08 may 2024 16:17
275

Milli qəhrəmanlar Albert Aqarunov və İlqar Mirzəyevin xatirələri yad edilib

Azərbaycanın Milli qəhrəmanları Albert Aqarunov və İlqar Mirzəyevin xatirələrinə həsr olunan anım mərasimləri keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. MN-in bir qrup hərbi qulluqçusu, Vətən müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri, Milli qəhrəmanların ailə üzvləri və döyüş yoldaşları igidlərimizin məzarlarını ziyarət edib, üzərlərinə gül dəstələri düzüblər.

Anım mərasimlərində əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər şəhidlərimizin şərəfli həyat yolundan, döyüş əməliyyatlarında göstərdikləri şücaət və igidlik nümunələrindən danışıblar. Qeyd olunub ki, şəhidlərimizin xatirələri xalqımızın yaddaşında əbədi yaşayacaq, igidlərimizin qəhrəmanlığı gənc nəslə örnək olacaqdır.

Milli qəhrəmanların ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirələrinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.