07 may 2024 12:44
228

Sertifikatlaşdırma müəllim peşəsinin nüfuzunu qaldırmaq baxımından önəmlidir- Nazir

Müəllimin hazırlıq səviyyəsi nə qədər yüksəkdirsə, sistem də o qədər güclüdür. Bu baxımdan müəllimlərin bacarıq səviyyəsini artırmalıyıq.

“İki sahil” xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir deyib ki, sertifikatlaşdırmanın məqsədi şagirdin qarşısına hazırlıqlı kadr çıxarmaqdır:

“Eyni zamanda, digər məqsəd bacarıqlı, hazırlıqlı, özünün biliyi ilə digər həmkarlarından seçilən müəllimə daha yaxşı əməkhaqqı verməkdir. Bizim 4 müəllimimizdən biri sertifikatlaşdırmadan keçəndə öz əməkhaqqına 35 faiz əlavə alır, digərlərinin əməkhaqqına isə 10 faiz əlavə tətbiq edilir. Bu prosesdə 90 faiz müəllim sertifikatlaşdırmadan uğur əldə edir. Bununla yanaşı, sertifikatlaşdırmadan iki dəfə kəsilən müəllimin işinə xitam verilir”.

Nazirin sözlərinə görə, burada güzəştdən, mərhəmətdən, başqa alternativ yol tapmaqdan söhbət gedə bilməz:

"Biz bu mübahisəni axıra qədər etməyə hazırıq. Bəzən bu məsələdə sanki müəllimləri nüfuzdan salırmışıq kimi fikirlər irəli sürülür. Əksinə, bu işin mahiyyəti ondan ibarətdir ki, minlərlə, on minlərlə müəllimimiz daha artıq əməkhaqqı alaraq daha yaxşı həyat yaşasın. İkincisi, sertifikatlaşdırma bu peşənin nüfuzunu qaldırmaq baxımından önəmlidir ki, təsadüfən o peşəyə gəlmiş adamlar müəllim adını daşımasınlar. Bizim müəllim adını şərəflə daşıyan, öz işini layiqincə yerinə yetirən şəxslərlə heç bir problemimiz yoxdur. Lakin hazırlığı olmadan şagirdin qarşısına çıxaraq onun gələcəyini əlindən alanlarla problemimiz var”.

Emin Əmrullayev əlavə edib ki, bir ibtidai sinif müəllimi orta hesabla hər 4 ildən bir 20 şagird hazırlayır:

“Həmin müəllim 20 illik fəaliyyəti dövründə 5 sinif təhvil verirsə, bu, 100 uşaq deməkdir. 1000 belə adam 100 min adamı hazırlayır. 100 min uşağa keyfiyyətli müəllim verə bilmiriksə, deməli, onların hüququnu pozur, gələcəyini əllərindən alırıq. Buna etiraz edənlərin də bu mənada heç bir haqqı yoxdur. Buna görə biz bu məsələdə israrlıyıq və hesab edirik ki, etdiyimiz də düzgündür”.