08 may 2024 23:33
328

Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə

Azərbaycanın regional və qlobal səviyyədə fəaliyyəti, eləcə də beynəlxalq arenada əməkdaşlığı nüfuzlu təşkilatlarla, dövlətlərlə münasibətlərin yüksək səviyyədə qurulmasına geniş imkanlar açıb. Müstəqil dövlətimizin milli maraqlar prinsipləri əsasında həyata keçirdiyi xarici siyasət nəticəsində ölkəmizin müstəqillik təməlinin sütunları daha da möhkəmlənib. Suverənliyini və ərazi bütövlüyünü təmin etmiş Azərbaycan bir çox dövlətlərlə yanaşı, Slovakiya ilə də münasibətlərin daha da dərinləşməsi, yeni strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edən qərar, sənədlər qəbul edib ki, bu da dövlətlərarası əlaqələrin sürətlə inkişafına təkan verib. Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri əlaqələrin dinamik inkişafına, qarşılıqlı etimad və tərəfdaşlığa əsaslanır.

Slovakiya Respublikasının Baş nazirinin ölkəmizə səfəri əməkdaşlığın daha da yüksəlməsinə təkan olacaqdır. Səfər çərçivəsində Slovakiya-Azərbaycan əlaqələrinin perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Bu səfər əlaqələrin yeni səhifəsini açacaqdır. Prezidenti İlham Əliyevin və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun birgə imzaladıqları "Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə" münasibətlərin daha da dinamik inkişafına yönəldilmiş sənəddir. "Sənədin özü və onun məzmunu təbii ki, bizim niyyətimizi göstərir, bir-birimizə olan hörməti, qarşılıqlı dəstəyi göstərir" – deyə cənab Prezident diqqətə çatdırıb. Bu sənəd Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün kimi tarixiləşdi.

Bildiyimiz kimi, Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında "Həmrəylik Halqası" adlanan sənəd imzalanmışdır və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır.

Azərbaycan Prezidentinin və Slovakiya Baş nazirinin mətbuata birgə bəyanatlarda Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsinə də xüsusi diqqət yönəldilərək bildirilib ki, Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsinin icra edilməsinə də toxunulub. Bəyanatda vurğulanıb ki, Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir. Azərbaycanın enerji diplomatiyasına nəzər salan dövlətimizin başçısı qarşılıqlı münasibətlər nəticəsində atılan uğurlu əməkdaşlığın nailiyyətlərini diqqətə çəkib. Dövlətimizin başçısı ticarət dövriyyəsinin artırılması istiqamətində aparılacaq işlərə də nəzər salıb və Slovakiya-Azərbaycan biznes forumunun keçirildiyini və slovakiyalı iş adamlarının Azərbaycanda səfərdə olduqların vurğulayıb. Bir sıra sərmayə layihələri də müzakirə edilib.

Əməkdaşlığın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Bildiyimiz kimi, bugünümüzün əsas hədəfi işğaldan azad olunmuş ərazilərimizin bərpası və soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. İşğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərinə dost ölkələri də öz töhfələrini verirlər. Azərbaycan-Slovakiya münasibətlərinin mühüm istiqamətlərindən biri kimi azad edilmiş torpaqlarda Slovakiya şirkətlərinin fəaliyyəti yüksək qiymətləndirildi. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. "Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər, əlbəttə ki, oraya qayıdacaq insanları sevindirəcək", – deyə cənab Prezident bildirib.

Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun bu səfəri bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaqdır.

Akif Rəfiyev,
Qarabağ müharibəsi veteranı, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri