08 may 2024 10:35
223

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər 

2020-ci il atəşkəs bəyanatında nəzərdə tutulduğu kimi, Zəngəzur ərazisindən birgə avtomobil və dəmir yolu çəkilə bilər.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Almaniyanın “ZEIT” qəzetinə açıqlamasında deyib.

O qeyd edib ki, bu dəhliz vasitəsilə Ermənistan təcrid vəziyyətindən çıxa bilər, tranzit haqlarını toplaya və Türkiyə ilə münasibətlərini yaxşılaşdıra bilər.

Ermənistanın bu təklifi rədd etmə ehtimalına gəldikdə E.Əmirbəyov qeyd edib ki, İran vasitəsilə də avtomobil və dəmir yolu çəkilə bilər ki, bu, Zəngəzur dəhlizindən cəmi on kilometr uzun olar.

E.Əmirbəyov ermənilərin narahatlığını absurd hesab edib.

Qəzetin yayımladığı materialda bildirilib ki, Ermənistan ərazisinə düşən torpaq zolağının uzunluğu cəmi 34 kilometrdir və Azərbaycanı öz eksklavı olan Naxçıvandan ayırır. E.Əmirbəyov bunun üçün müharibə ehtimalı ilə bağlı suala cavabında bunun qətiyyən olmayacağını vurğulayıb. Onun sözlərinə görə, ölkələr arasında hərbçilərin mübadiləsi də müsbət tendensiyadır və bu, həm də Bakı ilə İrəvan arasında etimadın möhkəmlənməsinə xidmət edir.