13 may 2024 10:05
569

Bizdən heç kim inciməsin, daha çox da Fransa... ŞƏRH

“Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa”.  Bu fikirləri Prezident İlham Əliyev mayın 10-da Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edərkən və şəhərə köçmüş ilk sakinlərlə görüşərkən bildirib. 

Bəli, daha çox Fransa. Rəsmi Paris Vətən müharibəsindəki şanlı Zəfərimizi, həmçinin 23 saat davam edən lokal əməliyyatlar nəticəsində əldə etdiyimiz möhtəşəm uğurlarımızı, işğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq işlərimizi, Ermənistanın işğalı nəticəsində öz ərazilərindən didərgin düşən soydaşlarımızın doğma yurd-yuvalarına qayıtmalarını hələ də həzm edə bilmir. Elə bu səbəbdən Fransa Prezidenti Emmanuel Makron ölkəmizə qarşı qərəzli mövqe sərgiləməkdə, həmçinin Cənubi Qafqazı yenidən müharibə zonasına çevirmək niyyəti ilə iyrənc üsullara əl atmaqda, üstəlik oyuncağa çevirdiyi  təcavüzkar Ermənistanı silahlandırmaqda davam edir. Bununla da Cənubi Qafqazda sülhün əldə olunmasında maraqlı olmadığını hər vəchlə nümayiş etdirir.

Dövlətimizin başçısı da çox haqlı olaraq sözügedən tədbirdə neokolonealizm siyasətindən, səlibçi zehniyyətindən qurtula bilməyən “qoca qitə”nin “ağsaqqal”ı, tarixin arxivinə gömülmüş ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biri olan Fransaya, həmçinin təcavüzkarlığından əl çəkməyən Ermənistana belə bir mesaj ünvanlayıb: “Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin”. 

Bəli, Azərbaycan bu gün güclü hərbi potensiala malikdir. Ermənistana verilən silahlar isə bölgədəki qüvvələr balansını dəyişmək iqtidarında deyil. Buna baxmayaraq biz 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlamış ölkənin silahlandırılmasına Azərbaycan biganə qala bilmir. Şübhəsiz, Fransa BMT Təhlükəsizlik Şurasının veto hüququna malik 5 daimi üzvündən biri kimi, Cənubi Qafqazda müsbət rol oynamaq üçün geniş potensiala malik ol¬masına baxmayaraq, həmin imkanlardan destruktiv məqsədlər üçün istifadə etməsi təəssüf doğurur. 

Dövlətimizin başçısı xatırladıb ki, hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir: “Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik”. Prezidentimizin fikirlərdən belə nəticəyə gəlmək olar ki, Azərbaycan Vətən müharibəsində sərgilədiyi qəhrəmanlıqla nəinki Ermənistanın, eləcə də hətta onun arxasında dayanan makronların da cavabını verməyə qadirdir. Başqa sözlə desək, Ermənistana nə qədər silah göndərilsə də, onların bizə qarşı heç bir şansı yoxdur.

Prezident həmçinin əminliklə vurğulayıb ki,  mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm: “Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra”. Yeri gəlmişkən qeyd edək ki, dövlətimizin başçısı sözünün də imzası kimi keçərli olduğunu, xalqına verdiyi bütün vədləri yerinə yetirdiyini dəfələrlə nümayiş etdirib. Məsələn, dövlətimizin başçısı bildirmişdi ki, ərazilərimizdə ikinci erməni dövlətinin yaradılmasına, yaxud yurd yerlərimizin ilhaqına heç bir halda imkan verilməyəcək. Verilmədi də… Dövlətimizin başçısı bildirmişdi ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam bərpa olunacaq.  Olundu da…  Bildirmişdi ki, bu və ya digər təxribata qarşı müvafiq addımlar atılacaq. Atıldı da. Özü də bütün bunları Müzəffər Ali Baş Komandanımız beynəlxalq hüquq çərçvəsində həyata keçirib.

Yəqin, bütün bunları müsyö Emmanuel Makron bilməmiş deyil. Şübhəsiz, bu mesajdan Ermənistanı silahlandıran dövlətlər - Yunanıstan, Hindistan, daha çox Cənubu Qafqaza bayrağını sancmaq xəyalı ilə yaşayan  Fransa nəticə çıxarmalı və məkrli niyyətindən əl çəkməlidir.  Əks halda bu cür məkrli siyasət davam edərsə, o zaman Bakıdakı Qənimətlər Parkının eksponatları sırasına Fransanın da Ermənistana verdikləri silah-sursatlar əlavə edilə bilər. Bütün bunlara rəğmən Prezident, həmçinin bildirib ki, biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bunu bütün dünya dövlətləri eşitsin və bilsin, daha çox Fransa.

Qvami Məhəbbətoğlu, “İki sahil”