03 may 2024 22:43
2366

Ulu Öndər Heydər Əliyev ideyaları yaşayır və inkişaf edir

Dünya tarixinin inkişafının məntiqi təhlili onu göstərir ki, ölkələrin tərəqqiyə nail olaraq ölkələr sırasında öz layiqli yerini tutması üçün zəruri şərtlərdən biri də xalqın özünə lider seçdiyi şəxsin özünəməxsus keyfiyyətləridir. Belə ki, ölkələrin ərazi və iqtisadi imkanlarından asılı olmayaraq, onun hərtərəfli inkişafını təmin edən əsas amillərdən biri və ən əsası olan lider amilidir.

Bunu demək yerinə düşər ki, hər bir azərbaycanlının qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Ulu Öndər Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu. Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bənzərsiz fəaliyyəti Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunmuşdur. Ulu Öndər Heydər Əliyevin yüksək peşəkarlıqla işləyib hazırladığı milli dövlətçilik strategiyasının əsas nüvəsini müstəqil Azərbaycanın iqtisadi qüdrətinin dirçəldilməsi, artırılması və möhkəmləndirilməsi təşkil edirdi. Onun ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, qloballaşan dünya iqtisadiyyatına inteqrasiyası sahəsində, həqiqətən, misilsiz fəaliyyəti nəticəsində ölkəmiz sürətli tərəqqi yoluna qədəm qoymuşdur. Tam qətiyyətlə və cəsarətlə demək olar ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin intensiv inkişaf mərhələsini və tariximizin ən şanlı dövrünü təşkil edir.

Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ulu Öndər Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ümummilli Lider Heydər Əliyevin həyat amalının təntənəsidir. Azərbaycana rəhbərliyinin birinci dövründə Ulu Öndər Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur.

Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Ümummilli Lider Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı Onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Ulu Öndər bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.

Ötən əsrin 80-ci illərinin sonlarında dünyada tamamilə fərqli bir mənzərə formalaşmışdı. Yeni geosiyasi düzənə transformasiya sürətlənmiş, yeni qlobal dəyərlər sistemi meydana çıxmağa başlamışdı. Azərbaycan xalqı üçün də öz müstəqil dövlətini qurmaq, azadlıq ideallarına qovuşmaq çox gərgin, faciəli hadisələrin nəticəsində mümkün olmuşdu. 1990-cı ilin 20 Yanvar hadisələrini proseslərin dönüm nöqtəsi hesab etmək olar. Həmin dövrdə də yenə məhz Ulu Öndər Heydər Əliyev xalqının yanında olmuş, 20 Yanvar faciəsinin ertəsi günü Kreml rejiminin təqiblərinə baxmayaraq, öz ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bəyanat vermiş, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmiş, daha sonra SSRİ rəhbərliyinin apardığı siyasət etiraz əlaməti olaraq Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir. Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti də Azərbaycanın dövlət müstəqilliyinə doğru irəliləməsində bayraqdar rolu oynamışdır. Həmin dövrdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirilərək, "Sovet Sosialist” sözləri oradan çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edilmişdir. Həmçinin Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdır ki, Azərbaycanda da eyni qərar qəbul olunsun. Bundan başqa, 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə muxtar respublikada məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdir. Bunlar Azərbaycan xalqının lideri tərəfindən müstəqillik uğrunda atılan növbəti addımlar kimi qiymətləndirilir.

1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunsa da, bu müstəqilliyi qoruyub saxlamaq üçün dövlətçiliyin əsasları yaradılmamış, cəmiyyətdə milli həmrəylik, milli birlik təmin olunmamışdı. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti getdikcə genişlənmiş, 1993-cü ilin may-iyun aylarında ölkəmizdə siyasi böhran son həddə çatmış, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Belə bir şəraitdə Azərbaycan xalqının diqqəti yenidən xalqımızın böyük oğlu, Ulu Öndər Heydər Əliyevə yönəlmişdi. 1993-cü il iyun ayının 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinə Sədr seçilməsi parlamentarizm tariximizdə müstəsna əhəmiyyətə malikdir. Bu dövr Azərbaycan parlamentarizm tarixinin ən parlaq səhifələrini təşkil edir. Xalqımızın böyük oğlunun rəhbərliyi ilə parlament ali qanunverici orqan kimi ölkəmizin problemlərinin həlli ilə bağlı demokratik müzakirələrin keçirildiyi və siyasi mədəniyyətin hökm sürdüyü bir tribunaya çevrilmişdi. Parlamentin ictimai nüfuzu yüksəlmiş və effektiv qanunvericilik fəaliyyəti həyata keçirilmiş, mühüm qanunlar qəbul olunmuşdu.

