09 may 2024 02:58
354

Erməni kilsəsi müharibə və qan istəyir...

Görünən odur ki, Ermənistanda yaşanan son proseslər əsrlərdən bəri bu cəmiyyətdə hakim olan təhlükəli ideyaların hələ də qüvvədə olduğunu, kilsənin reallıqdan uzaq durmaqda israrlı olduğunu və ən pisi - qonşu ölkədə gərginliyi maksimum həddə çatdırmaq niyyətindən əl çəkmədiyini göstərir

Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Belə ki, erməni Qriqoriyan kilsəsi Ermənistan hakimiyyətinə qarşı açıq müharibəyə başladığını elan edib. Radikal müxalifət və bəzi kənar qüvvələr də kilsənin bu addımını dəstəkləyir və onlara yardım göstərir. Günlərdir ki, Ermənistanın Tavuş vilayətindəki radikallara rəhbərlik edən Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan Tavuşdan İrəvana yürüşə başlayıb və yürüşün mayın 9-da İrəvana çatacağını, xalq hərəkatına çevriləcəyini iddia edib. Artıq bir neçə həftədir ki, kilsə “qəhrəmanları” kəndlərin geri qaytarılmasına qarşı etiraz aksiyaları keçirirlər. Aksiyaların üzdə olan “qəhrəmanı” isə özünü Tavuş “arxiyepiskopu” kimi qələmə verən separatçı, revanşist Baqrat Qalstanyan mayın 5-də mətbuatın kilsənin “Vətən üçün Tavuş” hərəkatına qoşulub-qoşulmadığı barədə sualına cavab olaraq “Biz Patriarx həzrətlərinin xeyir-duası olmadan hərəkət etmirik”- deyib. O, həmçinin “Eçmiədzinin ana taxtı həmişə bizimlədir. Erməni patriarxı bizim atamızdır, bizə xeyir-dua verir və bizə rəhbərlik edir” bildirib. Hələ bu azmış kimi, 96 yaşlı Lena qarı da separatçılara, revanşistlərə qoşulub. Erməni kiləsisinin şər niyyətlərinə səcdə edən qarı hətta Kirantsdan İrəvana yürüşə başlayan “Vətən naminə Tavuş” hərəkatının iştirakçılarına “xeyir-dua” verib. Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan bildirib ki, yol boyu nə siqaret, nə də qışqırıq səsi olmamalıdır.

Elə bütün bunların fonunda Baqrat Qalstanyanla bağlı maraqlı faktlar üzə çıxır. Hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Qaqik Melkonyan qeyd edib ki, Baqrat Qalstanyan Rusiyanın ən yaxşı agentlərindən biridir. O, son hadisələr fonunda hökumətin sanki sarsıldığı barədə iradlara cavab verərkən deyib: “Siyasi hakimiyyətin sarsıldığını necə görmək olar? Tavuş yeparxiyasının primatı gəlir, birdən-birə siyasi hakimiyyət sarsıldı? Heç nə olmayacaq, çünki bu hərəkətlər 2018-ci ildən bəri mövcuddur”. O qeyd edib ki, müxalifət xalqı toplaya bilməyib:   “Baqramyan prospektini aylarla bağlı saxladılar. İnsanları toplamaq üçün hər şeyi etdilər, amma bacarmadılar. İndi isə arxiyepiskopla 40 nəfər gəzir. Nikol Paşinyan 12 nəfərlə Gümrüdən gəlib. Baqrat Qalstanyan bel çantasını unudub, götürməli idi. Belə çantası yoxdursa, uğur qazana bilməyəcək”. Bununla Qaqik Melkonyan  kilsənin hakimiyyətə qarşı fəaliyyətinə istehza ilə yanaşdığını göstərib. O, müxalifət və kilsəni qeyri-ciddilikdə ittiham edib: “Əgər bir şey ciddi deyilsə, onu necə ciddi qəbul etmək olar? Əgər insanlar ölkəni dağıtmaq istəyirlərsə, hansı ciddilikdən danışmaq olar? Əvvəlcə onlar Tavuşda toplaşıblar və nə ediblər? Bəli, ciddiləşməliyik, ölkəni itirmək təhlükəsi var, bundan qorxmaq lazımdır. Onlardan üçüncü ölkə kimi, Rusiya tərəfindən Ermənistanı müharibəyə sürükləmək üçün “beşinci kolon” kimi istifadə olunur”. Melkonyan əlavə edib ki, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının baş məmuru Baqrat Qalstanyan bir çoxları kimi Rusiyanın ən yaxşı agentlərindən biridir: “Rusiyanın Ermənistanda həmişə agentləri olub, onlar hələ də fəaldırlar. Kilsə KQB ilə əlaqəli idi. Xaricdəki keşişlərimizin yarıdan çoxu KQB agentləri idi. Bu barədə özləri danışırlar. Əgər Baqrat Qalstanyan Tavuş yeparxiyasının primatıdırsa, onda niyə İrəvana üz tutur?”. Qaqik Melkonyan radikal müxalifəti də sərt tənqid edib: “Robert Koçaryanın, Serj Sarkisyanın rəhbərliyi altında onların bütün əlaltıları yürüşü müşayiət edir. Orada səlahiyyətli şəxslər var, ona izah etdilər ki, sərhədin demarkasiyası olmalıdır, bizim dövlət sərhədimiz olmalıdır. Amma Baqrat Qalstanyan deyir ki, əsgərimizin ayağı hardadır, sərhədimiz də ordadır. Biz Azərbaycanla razılaşdıq ki, 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq demarkasiya aparaq. Bizim ərazilərimiz olan o sərhədlərin sahibi bizik”.

