08 may 2024 23:19
276

“Bu sevginin ömrü sonsuzluğa qədərdir" - FOTO

Qubada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar “Bu sevginin ömrü sonsuzluğa qədərdir” adlı konfrans keçirilib. 

“İki sahil” xəbər verir ki,  konfransda YAP Quba rayon təşkilatının sədri Fidan xanım Hüseynova, Quba rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, şəhid ailələrinin  üzvləri, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak ediblər. Konfransda ilk öncə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib və Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışaraq bildirdi ki, Azərbaycan xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu öndərimiz Azərbaycanın adını bir dövlət kimi dünya tarixinə böyük hərflərlə və əbədi olaraq yazdı. Onun qeyri-adi istedadı, dərin zəkası, fenomenal qabiliyyəti, dövlətçilik məharəti dünya nəhəngləri arasında onun yerini müəyyənləşdirdi. O, zamanla ayaqlaşan, bəzən onu qabaqlayan siyasətçilərdən idi. Bu gün hər bir azərbaycanlı fəxr edir ki, Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın vətəndaşıdır. Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə əbədi abidə ucaldıb. Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Qədirbilən xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq, parlaq ideyalarını öz yolunda mayaka çevirəcəkdir.

Fidan Hüseynova qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan dövləti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şərəfli bir dövrünü yaşayır və Ulu öndərin dövlət quruculuğunda qoyduğu tarixi ənənə Ölkə başçımız, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən Azərbaycan xalqı ilə birgə uğurla həyata keçirilir.

Daha sonra çıxış edən natiqlər –  Quba rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova,  ərazi partiya təşkilat sədrləri Habil Bayramlı və Mehparə Rüstəmova həyatını vətəninə, xalqına həsr edən Ümummilli Liderin əvəzsiz xidmətlərindən danışıblar. Onlar vurğulayıblar ki, Ulu öndər Heydər Əliyev  müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə nəinki müstəqil Azərbaycan dövlətini qurdu və gələcək inkişafının hərtərəfli sağlam təməlini qoydu, eyni zamanda, ölkə vətəndaşlarını səfərbər edən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında birləşdirən milli təlim – azərbaycançılıq ideologiyasını yaratdı.

Konfransda rayonun ictimai-siyasi həyatında fərqlənən partiya fəallarına “Fəxri Fərman”lar, şəhid ailə üzvlərinə, partiyanın yeni üzvlərinə üzvlük vəsiqələri və hədiyyələr təqdim edildi.

Konfrans Yeni Azərbaycan Partiyasının Himnin səsləndirilməsi ilə başa çatdı.