06 may 2024 16:54
447

Azərbaycan sabitlik adasıdır

“Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında müasir çağırışlara, milli maraqlara uyğun reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq olunması və hədəflənən nəticələrin əldə edilməsi, siyasi, hüquqi və sosial-iqtisadi islahatların davamlı olaraq həyata keçirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, müasir dövrdə qloballaşma şəraitində dünyanın bir sıra bölgələrdə mürəkkəb proseslər baş verir. Bəzi ölkələrdə maliyyə-iqtisadi və siyasi böhran hallarına rast gəlinir. Xüsusilə, müxtəlif regionlarda münaqişələrin, müharibələrin mövcud olması qlobal kataklizmlərin mövcudluğundan xəbər verir. Ətraf, yaxın regionlarda da belə mürəkkəb vəziyyət müşahidə olunur. Bu gərginlik isə siyasi kataklizmlərin dərinləşməsini şərtləndirir ki, bu da nəticə etibarilə, həm inteqrasiya və əməkdaşlığı zəiflədir, həm də siyasi münasibətlərdə müəyyən qədər etimadsızlıq mühitinin, ziddiyyətlərin artmasına səbəb olur. Belə olan şəraitdə milli dövlətlərin siyasi sabitliyi və iqtisadi inkişafı təmin etmələri daha çox strateji əhəmiyyət kəsb edir. Bu kontekstdə ölkəmizin təcrübəsi müsbət və mütərəqqi nümunə kimi diqqəti cəlb edir. Yəni, qlobal miqyasda hökm sürən belə bir mürəkkəb şəraitdə Azərbaycan ictimai-siyasi sabitliyin təmin olunduğu, pozitiv beynəlxalq imicə sahib olan ölkələr sırasında aparıcı yerlərdən birini tutur.

Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunur. Ölkəmizin milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Azərbaycanda mövcud olan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Bütövlükdə, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahın yaxşılaşdırılmasında, inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri etibarlı təhlükəsizlik və sabitlik mühitidir. Təsadüfi deyil ki, beynəlxalq reytinq agentliklərinin hesabatlarında da ölkəmizdə hökm sürən etibarlı sabitlik mühiti öz əksini tapır və yüksək qiymətləndirilir.

“Bütün bunlarla yanaşı, ölkəmizin milli təhlükəsizliyi yüksək səviyyədə təmin edilib. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb. Şübhəsiz, hər bir ölkənin milli təhlükəsizliyi müxtəlif istiqamətlərdə təhdid ünsürlərinin neytrallaşdırılması və neqativ faktorlarla mübarizə metodlarının düzgün müəyyənləşdirilməsindən asılıdır. Azərbaycanda milli təhlükəsizliyin təmin olunmasına konseptual yanaşma mövcuddur və təhdid ünsürləri effektiv vasitələrlə neytrallaşdırılmaqdadır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında da ölkəmizdə sabitlik, Prezident İlham Əliyevin siyasətinin xalqımızın tərəfindən birmənalı olaraq dəstəklənməsi dayanırdı. Yəni, xalq-iqtidar birliyi uğurlarımızı şərtləndirən başlıca amillər sırasındadır. İctimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini göstərir”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.