Ermənistanın hakim partiyasının deputatı Ovik Ağazaryan Tavuşdan İrəvana yürüş edən keşiş Baqrat Qalstanyanı “yalançı dindar” adlandırıb. O, bu barədə Feysbuk səhifəsində yazıb. Ağazaryan ad çəkməsə də, Qalstanyanın arxasınca İrəvana apardığı insanların cəlladı rolunda çıxış etdiyini də bildirib: “Həmişə inkvizisiyaya məruz qalanlara həsəd aparmışam, çünki onların mavi gözlərinin dərinliyində yalançı təqvası olan cəlladlarından fərqli olaraq, baxışları dəyər sistemi və ideyalarına inam saçırdı”.

Ermənistan hökuməti də öz növbəsində revanşist keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi aksiyanın qarşısını almaq üçün ssenari hazırlayıb. Bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazır. Nəşr bildirir ki, Nikol Paşinyan hökuməti mümkün addımlar barədə baş keşiş II Qareginə (Eçmiədzin kilsəsi) xəbərdarlıq edib: “Hakimiyyət müxtəlif kanallarla Eçmiədzinə elçilər göndərərək, Baqratı Nikol Paşinyanın istefası məsələsini gündəmə gətirməməyə çağırıb. Kilsəyə ultimatum veriblər ki, etirazlar Paşinyanın istefası tələbi olmadan yalnız sərhədin demarkasiyası prosesi baxımından ifadə edilməlidir. Əks halda kilsə və üzvlərinə qarşı sərt addımların atılacağı bildirilib. Hökumətin elçiləri eyham vurdular ki, etirazçıları toqquşmalara aparmağa hazır olmalıdırlar, çünki güc tətbiq olunacaq”.

Görünən odur ki, Ermənistanda yaşanan son proseslər əsrlərdən bəri erməni cəmiyyətinə hakim olan təhlükəli ideyaların hələ də qüvvədə olduğunu, erməni kilsəsinin reallıqdan uzaq durmaqda israrlı olduğunu və ən pisi - qonşu ölkədə gərginliyi maksimum həddə çatdırmaq niyyətindən əl çəkmədiyini göstərir. Erməni din xadimləri, xüsusilə də Tavuşda və Zəngəzurdakı keşişlər revanşist ideyaların təbliğatçısı olmaqla yanaşı, aşkar şəkildə yeni müharibə tələb edirlər. Onların illüziyalarında Ermənistanın sərhədləri Kür çayının qərb sahillərindən başlayaraq Türkiyənin Trabzon və Şanlıurfa vilayətlərində başa çatır. Üstəlik, Eçmiədzin ermənilərə “böyük Ermənistan” xülyasını tarixi gerçək qismində təqdim edərək, reallıq əvəzində xam xəyallarla yaşamağın daha üstün olduğunu aşılamağa çalışır. Azərbaycanla sülh sazişinin imzalanmasını, şərti dövlət sərhədinin demarkasiya və delimitasiya prosesini, Zəngəzur dəhlizi layihəsinin gerçəkləşməsini, Türkiyə ilə münasibətlərin normallaşmasını “xəyanət” kimi qələmə verən Erməni Apostol Kilsəsi hazırda Nikol Paşinyan hakimiyyətinə düşmən kəsilib. Rəsmi İrəvan bu təhlükənin öhdəsindən gələ biləcəkmi?

Sevinc Azadi, “İki sahil”