Həmin dövrün reallıqları fonunda müstəsna tarixi-siyasi əhəmiyyətə malik və haqlı olaraq müstəqil dövlətçiliyimizin dönüş nöqtələrindən hesab edilən hadisələrdən biri də 1992-ci ilin noyabr ayının 21-də Naxçıvanda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi, Ulu Öndər Heydər Əliyevin partiyanın Sədri seçilməsi xalqımızın gələcək taleyini, ölkəmizin perspektivini müəyyənləşdirən çox mühüm, əlamətdar hadisə oldu. Dünən Azərbaycan naminə tarixi məsuliyyəti öz üzərinə götürən Ümummilli Liderin ətrafında yaranmış, bu gün qalib xalqın Lideri, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən YAP sabah da ümumxalq partiyası kimi fəaliyyətini uğurla davam etdirəcək, Azərbaycana möhtəşəm nailiyyətlər qazandıracaq. Ona görə ki, Ümummilli Liderimizin dediyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!

1993-cü il oktyabr ayının 3-də keçirilən seçkilərdə Azərbaycan Prezidenti seçilən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə qısa müddətdə ictimai nizam-intizam, siyasi sabitlik təmin edilmiş, milli təhlükəsizliyin sarsılmaz əsasları yaradılmış, qanunsuz silahlı birləşmələr tərk-silah edilmiş, nizami, güclü ordu quruculuğuna başlanmışdır. Hüquqi dünyəvi dövlət quruculuğu prosesinə start verilmiş, müstəqil Azərbaycanın Konstitusiyası qəbul olunmış, ölkəmizdə çox ciddi siyasi islahatlar aparılmağa başlanmışdır. Ulu Öndər Heydər Əliyev ölkəmizin müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdışı və elmin, təhsilin, mədəniyyətin inkişafını təmin etmişdir. Yeni neft strategiyasının hazırlanması, bunun əsası olan "Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın qlobal enerji bazarında və beynəlxalq münasibətlərdə aktiv iştirakının təmin olunması, yeni və praqmatik xarici siyasət strategiyasının müəyyənləşdirilməsi və uğurla həyata keçirilməsi həmin dövrdə ölkəmizin qarşısında tamamilə yeni inkişaf paradiqmalarının meydana gəlməsini şərtləndirmişdir.

Azərbaycan Ulu Öndər Heydər Əliyevin müstəsna liderlik qabiliyyəti və yüksək idarəetmə məharəti sayəsində 1993-2003-cü illərdə öz inkişaf və sabitlik dövrünü yaşamış, müstəqilliyini möhkəmləndirmişdir. Ulu Öndər Heydər Əliyev Azərbaycanın xarici siyasətində tarazlaşdırılmış dövlət siyasəti təliminin müəllifidir.

Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyasını yeni çağırışlar şəraitində layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev heyrətamiz şəxsi keyfiyyətləri, xalq və dövlət qarşısında müstəsna xidmətləri ilə yeni tarixi dövrün milli lideri səviyyəsinə yüksəlmişdir. Onun rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır. Prezident İlham Əliyevin siyasət sənətinin incəliklərinə dərindən bələd olması, fenomenal liderlik qabiliyyəti və yaradıcı dövlətçilik təfəkkürü, yenilməz əzmi və iradəsi ölkəmizin müasir simasını müəyyənləşdirməklə yanaşı, Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini kökündən dəyişmişdir. Milli və dövlətçilik maraqlarımızın qorunması və irəli aparılması, ölkəmizin potensialının artırılması üçün görülən ardıcıl tədbirlər Azərbaycanı öz tarixinin ən qüdrətli dövlətinə və regional güc mərkəzinə çevirmişdir. Bütün bu uğurlu fəaliyyətlər nəticədə öz bəhrəsini verdi. Belə ki, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik məharəti ilə idarə etdiyi Azərbaycan Silahlı Qüvvələrinin hərbi Qələbəsi xalqımızın qəhrəmanlıq salnaməsində yeni şanlı səhifə açdı. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr Zəfəri sayəsində işğalçı Ermənistan təslim olmağa məcbur edildi, tarixi ədalət və dövlətimizin ərazi bütövlüyü bərpa olundu. Azərbaycanın əzəli tarixi torpaqları olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi son iki yüz ilə yaxın dövrdə xalqımızın məruz qaldığı torpaq itkiləri və etnik təmizləmələr silsiləsinə son qoydu, xalqımıza düşmən kəsilmiş dünya erməniliyinə sarsıdıcı zərbə endirdi. Ermənistanın davam edən hərbi-siyasi təxribatlarına son qoyulması məqsədi ilə 2023-cü il sentyabrın 19-20-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin məharətli rəhbərliyi ilə Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu, dövlətimizin suverenliyi onun bütün ərazisində bərpa edildi. Ən nəhayət cari ilin oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması və Prezident İlham Əliyevin Xankəndi şəhərindən xalqımıza müraciəti ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılandı.

Hazırda Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında davamlı yüksəlişə malikdir. Şübhəsiz, bütün bunların əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Məhz bu Ulu Öndər Heydər Əliyevin görmək istədiyi müstəqil və güclü Azərbaycandır!

Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək 2004-cü ilin may ayının 10-da Heydər Əliyev Fondu yaradılmışdır. İctimai-siyasi, mədəni həyatda aparıcı qüvvəyə çevrilmək, əməli fəaliyyətilə böyük nüfuza sahib olmaq, örnəyə çevrilmək böyük məsuliyyət və zəhmətin bəhrəsidir. Əlbəttə ki, vətənpərvərlik, vətənə bağlılıq insanı xalqı, milləti üçün böyük amallara xidmət etməyə sövq edir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın ictimai-siyasi, mədəni həyatında müstəsna rola malik olması onun Vətənə bağlılığından irəli gəlir. Müstəqil Azərbaycanda Ümummilli Lider Heydər Əliyev ideyalarını davam etdirən və mövcud prinsiplər və ənənə ilə fəaliyyət göstərən Heydər Əliyev Fondu genişmiqyaslı fəaliyyəti onu nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda belə əks-səda doğurub.

Azərbaycanın tərəqqisi və xalqın rifahının yaxşılaşmasına xidmət edən genişmiqyaslı proqram və layihələr böyük rəğbətlə qarşılanır. Fondun humanitar missiyada fəaliyyət proqramlarının həyata keçirilməsi vətəndaşların qayğı və problemlərinin həllində müstəsnadır. Həyata keçirilən bütün layihələr vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsi, sosial rifahının yüksəldilməsi məqsədini daşıyır. Uşaq bağçalarının, orta məktəblərin, səhiyyə müəssisələrinin təmir və inşası, eləcə də, əqli, fiziki cəhətdən zəif, qüsurlu olan uşaqlara, yaşlı və kimsəsiz insanlara maddi və mənəvi dayaq olması, şəkərli diabet, böyrək çatışmazlığından əziyyət çəkənlərə pulsuz və yüksək səviyyədə yardım və kömək göstərilməsi Heydər Əliyev Fondunun qısa bir zaman məsafəsində gördüyü işlərin uğuru olaraq qəbul edilir.

Heydər Əliyev Fondu əsas fəaliyyət istiqamətlərindən biri kimi ilk olaraq təhsil sferasını seçdi. Fondun fəaliyyətinin ilk mərhələsindən bu istiqamətdə görülən işlər sırasında Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikamızın müxtəlif bölgələrində reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı müstəsna əhəmiyyət kəsb edir. 2006-cı ildə proqramın ikinci mərhələsinə başlanıldı. Fondun təhsillə bağlı həyata keçirdiyi proqramlar sırasında "Təhsilə dəstək" layihəsi də xüsusi əhəmiyyət daşıyır. Heydər Əliyev Fondunun fəaliyyətinin əhəmiyyətli bir hissəsini də səhiyyə sahəsində həyata keçirilən layihələr təşkil edir. Heydər Əliyev Fondunun təhsil sferasında həyata keçirdiyi ən genişmiqyaslı proqramlardan biri də "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramıdır. Proqram çərçivəsində uşaq evləri və internatların demək olar ki, hamısı əsaslı təmir olundu, texniki təchizatı yaxşılaşdırıldı. Azərbaycan mədəniyyəti incilərinin qorunması və təbliğini də başlıca prioritet kimi müəyyənləşdirən Fond milli mədəniyyətimizin dünyaya təqdimat forması kimi muğamı seçmiş, onun dünyada tanıdılması istiqamətində iş aparmışdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşdırılan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətinin əlaqələndirilməsində mühüm rol oyanır. Fond fəaliyyətə başladığı ilk gündən mədəniyyət abidələrinin bərpası və yenidən qurulması istiqamətində də uğurla iş aparır. Özü də bu işi ölkədən kənarda da həyata keçirir.

