2020-ci ildə Vətən müharibəsində qazandığımız tarixi Zəfərimizdən sonra Qarabağ və Şərqi Zəngəzurda misli görünməyən, həm də dünyanı heyrətləndirən yenidənqurma işləri həyata keçirilir. Nəticədə Böyük Qayıdış proqramına uyğun olaraq işğaldan azad edilmiş torpaqlarımızda salınan müasir kənd, qəsəbə və şəhərlərə köç karvanları yola düşür.
Respublikamızının müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət belə karvanlardan biri də mayın 9-da Şuşa şəhərinə və Laçın rayonunun Sus kəndinə yola salınıb. İlk mərhələdə Şuşa şəhərinə 20 ailə - 88 nəfər, Laçın rayonunun Sus kəndinə isə 20 ailə, 75 nəfər köçürülüb. Şübhəsiz, Vətən müharibəsində qələbəmi¬zin simvoluna çevrilmiş gözəl Şuşamıza da köçürülmə prose¬sinə start verilməsi olduqca sevindiricidir. Dövlətimizin başçısı onların Şuşaya qayıdışını tarixi hadisə kimi dəyərləndirib: “Otuz iki ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim”.
Mayın 10-da-Ulu Öndərin doğum günündə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva doğma yurda qayıdan Şuşa şəhəri və Laçın rayon Sus kənd sakinləri ilə görüşərkən onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə dövlət başçımıza, birinci xanım Mehriban xanım Əliyevaya təşəkkürlərini çatdırıblar. Onlar torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Sakinlər, həmçinin həmişə onların qayğısına qalan, Azərbaycanı inkişaf yoluna çıxaran, “Sizi bir daha əmin edirəm ki, işğal olunmuş torpaqlarımız azad olunacaq, soydaşlarımız öz yerlərinə-yurdlarına qayıdacaq, müstəqil Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa ediləcəkdir" deyən Ulu Öndər Heydər Əliyevin də xidmətlərini dərin hörmətlə xatırlayıblar.
Həmin görüşlərdə Prezident İlham Əliyev bildirib ki, bir daha demək istəyirəm, biz azad edilmiş bütün torpaqlarda genişmiqyaslı proqramları icra edirik: “Bu gün artıq Şuşa altıncı yaşayış yeridir ki, keçmiş köçkünlər buraya qayıdır”. Yeri gəlmişkən qeyd edək ki, bu ilin sonunadək geri qayıdacaq əhalinin sayının ümumilikdə 25 min nəfərdən çox olacağı və növbəti illərdə bu rəqəmin getdikcə artacağı gözlənilir. Məlumat üçün bildirək ki, 2026-cı ilin sonunadək, ümumilikdə, 34 min 500 keçmiş məcburi köçkün ailəsinin, yəni 140 minə yaxın insanın Qarabağ və Şərqi Zəngəzur rayonlarında məskunlaş¬dırılması nəzərdə tutulub.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində həmin ərazilərdə müasir infrastrukturun yaradılması, o cümlədən ərazilərin milli iqtisadiyyata sürətli reinteqrasiyası və dayanıqlı inkişafının təmin olunması, əhalinin layiqli yaşayış şəraitinin yaradılması və rifah halının yüksəldilməsi istiqamətində çoxşaxəli layihələrin həyata keçirildiyini vurğulayan dövlət başçımız Şuşa sakinləri ilə görüşündə həmçinin bildirib ki, ilin sonuna qədər ən azı 20 yaşayış məntəqəsində artıq həyat bərpa ediləcək: “Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq - ən müasir, ən rahat, ən gözəl”. Bu məqamda Prezidenti İlham Əliyevin 2023-cü il dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda söylədiyi bu fikirləri də xatırlamaq yerinə düşərdi: “Biz əlimizdən gələni edirik ki, keçmiş məcburi köçkünlər üçün ən yaxşı şərait yaradılsın. Onlar buna layiqdirlər”.
Yeri gəlmişkən qeyd edək ki, bu məqsədlə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına dövlət büdcəsindən transfertlər ilbəil artırılır. Belə ki, işğaldan azad edilmiş yaşayış sahələrində yenidənqurma işləri üçün 2021-ci ildə 2,2 milyard, ¬2022-ci ildə 2,7 milyard manat, keçən il isə 3 milyard manat vəsait ayrılıb. Maliyyə Nazirliyinin məlumatına görə, cari ilin I rübündə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması məqsədilə nəzərdə tutulan 3 milyard 825 milyon manat vəsaitin sifarişçi təşkilatlar tərəfindən təqdim edilən sənədlər əsasında 31,9 faizi və ya 1 milyard 220 milyon manatı ayrılıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 58,6 milyon manat və ya 5 faiz çoxdur.
Qvami Məhəbbətoğlu, “İki sahil”