13 may 2024 14:30
596

ABŞ nəhəngləri FRANSANI "İŞĞAL" EDİR

“Microsoft” şirkəti Fransada məlumat mərkəzlərinin inkişafı üçün dörd milyard avro sərmayə qoyacağını açıqlayıb. Ölkənin texnoloji infrastrukturunu öhdəsinə götürən ABŞ nəhəngi bu sahədə “Amazon”la birgə layihə reallaşdıracaq.

Bu bəyanatlar ölkəyə xarici sərmayədarların cəlb edilməsi məqsədilə keçirilən yeddinci “Fransanı seçin” Sammitindən bir qədər əvvəl verilib.

“Microsoft” prezidenti Brad Smith verdiyi açıqlamada süni intellekt infrastrukturunun gücləndirilməsi istiqamətində atılan addımın texnologiya nəhənginin 41 il əvvəl Fransaya gəlişindən bəri ən böyük investisiya olduğunu bildirib.

Fransanın şərqində yeni məlumat mərkəzi yaradılacaq, Paris regionunda və cənubdakı Marsel şəhərində mövcud obyektlər genişləndiriləcək.

Fransa prezidenti ofisinin bazar günü verdiyi açıqlamaya görə, e-ticarət nəhəngi “Amazon” Fransaya 1,2 milyard avrodan çox sərmayə qoyaraq 3000-dən çox iş yeri yaradacaq.

Açıqlamada bu sərmayənin “Amazon” veb xidmətlərinin (“Amazon” Web Services - AWS) bulud infrastrukturunun, xüsusən də generativ süni intellektin və paketlərin çatdırılması xidmətinin logistika infrastrukturunun inkişafına kömək edəcəyi bildirilib.

ABŞ şirkəti 2024-cü ildə Fransada 2000 yeni iş yeri açacağını, beləliklə də ilin sonuna qədər ölkədə, əsasən logistik mərkəzlərdə çalışan işçilərin sayını 24 minə çatdıracağını açıqlayıb.

“Fransanı seçin” Sammiti çərçivəsində ABŞ-ın “Pfizer” və Britaniyanın “AstraZeneca” şirkətləri də daxil olmaqla bir neçə əczaçılıq şirkəti Fransanın səhiyyə sektoruna bir milyard avrodan çox investisiya qoymağı vəd etdiklərini açıqlayıblar.

Qeyd edək ki, sammit çərçivəsində elan edilən ən böyük sənaye layihəsi karbon qazı emissiyalarını əhəmiyyətli dərəcədə azalda biləcək potensial gübrə fabrikidir.

Orxan Vahidoğlu, "İki sahil"