Məsələn, 2006-cı ildə Gürcüstanın Tbilisi şəhərində Azərbaycanın görkəmli şəxsiyyətləri - Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundzadənin, Həsən bəy Ağayevin, Fətəli xan Xoyskinin qəbirüstü abidələrinin yenidən qurulması və xiyabanın yaradılması, 2007-ci ildə Parisdə Versal Sarayının parkındakı ümumbəşəri abidələrin bərpası, 2008-ci ildə Luvr Muzeyinin bərpası, 2012-ci ildə Romanın Villa Borgeze parkında N.Gəncəvinin abidəsinin ucaldılması, İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin, Vatikanda Roma katakombalarının bərpası, Moskvada M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının atriumunda Azərbaycanın görkəmli yazıçısı, filosofu M.F.Axundzadənin abidəsinin ucaldılması və s. buna nümunədir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə qonşu Rusiya Federasiyasında, qardaş Türkiyə Cümhuriyyətində, İsraildə, Baltikyanı ölkələrində, Almaniyada, Londonda, İspaniyada, İtaliyada, hətta okeanın o tayında - uzaq Amerikanın müxtəlif ştatlarında keçirilən və bütün dünyaya səs salan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası öz fəaliyyət missiyasını ildən-ilə genişləndirir. Fondun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə həyata keçirilmiş soyqırımlar, mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı bir sıra əcnəbi dillərdə nəşr olunan kitab və bukletlər xarici ölkələrdə yayımlanır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində ingilis və rus dillərində nəşr olunan “Xocalıya ədalət” kitabı bu gün dünyanın bir sıra ölkələrində sülhsevər insanların stolüstü kitabına çevrilmişdir. Prezident İlham Əliyevin xarici ölkə rəhbərləri ilə görüşlərində, bütün çıxış və nitqlərində dönə-dönə vurğuladığı kimi, beynəlxalq hüquq və normaları, ədalət meyarı Azərbaycanın tərəfindədir və bunu dünya ictimaiyyəti də birmənalı olaraq qəbul edir. Beynəlxalq birliyin tamhüquqlu üzvü olan Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri üzərində qazandığı möhtəşəm qələbədən sonra yerdə qalan problemlərin sülh yolu ilə həlli üçün təşəbbüslərini davam etdirir. 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət!” beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir. Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar.

2023-cü ilin fevralın 6-da qardaş Türkiyədə baş vermiş zəlzələdən sonra zərərçəkmişlərə yardım göstərilməsi məqsədilə Fondun əməkdaşları tam səfərbər oldular. Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə reallaşdırılan yardım kampaniyası, Fondun bu istiqamətdəki fəaliyyəti qardaş dövlətin Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Əminə Ərdoğan tərəfindən yüksək qiymətləndirildi.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Ulu Öndərin amallarını yaşadan, ideyalarını gerçəkləşdirən Heydər Əliyev Fondu da işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərinə töhfə verir. Xüsusilə də Fond tərəfindən Qarabağ və Şərqi Zəngəzurda tarixi, mədəni, dini irsimizin bərpası istiqamətində mühüm layihələr həyata keçirilir. Bir sözlə, Azərbaycan dövləti Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması, illərdir torpaq həsrəti ilə yaşayan insanlarımızın yurdlarına qovuşması üçün böyük işlər gerçəkləşdirir. Fond tərəfindən tikilən məktəblərdə çalınan ilk zəng, bərpa edilmiş məscidlərimizdən ucalan azan səsi o yerlərə qayıdan həyatın rəmzi kimi səslənir. Bu tarixi uğurlar isə vaxtilə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi qayıdış siyasətinin dövlət başçısı İlham Əliyev tərəfindən müvəffəqiyyətlə reallığa çevrilməsidir.

Bəxtiyar Nəbiyev,
YAP Yasamal rayon təşkilatının sədri