08 may 2024 11:44
229

Azərbaycan gəncliyi milli mədəniyyətimizin daşıyıcısıdır

Hər bir xalqın mədəniyyətinin qorunub saxlanması və inkişaf etdirilməsində gənc nəsil müstəsna rol oynayır. Bu rolu layiqincə yerinə yetirmək üçün  gənclər ilk növbədə öz xalqının mədəniyyət tarixini və nəzəriyyəsini mükəmməl bilməlidir. Azərbaycan mədəniyyəti dünya xalqlarının mədəniyyətləri sırasında həm qədimliyi, həm zənginliyi və həm də çoxşaxəliliyi ilə seçilir. Etiraf olunmalıdır ki, bu gün xalqımızın mədəniyyətinin və incəsənətinin dünyada tanıdılmasında və təbliğ olunmasında Azərbaycan gəncliyinin böyük xidmətləri vardır. Məlumdur ki, mədəni irsin inkişafı və təbliği səviyyəsi nə qədər yüksək olarsa, həmin irsə sahib olan cəmiyyətin mədəni səviyyəsi də bir o qədər yüksək olar. Eyni zamanda mədəniyyət cəmiyyətdə vətənpərvərlik və milli həmrəylik hisslərinin güclənməsində, milli özünüdərkin formalaşmasında əvəzsiz rol oynayır. Təbii ki, ictimai münasibətlərin də məhz mədəniyyətlə bağlı olan sahəsi daha geniş olması ilə səciyyələnir. Başqa sözlə desək, mədəniyyət insanlararası münasibətlərin bütün formaları üzərinə yayılaraq bu münasibətləri xarakterizə edən mühüm keyfiyyət göstəricisi funksiysını icra edir.

Müasir gənclik mənsub olduğu mədəniyyəti təbliğ etmək baxımından bir çox yeni texnoloji imkanlara malikdir. Əlbəttə ki, bura facebook, twitter, instagram və digər bu kimi sosial şəbəkələrdə açılan imkanları da aid etmək lazımdır. Məhz bu səhifələrdə kiçik həcmli audio-vizual məlumatları paylaşmaqla əslində çox böyük informasiya mübadiləsinə nail olmaq mümkündür. Bu imkanlardan mədəniyyətimizin və incəsənətimizin təbliği üçün istifadə etmək hər bir gəncin borcudur.

Gənclər bu gün xarici ölkələrə səyahət hallarını da təbliğat imkanı kimi dəyərləndirə bilərlər. Belə səfərlərə özləri ilə mədəniyyətin müxtəlif sahələrinə aid nümunələr götürməklə xarici ölkə vətəndaşlarının mədəniyyətimiz haqqında daha dərindən məlumatlandırmaq olar.

Azərbaycan gəncliyi tariximizin müxtəlif mərhələlərində aparıcı ictimai-siyasi qüvvə kimi çıxış edib. Bu faktı da  danmaq olmaz ki, Azərbaycan dövləti ölkəmizdə gənc nəslin inkişafı üçün hər bir şəraiti yaradıb, gəncliyin qarşısında unikal imkanlar açıb. Bu gün müasir gənliyimizin qarşısında duran əsas vəzifələrdən biri də açılan imkanlardan maksimum yararlanaraq, Azərbaycan mədəniyyətinin inkişafına və dünyada daha çox tanıdılmasına töhfələr verməkdən ibarətdir.

 Zaman Məmmədli,

BSU-nun tələbəsi