05 may 2024 10:30
502

Keşişi qabağa verənlər... - ŞƏRH

Bu gün Ermənistan özünün tənəzzül, Azərbaycan isə yüksək inkişaf dövrünü yaşayır. Hətta ölkəmiz regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib. Şübhəsiz, Hayastanın bu vəziyyətə düşməsi onun hələ də təcavüzkar siyasətindən əl çəkməməsi ilə əlaqədardır. Doğrudur, hazırda Nikol Paşinyan Azərbaycanla münasibətləri normallaşdırmaq istiqamətində müəyyən addımlar atmağa çalışır. Elə 2024-cü il aprelin 19-da heç bir vasitəçi olmadan Qazax rayonunun Ermənistan tərəfindən işğal olunmuş  4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı), heç bir güllə atılmadan, itki verilmədən Azərbaycana qaytarılması barədə razılıq əldə edilməsi, delimitasiya və demarkasiya prosesinin bu gün öz axarı ilə getməsi buna misaldır. 

Amma bütün bunlar Xocalı cəlladı kimi tanınan, sabiq prezident Robert Koçaryanın ürəyincə deyil. Elə bu səbəbdən o, aranı yenidən qarışdırmaq fikrinə düşüb. Odur ki, Ermənistanın, ümumiyyətlə, Azərbaycanla hansısa razılığa gəlməsini istəməyən Koçaryan təcavüzkar ölkənin baş naziri Nikol Paşinyanın istefa tələbi ilə gündəmə gələn Azərbaycan torpaqlarının işğalında, soydaşlarımızın qətlində əlində silah iştirak etmiş Tavuş yeparxiyasının lideri, eyni zamanda, iş adamı Baqrat Qalstanyanla (Srbazan) “işbirliyi” quraraq Tavuşun dörd kəndinin sakinlərinin hakimiyyətə qarşı qaldırmağa, daha doğrusu, piyada yürüş etməklə istefa aksiyasını  İrəvana keçirməyə, əsas mübarizəni paytaxt küçələrində aparılmağa cəhdlər edir. Yəni, o bu dəfə əbalı keşişi keçi kimi qabağa verməklə Ermənistanda revanşist əhval-ruhiyyəni gücləndirmək, hakimiyyəti devirmək, öz iyrənc xülyasına qovuşmaq niyyətindədir. Hətta Koçaryan planlarının baş tutacağı təqdirdə Sbrazyanı katalikos postuna gətiriləcəyni  də bildirib. Elə o da buna can atır. Bu prosesdən digər Xocalı qatili, sabiq prezident Serjik Sarkisyan da, sabiq müdafiə naziri Seyran Ohanyan da onları dəstəkləyir. Odur ki, bu məsələdə onların canfəşanlığı heç də Koçaryandan və Baqrat Srbazandan az deyil. 

Amma görünən budur ki, erməni xalqı bir daha onları hakimiyyətdə görmək istəmir. Çünki otuz illik toqquşmadan sonra xalq da başa düşür ki, onun gələcəyi yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər. Başqa sözlə desək,  qonşu ilə normal münasibətlərin kənar dəstəkdən üstün olduğunu anlayıb. Elə bu səbəbdən bu avantüristlərə baş qoşmur. Şübhəsiz, bu məsələdə Preziden İlham Əliyevin koçaryanların, sarkisyanların iç üzlərini açan çıxışları mühüm rol oynayıb. Dövlətimizin başçısı dəfələrlə dünyanın ən ali kürsülərindən əlləri Azərbaycan xalqının qanına bulaşan bu dovşanları – Koçaryan,  Sarkisyanı, Ohanyanı ifşa edib. Hətta onları öz adları ilə çağırıb. Belə ki, dövlətimizin başçısı onları Xocalı soyqırımını törədən cinayətkarlar, hakimiyyətlərini qaniçən, quldur, kriminal xunta rejimi kimi dəyərləndirib. Şübhəsiz, Nikol Paşinyan da onları ram etməkdə özündə cəsarət tapacaq. Bunu da sözgəlişi demirik. Çünki hazırda onun Azərbaycanla münasibətləri normallaşdırmaq üçün siyasi iradə göstərməsi göz önündədir.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyatlar zamanı vaxtilə soydaşlarımıza qarşı soyqırımlar törətmiş və hərbi cinayətlərdə əli olmuş bir qrup separatçı, o cümlədən Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, David İşxanyan artıq Bakıda mühakimə olunurlar. Müharibə canisi, soydaşları¬mıza qarşı çoxsaylı hərbi cinayət¬lərdə birbaşa iştirak etmiş Serjik Sarkisyanın, Robert Koçaryanın, Seyran Ohanyanın gec-tez qolları qandallanıb Bakının həbsxanasına salınacağı uzaqda deyil. Bununla onların da kitabı tam bağlanacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”