06 may 2024 16:30
458

COP29: Dünyanın özü və gözü Bakıda

Ölkəmiz yaşıl enerji və iqtisadi dəyişikliklər sahəsindəki iradəsini və potensialını gücləndirəcək

Bu ilin ən mühüm tarixi hadisəsi, respublikamızın “yaşıl iqtisadiyyat”a keçid strategiyasının məntiqi davamı və hazırkı dövrün əsas müzakirə mövzularından biri olan COP29-a evsahibliyi etməsi respublikamızın beynəlxalq nüfuzu baxımından mühüm önəm daşıyır,  baş verən proseslərə müşahidəçi yox, iştirakçı kimi qoşulduğumuzu dünyaya bir daha nümayiş etdirir.  İki həftə davam edəcək tədbir zamanı Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək. Bununla da  respublikamız həm COP29-a evsahibliyi etməsi, həm də enerji siyasətindəki uğurları və proseslərə diplomatik yanaşması ilə bir daha böhrandan həllə gedən yolda mühüm rol oynayan dövlət adını alması faktını təsdiqləyəcək. 
COP29-un Azərbaycanda keçirilməsi ölkənin davamlı inkişaf və bu sahədə beynəlxalq əməkdaşlığa, eyni zamanda onun, dünya arenasında artan nüfuzunun daha da möhkəmlənməsinə yol açacaqdır.

Hazırda Azərbaycan iqlim dəyişiklikləri ilə fəal mübarizə aparır, müxtəlif təşəbbüslərdə iştirak etməklə ekoloji dayanıqlılıq və ətraf mühitin qorunmasına dair öhdəliklərinə məsuliyyətlə yanaşdığını sərgiləyir: öz enerji mənbələrinin diversifikasiyasına yönəlik işlər gerçəkləşdirir, bərpa olunan enerji mənbələri üzrə layihələrə sərmayə qoyur, biomüxtəlifliyin qorunması və atmosferə tullantıların azaldılması ilə bağlı beynəlxalq anlaşmaların tərəfdaşıdır, regional ekoloji layihələrin iştirakçısıdır. COP29-un ölkəmizdə keçirilməsi Azərbaycana qlobal transformasiya və radikal iqlim düşüncəsi və fəaliyyətinə kritik ehtiyac olduğu bir zamanda maliyyənin təbiət, iqlim və ədalətlə uyğunlaşdırılmasına yönəlik iqlim gündəliyini irəli sürmək və dayanıqlı enerjiyə keçid sahəsində liderliyini nümayiş etdirmək üçün strateji imkan yaradır. Həmçinin mötəbər tədbir “yaşıl” texnologiyalara investisyaların cəlbi və yeni ekoloji məqsədlərə çatmaq baxımından da böyük şansdır.  
Qeyd edək ki, Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının rəqəmsal məlumat platforması da artıq istifadəyə verilib. Azərbaycanın yaşıl keçid strategiyasını və COP29 Sədrliyinin əsas gündəliyini tərənnüm edən internet saytı istifadəçilər üçün məlumatın əlçatanlığı və onları maraqlandıran suallara asan cavab tapmaları prioriteti ilə ərsəyə gətirilmiş, sadə və interaktiv formada dizayn edilmişdir.

Praqmatik xarici siyasətin uğuru

Bu qlobal tədbirin  Azərbaycanda keçirilməsi barədə yekdil rəy beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük ehtiramın və dəstəyin göstəricisidir. Bundan əvvəl Azərbaycanın BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlara uğurla sədrlik etməsi də bu qərarın qəbul edilməsində əhəmiyyətli rol oy¬namışdır. Ölkəmizin beynəlxalq səviyyədə təcrübəsi heç də bununla kifayətlənmir. 2012-ci ildə Avroviziya müsabiqəsi, 2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2022-ci ildə "Texnofest" festivalı, bu ilin oktyabr ayında isə 74-cü Beynəlxalq Astronavtika Konqresinə uğurla evsahibliyi edən ölkəmiz bu sınaqlardan üzüağ çıxmış və turistlərin Bakıdan məmnuniyyətlə ayrılmasına şərait yaratmışdır. O cümlədən COP29-un da Azərbaycanda keçirilməsi yaranan məmnunluqdan irəli gəlir. Evsahibliyinin Birləşmiş Ərəb Əmirliklərindən Bakıya ötürülməsi məqsədyönlü siyasi xəttin nə qədər uğurlu olduğunu bir daha sübut edir. Bu proseslər belə bir əminlik yaradır ki, cənab İlham Əliyevin praqmatik xarici siyasət kursu və müdrik diplomatiyası, çoxtərəfli danışıqlar zamanı qazandığı etibarlı tərəfdaş nüfuzu sayəsində COP29 tarixə, eyni zamanda, regionda sülhə dəstək baxımından uğurlu nəticələrə malik çox əhəmiyyətli beynəlxalq tədbir kimi düşəcək.

