdir. Ölkəmizlə bağlı rəsmi qaydada, səmimi dəyərləndirmələr ermənilərə satılmış fərdi şəxslərin sifarişli açıqlamalarından qat-qat üstündür. Dövlət başçımızın Berlin şəhərində keçirilən «15-ci Petersberq İqlim Dialoqu»ndakı çıxışının maraqla qarşılanması ölkəmizə beynəlxalq dəstəyin təzahürüdür.

Bu günlərdə Azərbaycanda «Sülh və qlobal təhlükəsizlik naminə dialoq» mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirakçılarının ölkəmizlə bağlı söylədikləri xoş sözləri Əli Kərimliyə çatdıraq. Çünki ölkəmizlə bağlı müsbət fikirlər səsləndirildikdə bu Vətən xaini qulaqlarını tıxayır. Şvabe, Borrel ilə eyni düşüncə tərzinə malik Əli Kərimliyə «Qaşıq aşdan isti oldu» məsəlini xatırlatmağın yeridir. Avropada ölkəmizlə əməkdaşlığa marağın artdığı, tanınmış dövlət başçılarının Azərbaycan haqqında xoş sözlər söylədiyi məqamlarda ermənipərəst dairələrin sayıqlamalarını dəstəvuz edən Əli Kərimlinin dünyada baş verənlərdən xəbəri yoxdur. Qul payı kimi aldığı dollarlardan gözü tutulan, qulağı qapanan Əli Kərimli yuxarıda adı çəkilən Forumda ölkəmizlə bağlı deyilənləri də « eşitməyib.» Yaxud, ona və ağalarına sərf etməyən sözləri duymaq qabiliyyətini itirib. Ermənistanla sərhədlərin demarkasiya və delimitasiyası, həmçinin regionda uzunmüddətli sülhün yaradılması istiqamətində işlərin getdiyi, ölkədə COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirlərə hazırlığın görüldüyü bir vaxtda cəmiyyətdə qarışıqlıq yaratmaq naminə mitinq çağırışları səsləndirmək , ölkəmizlə bağlı saxta informasiyalar yaymaq, təxribatlara dəstək göstərmək Azərbaycana arxadan vurulan zərbədən başqa bir şey deyil. Belə yerdə əlikərimlilər haqqında deyiblər ki, «Milçək bir şey deyil, ürək bulandırır.»

Xuraman İsmayılqızı, «İki sahil»