10 may 2024 02:57
316

Ulu Öndərin xarici siyasətinin möhtəşəm uğurları

Xarizmatikliyi, reallığı qiymətləndirmək bacarığı, geosiyasi hadisələrə çevik münasibəti dahi rəhbərin liderlik missiyasının üstün cəhətləri idi

Böyük dövlət adamlarının çox mühüm siyasi üstünlükləri ondadır ki, daxili siyasətlə bərabər, xarici siyasətdə də üstünlüklər əldə edərək dövlətlərinin siyasi manevr imkanlarını davamlı olaraq artırırlar. Həmin tendensiya qlobal dünya siyasətində fəal və çevik siyasət yürütməyin əsas şərtidir. Bu mənada Ulu Öndər Heydər Əliyev böyük bir yolu qısa müddətdə qət edərək ölkəmizə yeni siyasi dividendlər qazandırmışdı. Xüsusən artıq tarixin arxivinə atılmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bu böyük dövlət adamının xarici siyasətində başlıca yer tuturdu. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə tarixi qayıdışından sonra münaqişənin aradan qaldırılmasına nail olmaq üçün göstərdiyi fəaliyyət genişmiqyaslı idi. Dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli və eləcə də çoxtərəfli yüksək səviyyəli görüşlərdə, beynəlxalq forumlarda, ATƏT-in zirvə toplantılarında , keçmiş Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, həmçinin Ermənistan prezidenti ilə təkbətək danışıqlarda göstərdiyi ardıcıl səylər Ulu Öndərin xarici siyasətinin mühüm tərkib hissəsini təşkil edirdi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və mahiyyəti, onun törətdiyi nəticələr dünya birliyinə yaxşı məlumdur. Bu münaqişə əzəli Azərbaycan torpağı olan keçmiş Qarabağı qoparıb özünə birləşdirməyə çalışan Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində yaranmışdır. 1988-ci ildə münaqişə başlananda keçmiş Sovetlər Birliyinin rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqeyi, problemin qarşısını vaxtında almaq istəməməsi münaqişəni dərinləşdirərək mühaibəyə çevirdi. 1991-1992-ci illərdə hərbi əməliyyatlar geniş vüsət almağa başladı. Erməni silahlı birləşmələri ən müasir silahlardan istifadə edərək 1992-ci ilin fevral ayında Azərbaycanın Qarabağ bölgəsində 613 nəfər azərbaycanlının qətli ilə nəticələnən Xocalı soyqırımını həyata keçirdi. 1992-ci ilin mayında isə bu hücumlar Şuşanın, sonra da Laçının işğalı ilə nəticələndi. Beləliklə, erməni silahlı qüvvələri Yuxarı Qarabağın ətrafındakı rayonların da işğalına başladı. BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələrində erməni silahlı birləşmələrinin işğal etdiyi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması və qaçqınların öz doğma yerlərinə qaytarılması tələb olunsa da, bu sahədə beynəlxalq ictimaiyyətin səylərinə və çağırışlarına məhəl qoymayan Ermənistan Azərbaycan rayonlarını işğal etməkdə davam etdi. 1993-cü ilin aprelindən başlayaraq bir neçə ay ərzində Kəlbəcər, Ağdam, Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan işğal olundu. Onu da qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti beynəlxalq ictimaiyyət tərəfindən pislənsə də, faktiki olaraq heç bir dövlət tərəfindən təcavüzkar kimi tanınmadı. Yalnız 1993-cü ildə Pakistanın Kəraçi şəhərində İslam Konfransı Təşkilatının 21-ci konfransında Ermənistanın təcavüzkar dövlət olduğu bəyan edildi. Azərbaycana Ulu Öndərdən əvvəl rəhbərlik edənlərin səriştəsizliyindən, ölkədə baş verən hərc-mərclikdən, hakimiyyət uğrunda gedən qanlı münaqişələrdən istifadə edən Ermənistan Azərbaycanın əzəli torpaqları olan Qarabağda qeyri-konstitusion hakimiyyət stukturlarını yaratmağa başladı. Nəticədə Qarabağ separatçıların və Ermənistan silahlı qüvvələrinin tam hərbi nəzarəti altına düşdü.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ölkədə hakimiyyət dəyişikliyi baş verdi. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünün pozulması, torpaqların işğalı, digər tərəfdən ölkənin parçalanması təhlükəsi qarşısında qaldığını hiss edən  xalq özünün əbədi lideri Heydər Əliyevi hakimiyyətə gətirdi. Bu böyük siyasətçi ölkədə baş qaldırmış separatçı qüvvələri, Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar qrupları zərərsizləşdirdi, ölkədaxili ictimai-siyasi sabitliyi, dövlət ilə xalqın birliyini, yekdilliyini təmin etdi. Ulu Öndərin Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, ölkədə ictimai-siyasi sabitliyə nail olmaq istiqamətində təxirəsalınmaz vəzifələrindən biri davam etməkdə olan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəti addımlar atmaqdan ibarət idi. Onun hakimiyyətinin ilk illərində Milli Ordumuzun formalaşdırılması və döyüş qabiliyyətinin yüksəldilməsi, torpaqlarımızın müdafiə olunması üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi hərbi qarşıdurmada tarazlıq yaratdı. Cəbhə bölgəsindəki yeni vəziyyət erməni tərəfini atəşin dayandırılması barədə ciddi düşünməyə vadar etdi. Məhz Ulu Öndərin təşəbbüsü, qətiyyəti, əzmkarlığı və uzaqgörənliyi nəticəsində 1994-cü il may ayının 12-də atəşkəs haqqında razılaşma əldə olunmaqla beş ildən artıq davam edən hərbi əməliyyatlar dayandırıldı, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ilkin şərait yarandı.

