10 may 2024 16:47
284

Bolqarıstan ölkəmizi strateji və etibarlı tərəfdaşı hesab edir 

Azərbaycanla Avropa İttifaqı (Aİ )məkanına daxil olan ölkələr arasında münasibətlər keyfiyyətcə yeni məzmun və məna kəsb etməkdədir. Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın milli mənafe və qlobal maraqlar əsasında həyata keçirdiyi ardıcıl çoxşəxəli xarici siyasət kursu beynəlxalq miqyasda yüksək səviyyədə qəbul edilir. Bu səmərəli siyasət  nəticəsində ölkəmiz son 20 ildə  Avropa İttifaqı məkanında çoxlu dostlar qazandırıb.

Bəli, bu gün Azərbaycanla Avropanın ayrı-ayrı dövlətləri arasında ikitərəfli siyasi dialoq və tərəfdaşlıq münasibətləri davamlı olaraq inkişaf edir. Eyni zamanda, ikitərəfli iqtisadi əlaqələr də qənaətbəxşdir. İndiyədək Azərbaycanla Aİ üzvü olan 9 dövlət arasında strateji tərəfdaşlıq haqqında sazişlər imzalanıb. Respublikamız Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Qurumun region ölkələri ilə ticarət dövriyyəsinin üçdə ikisi Azərbaycanın payına düşür.

Belə ölkələrdən biri də Bolqarstandır. Qeyd edək ki, 2024-cü ildə Azərbaycandan Bolqarıstana ixrac ediləcək qazın həcmi bu ölkənin illik sərfiyyatının 55 faizini keçəcəyi gözlənilir. Bu önəmli rəqəmlər mayın 8-də  Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumunda rəsmən açıqanıb. Eyni zamanda,  rəsmi Buxarest Azərbaycanda istehsal olunan “yaşıl enerji”nin Gürcüstan vasitəsilə Avropa İttifaqına tədarükü layihəsində iştirak etmək niyyətində olduğunu bildirib.  Ümumiyyətlə, bu gün Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Çünki Azərbaycan ilə Bolqarıstan arasında dost və əməkdaşlıq münasibətləri davamlı xarakğerə malik olub. Bir sözlə, qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan iqtisadi və siyasi əlaqələri son 20 ildə  daha sıx inkişaf etməyə başlayıb.

Məhz bunun nəticəsi olaraq mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin ölkəmizə işgüzar səfəri reallaşdı.  Prezident İlham Əliyevlə görüşlərindən sonra o, mətbuata verdiyi bəyanatında bir daha vurğuladı ki, iki ölkə arasında  yüksək səviyyəli əlaqələr mövcuddur.

Ölkəmizin başçısı İlham Əliyev də mətbuata bəyanatında qeyd etdi ki, Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar: « Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib və ölkələrimiz arasında səmərəli siyasi dialoq yaranıb. Məhz fəal siyasi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələrimiz genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin. Eyni zamanda, son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Bunun əsas səbəbi enerji sektorundakı əməkdaşlıqdır.»

Prezident İlham Əliyev onu da bildirdi ki, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır və Bolqarıstan qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilib. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək.  Odur ki, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi istiqamətdə çox fəal iş aparır.

Qeyd edək ki, Azərbaycan ilə Bolqarıstan arasında 60-dan çox sənəd imzalanıb. Həmin sənədlərdən dördü Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin mayın 8-də ölkəmizə səfəri zamanı imzalanıb.

Bu bir reallıqdır ki, Bolqarıstan ölkəmizi  həm Cənubi Qafqazda, həm də Qara dəniz regionunda özünün strateji və etibarlı tərəfdaşı bilir.  Ona görə də bu gün hər iki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdəkir əməkdaşlıq inkişaf etməkdədir.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri