08 may 2024 10:32
232

Su hövzələrində davranış qaydaları barədə tədbirlər keçirilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən su hövzələrində davranış qaydaları barədə peşə təhsili müəssisələrində silsilə maarifləndirmə tədbirləri keçirilib.

"İki sahil" FHN-ə istinadən xəbər verir ki, Nazirliyin regional mərkəzlərinin əməkdaşlarının iştirakı ilə İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində və Neftçala Peşə Məktəbində maarifləndirmə tədbirləri təşkil olunub.

Tədbirlərin keçirilməsində məqsəd su hövzələrində davranış qaydaları barədə sözügedən təhsil müəssisələrinin kollektivinə müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə suda batan insana ilk yardım, suda boğulmanın başvermə səbəbləri və bu zaman zəruri davranış, çimərliklərdə təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib. Tədbirlərdə, həmçinin ilk yardım qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.