Atəşkəsə nail olduqdan sonra ölkənin dirçəldilməsi, dövlətin güclənməsi kimi strateji hədəflərə doğru irəliləyiş baş verdi. Azərbaycanın dövlət başçısı məsələnin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirdi və Onun gərgin fəaliyyəti nəticəsində ATƏT-in Minsk qrupu çərçivəsində intensiv sülh danışıqları aparıldı. ATƏT-in 1994-cü il Budapeşt, 1996-ci il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində bir sıra mühüm təkliflər irəli sürüldü. Xüsusilə 1996-cı ildə ATƏT-in Lissabon Zirvə görüşü zamanı Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycanın mövqeyi Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən qəbul edildi, tanındı və müdafiə olundu. Ulu Öndər 1993-cü ildən 2001-ci ilədək 68 ölkənin prezidenti və dövlət başçısı ilə 485 görüş keçirmiş və  görüşlərin hamısında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmuşdur. Konkret rəqəmlərlə ifadə etsək, Heydər Əliyev ABŞ-ın prezidenti, dövlət katibi ilə bu məsələni 18, Fransa rəhbərləri ilə 16, Rusiya ilə 23, Türkiyə rəhbərləri ilə 78 dəfə müzakirə etmişdir. BMT-nin baş katibləri ilə onlarla görüş olmuşdur, NATO-nun, Müstəqil Dövlətlər Birliyinin Zirvə görüşlərində, İslam Konfransı Təşkilatının iki, İqtisadi Əməkdaşlıq Təşkilatının dörd Zirvə görüşündə, Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşlərində hər dəfə Heydər Əliyev Ermənistan-Azərbaycan münaqişəsini gündəliyə çıxarmışdır.

Beynəlxalq münasibətlər sistemində Heydər Əliyev şəxsiyyəti tam qəbul olunurdu. Onun siyasətdəki xarizmatikliyi, reallığı qiymətləndirmək bacarığı, geosiyasi hadisələrə çevik münasibəti və lazım gələndə müdaxiləsi  bu böyük siyasətçiyə dünya liderləri arasında inam, etimad qazandırmışdı. Rusiya prezidentləri Boris Yeltsin və Vladimir Putin  onun şəxsiyyəti və beynəlxalq siyasətdəki təcrübəsi  qarşısında ehtiram göstəridilər. Eyni zamanda, dünyanın aparıcı ölkələri ABŞ, Fransa, Böyük Britaniya rəhbərləri  Heydər Əliyevin o çətin və mürəkəb dövrdə Azərbaycan dövlətini necə ustalıqla idarəetməsindən və onu iflasdan qurtarmaq bacarığından heyranlıqlarını gizlətmirdilər. Məhz Onun bu siyasi ustalığı və nüfuzu sayəsində  bu gün Avropanın enerji təminatçısı kimi çıxış edən Azərbaycan dövləti «Əsrin müqaviləsi»ni imzalamaq imkanı qazandı. Daha sonrakı illərdə isə Ulu Öndərin həyata keçirmək istədiyi qlobal enerji layihələri Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı –Tbilisi-Ərzurum  qaz kəməri reallaşmağa başladı.

Ulu Öndərin uğurlu xarici siyasətini zamanına və məkanına görə təkmilləşdirən, onu müasir prioritetlərə uyğun şəkildə inkişaf etdirən Prezident İlham Əliyev son 21 ilə yaxın müddətdə həyata keçirilən siyasi-iqtisadi islahatlar saəyəsində güclü və qüdrətli bir Azərbaycan dövləti qurmuşdur. Xüsusilə ordumuz 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük tarixi savaşda tarixi Zəfər qazanaraq işğalçı Ermənistanı və onun havadarlarını diz çökdürdü. Nəticədə torpaqlarımızın 30 illik işğalına son qoyuldu. 2023-cü ilin 19 sentyabrında başlayan və cəmi bir gün çəkən lokal antiterror tədbirləri nəticəsində isə Xankəndidəki  terrorçu-separatçı xunta ləğv edildi. Üçrəngli dövlət bayraqlarımız Xankəndidə, Xocalıda, Agdərədə, Əsgəranda, Xocavənddə dalğalandı. Xankəndidə qalib Azərbaycan Ordusunun hərbi paradı keçirildi. Bir sözlə, işğalçı Ermənistanın həm hərb meydanında, həm də geosiyasi məkandakı iflası bir daha göstərdi ki, Azərbaycan regional gücdür, şərtlər diktə edən söz sahibidir.

Ölkəmizin belə tarixi qələbələri və sürətli ikişaf tendensiyası bu faktı bir daha təsdiqlədi ki, Ulu Öndərin 2003- cü ili oktyabrında  Ali Baş Komandanımız İlham Əliyevlə bağlı  xalqa müraciəti də böyük uzuqgörənlik imiş. Xatırladaq ki, Ulu Öndər  2003-cü il oktyabrın 1- də prezident seçkiləri ərəfəsində xalqa müraciətində  demişdi: «Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.»

Bəli, bugünkü Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi güclü, qüdrətli, qalib Azərbaycandır. İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimiz milli qürurumuzu, kimliyimizi özümüzə qaytardı. Bu gün qalib ölkənin müzəffər xalqı kimi qürurluyuq. Alnımız açıq, başımız ucadır. Xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna minnətdarlığını ifadə edir.  Eyni zamanda Ulu Öndərin siyasi kursuna yüksək sədaqət göstərərək Ali Baş Komandanımızla həmrəylik və birlik nümayiş etdirir.

Elçin Zaman, «İki sahil»