07 may 2024 23:57
293

İgid döyüşçü

İkinci Qarabağ müharibəsində tarix yazan ordumuzun sıralarında yağıya qan udduran  Vüsal Əlifağa oğlu Muradovun xüsusi yeri vardır.  Vətənin dar günündə dadına çatan, mərdliklə döyüşüb canını ona qurban verəndə Vüsal  ömrünün 35-ci ilini yaşayırdı. Qərinələr ötər elə bu yaşda  qalmaqla   milyonların ürəyində yurd-yuva quracaq.   Eləcə  qəhrəman   Vətən oğlu özü cismən olmasa da, qısa, lakin müqayisə olunmaz   həyat yolu gələn nəsillərə örnək olacaq. Vətəni  necə sevməyi, torpağı  qorumağı ondan öyrənərlər.  Vüsalın özündən sonra xalqına, elinə əmanət qoyduğu   Vüsalə, Yusif, Qəmər və Natiq  adlı övladlar var. Onlar üçün  Vətən hər şeydən üstün, hər şeydən qiymətli olacaq. Həmçinin Vüsal Muradovun ölümündən sonra dövlət tərəfindən təltif olunduğu,  ağır müharibə meydanında göstərdiyı şücaət və rəşadətini özündə yaşadan   “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin, Cəbrayılın  azadlığına görə medalları onun yadigarları sırasında yer alıb.

Vüsal Muradov  1985-ci ildə Cəlilabad rayon, Babaxanlı kəndində dünyaya göz açıb. Uşaqlıqdan Vətənin müqəddəsliyinə tapınan, onu   ürəkdən sevən Vüsal  özünü biləndən Qarabağı işğal edən erməni dığalarına qarşı  barışmaz  mövqe ortaya qoyub. Orta məktəbi bitirib  yağ düşməndən qisas almaq, torpaqları azad etmək istəyi Vüsalı ordu sıralarına aparıb. Vətənə olan borcunu cəbhə bölgəsində yerinə yetirib.  İgidliyi mərdliyi, dürüstlüyü  ona əsgərlərin, zabitlərin hörmətini  qazandırıb. Vətən torpağının  düşmən tapdağı altda  qalması onu narahat edib. Onun azadlığı naminə  Vüsal həmişə döyüşə can atıb. Müqəddəs amalı  isə Qarabağın azadlığı,  xalqın xoş gələcəyi olub.

Vüsal layiqli övlad kimi ordudan tərxis olunur, amma düşməndən alacağı öcü qalır.

Bir müddət evdə olduğu vaxt dinc əməkdən yapışıb.  Xalqın ağrı-acılarını, yurd təəssübkeşliyini  ürəyindən keçirdən gənc canına yağı dadanmış  Vətənin qisasını almaqdan ötrü  yenidən orduya qayıtmaq və  döyüşçü  olmaq istəyib.  Bu məqsədlə TTM-də piyada döyüş maşının mexanik-sürücü kursunu bitirib.  2007-ci ildən MAXHQ kimi   əyninə  forma geyinim özünü hərbiyə bağlayıb.  İçdiyi andda belə olub:” Vətən torpağı azad olmamış  silahı yerə qoymaram!”  

Köksündə Vətən məhəbbətini gəzdirməklə  Vüsal böyük həvəslə ona tapşırılan işləri yerinə yetirib. Hərbi texnikanın sirlərinə  tez, mükəmməl yiyələnib. Eləcə təlimdən-təlimə  bərkiyib, mərdlik, cəsurluq nümunəsi göstərib. Onun bu kimi keyfiyyətləri  gənc əsgərlərdə   doğma Azərbaycana məhəbbət,  işğalçı  erməni dığalarına nifrət hissi yaradıb.  Vüsal  onu da dərk edib ki, havadarlarin  hesabına təcavüzkar  düşmən nə qədər güclü olsa belə,  tezliklə haqqın, ədalətin qarşısında  cavab verəcək. Qarabağımız  yenidən canlanar,  insanlar öz doğma yurdlarında  azad, firavan yaşayar.  Bütün bunlara görə ulu yurdun oğlu hər an  düşmənlə ölüm-dirim savaşa getməyə, Vətənin sağ olması üçün canını verməyə  tam hazır durub.

Vüsalın yağı düşmənlə   üz-üzə gəldiyi birinci ağır    döyüşü 2016-ci ilin Aprelin  əvvəllərində olub.  Bu qanlı savaşda- Lələ-təpənin alınmasında  misilsiz şücaət göstərib. Düşmənin çoxlu sayda canlı  qüvvəsini məhv edib, hərbi texnikasını sıradan çıxardıb. Lələ təpədə  üçrəngli qələbə bayrağımızı yüksəldən qeyrətli oğulların önündə  gedib. İkinci Qarabağ müharibəsi başlananda da birincilər sırasında getməklə yağıya ilk sarsıdıcı zərbəni məhz Vüsal vurub. Ölümə meydan oxumaqla Füzuli döyüşlərində  düşmənə, sözün əsl mənasında, qan uddurub. Vətən sevdalı ürəyi düşmən gülləsinə tuş gəlsə də, göstərdiyi hünərlə adını tarixə yaza bilib. Onun torpağa tökdüyü qızıl qan qələbə bayrağımıza dönüb. İgid döyüşçü torpağı Vətən etməklə əbədiyyət adlı dünyasına qovuşub...

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü