07 may 2024 15:28
392

Əbədiyaşar lider Heydər Əliyev

Müasir,müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının böyük oğlu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, Azərbaycanda milli özünüdərk prosesinin başladıcısı və idarəedicisi Ulu öndər Heydər Əliyevin Azərbaycan  xalqı və dövlətçiliyi qarşısındakı əvəzsiz xidmətləri çoxəsrlik tariximizin ən şanlı səhifələridir. Ulu Öndər hansı siyasi quruluşda fəaliyyət göstərməsindən asılı olmayaraq, onun bütün fəaliyyətinin əsasını xalqımızın parlaq gələcəyinin, qüdrətli bir dövlət kimi Azərbaycanın milli müstəqilliyinin əbədiliyinin təmin edilməsi təşkil etmişdir.

Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımıza ləyaqətlə xidmət etmiş, bütün güc və bacarığını Azərbaycan xalqının rifahına və milli dövlətçilik ideyalarının gerçəkləşdirilməsinə yönəltmişdir. O, özünün həyat amalı haqqında danışarkən demişdir: "İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız Sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib".

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar daim Ulu Öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətin müasiri olmaqdan qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. O vaxta kimi Azərbaycan adlı respublika nəinki dünya, hətta ittifaq miqyasında o qədər də tanınmırdı. Halbuki respublikamız ittifaqda zəngin yerüstü, yeraltı sərvətləri ilə seçilib. Amma respublikamızın adı ucqar milli əyalətlərdən biri kimi çəkilirdi. Məhz 1969-cu ilin tarixi iyul plenumunda Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Qısa vaxt ərzində onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edilib, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib.Həmin illəri xarakterizə edən  Ulu Öndər Heydər Əliyev - “Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır”  -deyə bildirmişdir.

Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider olan Heydər Əliyevlə bağlı olmuşdur.Mürəkkəb bir vəziyyətdə, 1993-cü ilin yayında Ulu Öndər xalqın çağırışı ilə ikinci dəfə respublika rəhbərliyinə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasını “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş Sovetlər Birliyindən miras qalmış rejimlə daban-dabana zidd olan demokratik-hüquqi dövlət yaratmağı bacardı.

Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu bildirən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi. Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzüldə olan dövlətdən inkişaf edən ölkəyə çevirdi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək, gələcək inkişafa hesablanmış neçə- neçə layihənin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün beynəlxalq nüfuzu artmağa, iqtisadiyyatın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayə yatırılmağa başlanıldı.

1994-cü ilin may ayında atəşkəsə gedərkən Heydər Əliyevin başlıca məqsədi ordu qurmaq, bərbad halda olan ölkənin inkişafının yolunu tapmaq, fəal xarici siyasət yürüdərək tərəfdaşlar qazanmaq və əraziləri işğaldan qurtarmaq üçün etibarlı zəmin hazırlamaq idi. Ölkənin inkişafının yolunu müəyyənləşdirən Heydər Əliyev 1994-cü il sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla Azərbaycan tarixində ilk dəfə olaraq təbii sərvəti – nefti milli sərvətə çevirdi. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Böyük İpək yolunun, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin və digər layihələrin təməli qoyuldu.Millət qarşısında Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri özünün başa çatdıra bilmədiyi işləri həyata keçirmək, ən başlıcası, işğal altında qalan torpaqları azad etmək zəkasında, qüdrətində və qətiyyətində olan davamçısını – İlham Əliyevi yetişdirmək oldu.

Azərbaycanın hərtərəfli modernləşməsi, vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər Ulu Öndərin qoyduğu yolun davamının parlaq təzahürüdür. Dinamik sosial-iqtisadi inkişaf, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin davam etdirilməsinin, ideyalarının yaşamasının nəticəsidir. Bu yüksəliş Heydər Əliyevin həm də uzaqgörən bir strateq olaraq müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.Ən əsası, Prezident İlham Əliyev bu gün müstəqil Azərbaycan dövlətinin qarantı missiyasını daşıyır. Bu göstərici Azərbaycanın qısa müddət ərzində iqtisadi inkişaf tempinə görə dünyada liderə çevrilməsi faktıdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi enerji-kommunikasiya, nəqliyyat layihələrinin əsas iştirakçısı statusunda çıxış edən ölkəmiz Avropa regionunun enerji təhlükəsizliyi missiyasını öz üzərinə götürübdür. Azərbaycanda demokratiyanın təntənəsi, qanunların aliliyi, haqqın, ədalətin zəfəri bugünün gerçəkliyidir.Beləliklə, ötən 20 ildə Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunun varisliyini təmin edə biləcək alternativsiz siyasi lider olduğunu təsdiqləmiş, ictimai inamı tam doğrultmuşdur. Dövlət başçısının fəaliyyətinin üstün cəhəti məhz bundan ibarətdir ki, o, mövcud gerçəklikləri obyektiv şəkildə qiymətləndirməyi, milli maraqlar naminə cəsarətli addımlar atmağı, yaranmış ekstremal şəraitdə ən optimal qərarlar qəbul etməyi, ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşmağı bacarır.Azərbaycan xalqı dövlətimizin əldə etdiyi bütün uğurlara görə Ulu Öndər Heydər Əliyevə minnətdardır. Xalqımız Ümummilli Liderə həm də ona görə minnətdardır ki, İlham Əliyev kimi lideri bizə bəxş etdi. Çünki məhz İlham Əliyevin sayəsində bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu gün bütün dünya Azərbaycana qibtə edir, uğurlarımız, qələbələrimiz heyranlıqla qarşılanır. Xüsusilə 44 günlük Vətən müharibəsindəki tarixi zəfərimiz Azərbaycanı bütün dünyaya qalib ölkə, xalqımızı isə qəhrəman xalq kimi tanıtdı. Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratmışdır.Artıq dörd ildir böyük qürurla bəhs etdiyimiz tarixi zəfərimiz və onun əsasında işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri böyük səylərin, qətiyyətin, dəyişməz mövqeyin, ümumiləşdirilmiş şəkildə qeyd etsək, ədalətə və beynəlxalq hüquqa əsaslanan müstəqil siyasətin nəticəsidir.Böyük tariximizdə Prezident İlham Əliyev bir çox ilklərə imza atdığı kimi, bu savaşda da bir ilk yaratdı. Qazandığı qələbə ilə Prezident İlham Əliyev Azərbaycan xalqını məğlub xalqdan qalib xalqa çevirdi, millətin başını uca etdi, özünə inam, güvən yaratdı, gələcək nəsillərə örnək verdi. 44 günlük müharibə və bir gün davam edən antiterror əməliyyatları nəticəsində Azərbaycan xalqı bilavasitə Prezident İlham Əliyevin müdrik dövlət rəhbərliyi, planetar təfəkkürü, diplomatik-siyasi ustalığı və sərkərdəlik məharəti nəticəsində dünyanın hər bir yerində özünə güvənərək qalib millət kimi qürur hissi ilə addımlayır. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən qurulan güclü Azərbaycan Respublikası dövlətini yeni şəraitə uyğun olaraq müasirləşdirərək qələbəni təmin etdi. Ən çətin və mürəkkəb şəraitdə bizi qələbəyə gətirən millət və dövlət birliyimizin baş memarı məhz Prezident İlham Əliyevin sarsılmaz iradəsi, qətiyyəti oldu. Millətimiz və dövlətimiz mövcud olduqca qalacaq bu böyük əsərin memarı Prezident İlham Əliyevdir.Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursunu daha da zənginləşdirən Prezident İlham Əliyevin siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi, titanik işgüzar keyfiyyətləri, ən əsası isə, xalqa olan dərin məhəbbəti, vətənpərvərliyi müstəqil Azərbaycan dövlətinin gələcək inkişafına təminat verən yeganə amildir. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti bundan sonra da böyük inkişaf yolu keçəcək,Ulu Öndər Heydər Əliyevin bütün arzularını gerçəyə çevirəcəkdir.Beləliklə, Azərbaycanda gedən inkişaf prosesləri bir reallığın obyektiv dərkidir ki, ölkənin daha da qüdrətlənməsinin, dövlətçiliyimizin, müstəqilliyimizin əbədiliyinin yolu məhz hər sahədə Heydər Əliyev kursunun davam etdirilməsindən,Ulu Öndərin ideyalarının gerçəkləşdirilməsindən keçir.

Bəli, Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlərin öz başlanğıcını Heydər Əliyevin ideyalarından götürdüyü bütün xalqımız, hər bir azərbaycanlı tərəfindən birmənalı olaraq qəbul edilir. Mənsub olduğu xalqın tarixi taleyinə məsuliyyəti öz üzərinə götürmək siyasi liderdən təkcə böyük hünər, cəsarət və müdriklik deyil, həm də dəqiq hədəflər və onlara çatmaq üçün mükəmməl fəaliyyət proqramı tələb edir. Müstəqil Azərbaycanın uğurları, nailiyyətləri Ulu Öndər Heydər Əliyevin məhz belə qüdrətli siyasi lider olduğunu sübuta yetirməklə, onun əziz xatirəsini və zəngin dövlətçilik irsini əbədiləşdirir. Öz xalqının önündə addımlamaq, onu ən çətin sınaqlardan keçirmək,  gələcəyi üçün möhkəm bünövrə yaratmaq missiyasını şərəflə yerinə yetirən bu dahi şəxsiyyətin daim yaşayan və zənginləşən irsi tükənməz milli sərvətimizdir.Vaxt ötəcək,aylar,illər əsrlər keçəcək, nəsillər dəyişəcək, dünyada müxtəlif hadisələr cərəyan edəcək, Azərbaycanda bir ad hörmətlə, ehtiramla xatırlanacaq və ürəklərdə əbədi yaşayacaq - Heydər Əliyev!

Seyfəddin Əliyev,

YAP Masallı rayon təşkilatının sədri