07 may 2024 02:58
407

Şərq ilə Qərbin, ənənə ilə müasirliyin qovuşuğunda

«Sülh və qlobal təhlükəsizlik naminə dialoq» mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu reallığı bir daha beynəlxalq ictimaiyyətə çatdırdı

Azərbaycan hər zaman yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub. Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycan müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirərək ölkələr, xalqlar arasında körpü rolunu oynayır və zaman-zaman bu roluna yeni əlavələr edir. Onu da qeyd edək ki, Azərbaycanda əsrlər boyu bütün dinlərin, xalqların nümayəndələri sülh, mehribanlıq şəraitində yaşayıblar və bu gün də belədir. İctimai-siyasi quruluşdan asılı olmayaraq ölkəmizdə həmişə sivilizasiyalar qovuşub. Azərbaycan beynəlxalq aləmdə ənənələri olan ölkə kimi nüfuz qazanır. Ölkəmizdə olan xarici qonaqlar daim bu fikri ifadə edirlər ki, Azərbaycan müasirliklə qədimliyin sintezini yaradır.

Dövlət başçısı İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda « Həyata keçirilən əməkdaşlıq strategiyasını nəzərə alaraq, Azərbaycanı Şərq və Qərb dünyası arasında ən əhəmiyyətli körpü kimi görürsünüzmü» sualına cavab olaraq bildirdi ki, ən əhəmiyyətli körpü məncə çox təkəbbürlü səslənə bilər. Amma bəli, bu, bir növ mədəniyyətdir: «Mən deyərdim, körpü ona görə ki, yerləşdiyimiz coğrafiya cəmiyyətin həyat tərzinə, əhvali-ruhiyyəsinə mütləq təsir edib. Biz Avropada və dünyanın digər yerlərində olanda özümüzü rahat hiss edirik, çünki Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki sivilizasiyanın, yəni, İslam sivilizasiyasının və Avropa sivilizasiyasının dəyərlərini əhəmiyyətli dərəcədə mənimsəmişdir. Beləliklə, şübhəsiz ki, bu yer bizə nəqliyyat əlaqələrinin qurulmasında fəal olmağı diktə edir, çünki mövqeyimizdən istifadə etməsək, heç kim bizi bağışlamaz. Biz sərmayə qoymağa və tikintiyə başladıq.» Cənab İlham Əliyev bu fikri də xüsusi qeyd etdi ki, təkcə dəmir yolu və limanlar tikmək kifayət deyildir. Biz ölkələr arasında körpülər qurmalıyıq. Çünki bilavasitə qonşu və qonşunun qonşusu ilə yaxşı münasibət qurmasan, heç vaxt tranzit ölkə olmayacaqsan. Beləliklə, Xəzərin şərq sahilində yerləşən ölkələrlə, bir tərəfdən Mərkəzi Asiya ilə, digər tərəfdən isə Gürcüstan, Türkiyə və bir çox Avropa ölkələri ilə güclü əlaqələrimiz var. Rusiya və İranla Şimal-Cənub marşrutu üzrə, habelə Şərq-Qərb qovşağından və əlaqədən danışmağımızın səbəbi budur. Bu qonşulardan yalnız biri ilə problemimiz olsa, bu, işə yaramayacaq və həyatımızı yaxşılaşdıracaqmı? Əlbəttə, yox.

Azərbaycanın tranzit imkanları günbəgün genişlənir. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, Azərbaycanın açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirdi. Təkcə Azərbaycan deyil, bölgə dövlətləri üçün siyasi, iqtisadi, strateji baxımdan böyük əhəmiyyət daşıyan, Çindən başlayaraq Londona qədər uzanan BTQ dəmir yolu vasitəsilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanları yaranır.

Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (TBNM) kimi layihələr təkcə iqtisadi səmərəsi ilə deyil, ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından diqqət çəkir. Böyük İpək Yolunun bərpası istiqamətində davamlı işlər görən Azərbaycan 2005-ci ildə Şimal-Cənub nəqliyyat dəhlizinə də qoşuldu. Beləliklə də, ölkənin Şərq-Qərb (Böyük İpək Yolu) və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa və Asiyanın mühüm nəqliyyat qovşağına çevrilmək imkanları daha da artdı. Azərbaycan yeganə ölkədir ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinin ikisində də iştirak edir. Regionda reallaşan hər bir nəqliyyat layihəsində əsas aparıcı dövlət olan Azərbaycan beynəlxalq əhəmiyyətli dəmir yollarının tikintisi və yenidən qurulmasına böyük əhəmiyyət verir. Yuxarıda haqqında bəhs etdiyimiz BTQ dəmir yolunun tikintisi Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və dəmir iradəsi ilə həyata keçirilib. BTQ dəmir yolu xətti Asiya ilə Avropa arasında ən qısa və rahat yol olub yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox azaltmağa imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın da Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Reallaşan hər bir layihə isə respublikamızın dünya birliyində siyasi, iqtisadi əhəmiyyətini artırmaqla, enerji və nəqliyyat təhlükəsizliyinin təminatındakı rolunun əvəzedilməzliyini göstərir. Prezident İlham Əliyev vurğulayır ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan, gəlir gətirən layihələr həm də başqa ölkələrin iqtisadi inkişafı üçün əlavə imkanlar yaradır: «Lakin uzunmüddətli investisiyalara gəldikdə əsas məqsəd elə bir infrastrukturun yaradılmasıdır ki, o, uzun zaman ərzində fəaliyyət göstərsin və ölkəni dəyişmiş olsun, dünyanın ölkəyə münasibətini dəyişmiş olsun. Çünki bu infrastruktur layihələri olmadan Azərbaycanın coğrafi mövqeyinin bir o qədər də böyük mənası yoxdur. Biz ölkələri və insanları birləşdirməyə nail olmuşuq. Sizə deyə bilərəm ki, nəqliyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır. Bir-birindən asılı olan ölkələr; biri tranzit ölkəsindən asılıdır, digəri tranzit ölkəsi olur, əlbəttə ki, onlar arasında daha yaxın münasibətlər yaranır. Onlar faydaları paylaşır, onlar bütün tərəflərin uduzmadığı bir vəziyyət tapa bilir.”

Təkcə ikitərəfli yox, çoxtərəfli formatda da Xəzər dənizi vasitəsilə qitələrin birləşdirilməsi, Bakıda dəniz limanının tikintisi, dəmir yolu sisteminin Avropa strukturları ilə birləşməsi yeni əməkdaşlıq formatını yaradır. Hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir.

Şərq-Qərb nəqliyyat dəhlizi layihəsinin fəal üzvü olan Azərbaycan Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü daim dəstəkləyir, qonşu ölkələrin qlobal layihələrə qoşulmaq istəklərini yüksək dəyərləndirir. Çünki Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir ki, infrastrukturun yenilənməsi ilə Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanı respublikamızın ərazisindədir. Başqa sözlə deyilsə, Avropa və Asiya arasında əlaqə yaradan Bakı-Tbilisi-Qars dəmir yolu əraziləri yaxınlaşdırmaq istəyənlər üçün ən səmərəli yoldur. Asiya və Avropanı birləşdirən yeni marşrutların keçdiyi əsas ölkələr arasında Azərbaycanın ön sıralarda yer aldığı təsadüfi deyil. Dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən biri olan, ixrac həcminə görə beynəlxalq reytinq cədvəlində ilk pillədə qərarlaşan Çinin Avropa, eləcə də Qara dəniz, Aralıq dənizi hövzəsində yerləşən ölkələrlə nəqliyyat xətləri vasitəsilə birləşməsində Azərbaycan getdikcə daha vacib rol oynayır. Burada o da xüsusi qeyd edilməlidir ki, Azərbaycanın malik olduğu nəqliyyat infrastrukturu, o cümlədən dəmir yolları Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün vacib hissəsidir. Hadisələrin inkişafı Zəngəzur dəhlizinin də həyati əhəmiyyət daşıdığını göstərir. Zəngəzur dəhlizi regionda yeni nəqliyyat imkanları yaradacaq, Bütün bunlar Azərbaycanın Avropa ilə Asiya arasında ticari-iqtisadi əlaqələrdə nə dərəcədə vacib rol oynadığını əyani şəkildə təcəssüm etdirir.

Bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Bunu həm Azərbaycan vətəndaşları görür, eyni zamanda, ölkəmiz beynəlxalq təşkilatların reytinqlərində daim yüksək yerlər tutur. Təkcə Davos Dünya İqtisadi Forumunun hesabatına baxmaq kifayətdir ki, hər kəs bu sahədə çox ciddi islahatlar aparıldığını, Azərbaycanın reytinqlərə görə dünya miqyasında qabaqcıl yerlərdə dayandığını görsün. Ölkəmiz avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik. Bu yüksək yerləri əldə etmək böyük səylər, düşünülmüş siyasət tələb edirdi. Nəqliyyat infrastrukturuna qoyulan vəsait yeni vəziyyət yaradıb. «Nəqliyyat sahəsinə qoyulmuş vəsait bu gün ölkəmizin iqtisadi, xüsusilə qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, çünki yol olmayan yerdə inkişaf da olmur. Dəmir yolları olmayan yerdə heç bir tranzit imkanından söhbət gedə bilməz: «Ona görə biz, ilk növbədə, ölkə daxilində infrastrukturu tamamilə yenidən qurduq. Eyni zamanda, ölkəmiz üçün çox vacib olan və uzunmüddətli inkişaf strategiyamıza uyğun olan tranzit imkanları da yaratmışıq.»

Son üç ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması prioritet olsa da , digər regionlarımızın da dayanıqlı inkişafının təmin edilməsi üçün davamlı addımlar atılır. Azərbaycan ərazisindən keçən yolların çoxşaxəli olması imkanlarımızı böyük dərəcədə artırır. Hava nəqliyyatına gəldikdə isə Heydər Əliyev Beynəlxalq Aeroportu MDB məkanında birinci yerdədir. «Mənim göstərişimlə digər şəhərlərimizdə inşa edilmiş hava limanları bizim nəqliyyat potensialımızı böyük dərəcədə gücləndirir» söyləyən cənab İlham Əliyev diqqəti işğaldan azad edilmiş ərazilərimizdə tikilən Beynəlxalq Hava limanlarına yönəldir. Artıq 2021-ci ildə Füzuli, 2022-ci ildə isə Zəngilan Beynəlxalq Hava limanlarının açılışı oldu. Üçüncü Beynəlxalq Hava Limanı isə Laçın rayonu ərazisindədir və 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Bu Beynəlxalq Hava limanları Azərbaycanın dünya birliyində roluna, möhkəmlənən mövqeyinə aydınlıq gətirir. Beynəlxalq status almış bu hava limanları işğaldan azad edilmiş ərazilərimizin turizm imkanlarından istifadəyə geniş imkanlar açacaq. 

Bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir. Eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar səviyyəsində sərmayələr artıq bizim qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. Dövlətimizin başçısı İlham Əliyev onu da bildirir ki, nəqliyyat sektoruna qoyulan sərmayələr 1-2 ilə, hətta 5-10 ilə geri qayıdan sərmayələr deyil. Bu, uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün qoyulub.

Ölkəmizin bugünkü reallıqları fonunda bu fikri də böyük inamla qeyd edə bilərik ki, qlobal çağırışların, yüksək rəqabət gücünə malik, bazar münasibətlərinə əsaslanan dayanıqlı iqtisadiyyatın inkişafını, idarəetmə strukturlarının yeni, müasir modellər əsasında formalaşmasını, qeyri-neft sektorunun genişləndirilməsini, nəqliyyat, tranzit və logistika infrastrukturunun, insan kapitalının təkmilləşdirilməsini, sosial-müdafiə sisteminin gücləndirilməsinı şərtləndirən amillərin əks olunduğu İnkişaf Konsepsiyasının tətbiqi ilə qüdrətli dövlətə çevrilən Azərbaycanı dünyada tanıdan inkişaf modeli özünü doğrultdu. Konkret konseptual proqramlar, düşünülmüş ictimai rəy, vətəndaş təklifləri əsasında hazırlanan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi bölgələrin simasını dəyişmiş, infrastruktur yenilənmiş, şəhərlə kənd arasındakı fərq minimuma endirilmiş, demoqrafik tarazlıq təmin olunmuşdur. Həyata keçirilən və dövlətin daim nəzarətində olan təşəbbüslərin həllində yeganə məqsəd ölkəmizin iqtisadi qüdrətini artırmaq, dünya iqtisadi sistemində mövqeyini möhkəmləndirmək, xarici investisiyaların Azərbaycana cəlbini sürətləndirməkdir. Mühüm əhəmiyyətli islahatların və layihələrin tətbiqi ilə dünya birliyində islahatçı ölkə kimi tanınan, təşəbbüsləri beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən və yüksək dəyərləndirilən Azərbaycanın reytinqi ildən-ilə yüksəlir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də də möhkəm iqtisadi təmələ əsaslanan ölkəmizdə qarşıdakı on il üçün görüləcək işlər, icra mexanizmi tam aydınlığı ilə göstərilib. Qarşıdakı illərdə həyatımızın bütün sahələrinə bələdçilik edəcək sənəddə qüdrətli dövlət, yüksək rifah cəmiyyətinin inkişafı naminə müəyyənləşdirilən vəzifələr elmi cəhətdən təhlil edilir.

İşğaldan azad edilmiş ərazilərin bərpası, erməni vandalları tərəfindən dağıdılmış yaşayış məskənlərinin müasir şəhərsalma qaydalarına uyğun görkəmə salınması, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaqla, nəzərdə tutulan vəzifələrin həlli Azərbaycanın inkişafına böyük təkan verəcək. Şərqlə Qərb arasında körpü olan Azərbaycanın sivilizasiyalararası dialoq mərkəzinə çevrilməsi üçün yeni istiqamətlər artıq bəllidir. Sənəddə qeyd olunduğu kimi, mərhələ üzrə həyata keçiriləcək vəzifələr 2030-cu ilə qədər Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə, qüdrətli dövlətə çevrilməsinə etibarlı zəmanətdir. Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü olması nəzərə alınmaqla müəyyənləşdirilən prioritetlərdə ölkə vətəndaşlarının rifah səviyyəsinin artırılmasına, yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə əsaslanan yeniliklərə xüsusi diqqət yetirilir. Hazırda dövlətimizin qarşısında duran ən mühüm məsələ işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın tam təmin olunmasıdır.

Regionlarımızda, o cümlədən azad edilmiş ərazilərdə qısa müddətdə yaşayış üçün münbit şəraitin formalaşdırılması, həyata keçirilən infrastruktur layihələri – yolların, dəmir yolu xətlərinin, energetika sisteminin bərpası, yeni beynəlxalq hava limanlarının inşası iqtisadi inkişafın sürətləndirilməsi və əlverişli investisiya mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir. Dövlət əlverişli biznes mühiti yaratmaqla bütün bölgələrdə iqtisadi inkişafın dayanıqlılığını möhkəmləndirir. Ölkəmizin tranzit imkanları əməkdaşlıq əlaqələrinin genişləndirilməsində əsasdır.

Qeyd etdiyimiz kimi, Azərbaycanın tranzit imkanlarının artması əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsində əhmiyyətli rol oynayır. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri də birləşdirici rola malikdir. Öncə regional çərçivədə başlayan əməkdaşlıq əlaqələrinin zaman keçdikcə coğrafiyası daha da genişlənir. Artıq bu gün çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən
Cənub Qaz Dəhlizinin perspektivləri, onun tərkib hissəsi olan TANAP-ın və TAP-ın genişləndirilməsinin vacibliyi məsələsi gündəmə gətirilib. ABŞ-ın Corc Meyson Universitetinin Sülh və Münaqişələrin Həlli üzrə Cimmi və Rozalin Karter Məktəbinin dekanı, professor Alpaslan Özerdem VI Ümumdunya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında bildirib ki, Prezident İlham Əliyev uzaqgörən lider, mədəniyyətlərarası dialoqun və multikulturalizmin qlobal carçısıdır. 2008-ci ildə Prezident Əliyev müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun və əməkdaşlığın gücləndirilməsi üçün məxsusi təşəbbüsü – “Bakı Prosesi”ni irəli sürdü. Bu cür uzaqgörən yanaşma sərhədləri aşaraq və parçalanmanı aradan qaldıraraq millətlər arasında da daha böyük anlaşma və qarşılıqlı hörmətə yol açdı.

Azərbaycan hər zaman yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edir. Mövcud əməkdaşlığın isə yeni prioritetlər üzrə inkişafına səy göstərir. Daim bu çağırış da edilir ki, səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması hədəflərə zamanında və yüksək səviyyədə nail olmağa əsas verir. Yeni körpülərin yaradılması qarşılıqlı etimadın və birliyin daha da möhkəmləndirilməsini bir zərurət kimi qarşıya qoyur. Azərbaycanın körpü rolu bütün sahələri əhatə edir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, təkcə dəmir yolu və limanlar tikmək kifayət deyil.

Yeganə Əliyeva, «İki sahil»