“Sağlamlığa Xidmət” İctimai Birliyinin direktoru, “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi, COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, COP29, Azərbaycan üçün sadəcə bir konfrans deyil, həm də ölkənin yaşıl enerji və iqtisadiyyat sahəsindəki iradəsini, potensialını dünya ictimaiyyətinə nümayiş etdirmək imkanıdır. Bu konfrans, Azərbaycanın Qlobal Cənub ölkələri ilə münasibətlərini gücləndirmək, Avropa ölkələri ilə daha sıx əlaqələr qurmaq və ölkənin iqtisadiyyatını neft və qaz hasilatçısı yönümündən azaltmaq istiqamətində əhəmiyyətli addımlar atmaq üçün bir fürsət yaradır.

COP29-un Azərbaycanın sosial həyatına təsiri ilə əlaqədar bir neçə nüanslar...

Təşkilat Komitəsinin üzvünün sözlərinə görə, Azərbaycan, COP29-a ev sahibliyi etməklə yaşıl enerji sahəsindəki fəaliyyətlərinin tanınması və ölkənin bu sahədəki potensialının vurğulanması üçün böyük imkan qazanır. Son illərdə, Azərbaycan enerji strukturlarını çeşidləndirməklə yenilənən enerji mənbələrinə, məsələn, külək və günəş enerjisinə keçid etməkdə ciddi addımlar atmaqdadır. Bu addımlar, Azərbaycanın yaşıl enerji istiqamətindəki iradəsini və potensialını dünya ictimaiyyətinə nümayiş etdirir.
Həmsöhbətimiz diqqətə çatdırdı ki, COP29-un Azərbaycanın sosial həyatına təsiri ilə əlaqədar bir neçə nüans var. Birincisi, ətraf mühitə diqqətin artırılması ilə bağlıdır. COP29 vasitəsilə hər bir ölkə, dənizlərin təmizlənməsi, meşə zolaqlarının qorunması və ya bərpa edilməsi kimi sahələrdə daha effektiv addımlar atmaq imkanına malik olacaq. Bu tədbirlər təbiətin qorunmasına kömək edərək sosial həyatı da sürətlə dəyişdirə bilər və insanların sağlamlığına, təhsilin keyfiyyətinə və ictimai tərəqqiyə təsir edə bilər. İkincisi, yeni növ enerji istifadəsinin təşviqi vasitəsilə iş yaratmaq və sahibkarlığı dəstəkləmək, sosial sahədə ciddi irəliləyişlərə səbəb ola bilər. Bu, yeni iş imkanları yaratmaq, işsizlik səviyyəsini azaltmaq və iqtisadi bərabərlik təmin etmək imkanlarını artırır. 

Bu tədbir Azərbaycanın yaşıl enerji və iqtisadi dəyişikliklər sahəsindəki iradəsini və potensialını gücləndirəcək

Pərvanə Vəliyeva bildirdi ki, COP29 ölkələr arasında əməkdaşlığı gücləndirmək və insan hüquqlarının qorunmasını təmin etmək üçün bir platform kimi fəaliyyət göstərə bilər, bu da sosial qarşılıqlı anlayış və dəstəyi təmin edə bilər.
Vətəndaş cəmiyyəti fəalı qeyd etdi ki, COP29 Azərbaycanın sürətli iqtisadi dəyişikliklərə asan şəkildə uyğunlaşmasında da əhəmiyyətli bir rola malikdir. Azərbaycan iqtisadiyyatının əsasını neft və qazdan qazanır, lakin artıq yeni enerji mənbələrinə keçid etməkdə iradəli addımlar atır. Bu dəyişim, Azərbaycanın dünya siyasətindəki yerini dəyişdirir və ölkəni sürətli iqtisadi və ekoloji dəyişikliklərə asan şəkildə uyğunlaşan bir ölkə kimi göstərir. Bu tədbir Azərbaycanın yaşıl enerji və iqtisadi dəyişikliklər sahəsindəki iradəsini və potensialını gücləndirəcək və dünyara ictimaiyyəti üzərində güclü bir təsir yaradacaqdır.

Yaqut Ağaşahqızı, “İki sahil”