09 may 2024 14:05
269

Ulu Öndər Heydər Əliyevin xarici siyasət strategiyası

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü tamam olur. Azərbaycan dövlətçiliyini, xalqımızın azadlığını və müstəqilliyini əbədi yaşatmaq üçün Heydər Əliyev irsi, Onun dövlət idarəçiliyi təcrübəsi daim öyrənilməli və gələcək nəsillərə çatdırılmalıdır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikanın qarşısında duran prioritet məsələlərdən biri də milli mənafe əsas tutulmaqla xarici siyasət strategiyasının reallaşdırılması idi. Ölkəni ağır vəziyyətdən çıxarmaq üçün praqmatik xarici siyasət strategiyasının müəyyənləşdirilib həyata keçirilməsi artıq ölüm-qalım məsələsinə çevrilmişdi. Məhz belə bir  önəmli vaxtda - 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ilk günlərdən etibarən ölkənin strateji maraqlarını əldə rəhbər tutaraq Azərbaycanın xarici siyasət kursunu yenidən formalaşdırmaq yolunda səylə işə başladı.

Ulu Öndərin xarici siyasətdə  əsas prioritet kimi müəyyənləşdirdiyi istiqamət Ermənistanın ölkəmizə qarşı davam edən təcavüzünün qarşısının alınması və müharibənin dayandırılması idi.  Bu istiqamətdə aparılan ən mühüm işlərdən biri də erməni təcavüzünün mahiyyətini, ermənilərin vəhşiliklərini dünyaya yaymaq, Azərbaycan ətrafında yaradılmış informasiya blokadasını yarmaq, Qarabağın işğalı   ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq idi. Münaqişənin həlli istiqamətində ən mühüm addımlardan biri 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs əldə edilməsi oldu. Həmin dövrlərdə Qarabağın işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə başqa bir dövlətin ərazisinin güc tətbiq etmək yolu ilə ələ keçirilməsinin yolverilməzliyi və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi vurğulanaraq Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınıb, zəbt olunmuş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin qeyd-şərtsiz çıxması çağırışı əksini tapmışdır.

Azərbaycanın tarixən bağlı olduğu Rusiya ilə münasibətlərində uğurlu dialoq və anlaşma mühitinin yaranmasının, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi, bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətli olduğunu bilən Ulu Öndər  şimal qonşumuzla əməkdaşlığa həmişə böyük önəm verib. İki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin xüsusi rolu və xidmətləri danılmazdır.

Dünyanın super dövləti sayılan ABŞ-la münasibətlərin qurulmasında və daim yüksələn xətlə inkişaf etdirilməsində də Heydər Əliyevin misilsiz xidmətlərini xüsusilə vurğulamaq lazımdır. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması  Azərbaycanla Qərb arasındakı münasibətlərdə müsbət mənada dönüş nöqtəsi idi. Bununla da fövqəldövlətdə Azərbaycana, onunla iqtisadi əməkdaşlığa, onun problemlərinə, geosiyasi əhəmiyyətinə maraq yarandı. Məhz buna görə də ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, münaqişənin dinc yolla həllini tapmasına tərəfdar olduğunu bəyan etdi. Məhz Ulu Öndərin qətiyyəti sayəsində illər boyu xalqımızın haqlı narazılığına səbəb olan “Azadlığı Dəstək Aktı”na ədalətsiz “907-ci düzəliş”in icrası donduruldu. Həmin sağlam təməl üzərində atılmış xarici siyasət strategiyası nəticəsində ABŞ hazırda da Azərbaycanla mövcud əlaqələrin daha da genişlənməsində və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsində maraqlı tərəfdaşdır.

ATƏT üzvü olan dövlətlərin Azərbaycanla həmrəyliyi, sözsüz ki, yürüdülən ardıcıl siyasət sayəsində qazanılan beynəlxalq dəstəyin nəti - cəsi idi. 54 dövlət başçısının iştirak etdiyi Lissabon zirvə toplantısı ilk dəfə olaraq Ermənistanın Azərbaycana təcavüzü və Qarabağ münaqişəsinin mahiyyətini, ümumi və xüsusi cəhətlərini, həlli yollarının hüquqi-siyasi çərçivəsini bəyan etdi.

Heydər Əliyev diplomatiyasının ən uğurlu addımlarından biri 1999-cu ilin dekabrında BMT-də Azərbaycanın ərazi bütövlüyünün bir daha təsdiq olunması, 2000-ci ildə Va şinqtonun Ermənistana ayırdığı birbaşa yardımı azaltması, Qarabağa göstərdiyi maliyyə yardımını isə tamamilə dayandırması bu münaqişənin tənzimlənməsi məsələsində Qərbin mövqeyinin tədricən dəyişdiyini və Azərbaycanın daha artıq dəstəkləndiyini nümayiş etdirirdi.

Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi, qardaş ölkənin beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdaşı kimi çıxış etməsi, Qarabağ münaqişəsinin ədalətli həlli üçün ölkəmizin göstərdiyi səyləri dəstəkləməsi də hələ Ulu Öndərin vaxtında əsası qoyulan “Bir millət, iki dövlət” sloqanlı uğurlu siyasətin bəhrəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin bu siyasi kursu daha da təkmil şəkildə gerçəkləşdirməsi nəticəsində  hazırda hər iki qardaş ölkə regionda söz sahibi olan güclü dövlətlərdəndir.

Ulu Öndər həmçinin İran və Gürcüstanla xalqlarımızın mənafeyinə cavab verən mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında ikitərəfli siyasi, iqtisadi, mədəni münasibətlərin inkişafına nail olub.

Heydər Əliyevin uğurlu xarici siyasət fəaliyyətinin daha bir istiqaməti BMT, ATƏT, Avropa Şurası, MDB, GUAM, İKT, QİƏT, İƏT kimi beynəlxalq təşkilatların üzvü olmaqla bərabər, Avropa İttifaqı, NATO, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər təşkilatlarla da fəal əməkdaşlıq qurması idi.Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi böyük layihələr nəinki region miqyasında, eləcə də bütün Avrasiya məkanı üçün xüsusi əhəmiyyətə malik idi.

Sonda ümumiləşdirsək, hazırda dahi lider Heydər Əliyevin xarici siyasət kursunu davam etdirən  Prezident İlham Əliyevin yüksək diplomatik məharəti sayəsində Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq arenada cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır.

Cahangir Həsənov,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu,
Bakı Dövlət Universitetinin magistr, 1-ci kurs tələbəsi