Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” fikirlər bu gün də qulaqlarda əks-səda verir. Bu fikirlərin davamı olaraq Müzəffər Ali Baş Komandan bu xoşbəxtliyini də ifadə etdi ki, ata vəsiyyətini yerinə yetirdim: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!”
Cənab İlham Əliyev birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşa şəhərində birinci yaşayış kompleksinin açılışında iştirak etdilər və bura köçmüş sakinlərlə görüşdülər. Dövlətimizin başçısı görüşdəki çıxışında bir daha diqqəti mədəniyyət paytaxtımızın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən söylədiyi çağırışlara yönəldərək qeyd etdi ki, bu gün isə Şuşanın yeni tarixi başlayır. Bu gün biz dirçəldilən Şuşanı görürük. Təkcə bu gözəl binalar deyil, Şuşada çox genişmiqyaslı quruculuq işləri gedir. Bu gün Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Bu birinci yaşayış kompleksində 450, ikincidə 300-ə, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Onun bir hissəsi artıq hazırdır: “Bu gün siz bu mənzillərə köçəcəksiniz. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Şərait çox gözəldir və əminəm ki, uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar.”
Prezident İlham Əliyev onu da vurğuladı ki, Şuşada quruculuq işləri, əslində, İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra başlamışdır: “İlk növbədə, Şuşaya yol çəkilməli idi. Çünki siz yaxşı bilirsiniz ki, işğala qədər olan dövrdə yol Xankəndi ərazisindən keçirdi. Ona görə Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkildi. İndi isə daha geniş magistral avtomobil yolu çəkilir. Yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir və yəqin ki, gələn ilin sonuna qədər o da hazır olacaq.”
Əgər cənab İlham Əliyevin Şuşaya ilk səfəri Füzuli rayonunda Füzuli-Şuşa yolunun və Füzuli Beynəlxalq Hava Limanının təməlinin qoyulması ilə yadda qalmışdısa, artıq onlar hazırda istifadəyə verilib, yol infrastrukturunun müsirləşdirilməsi, yeniləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Son üç ildən artıq dövrdə elə genişmiqyaslı bərpa-quruculuq işləri görülüb ki, onları sadalamaqla bitməz. Qısa müddətdə bu işləri görmək Azərbaycan dövlətinin qətiyyətinin, iqtisadi imkanlarının təqdimatıdır. Prezident İlham Əliyev ilk gündən bu əminliyi ifadə etdi ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduğumuz kimi, tarixi dədə-baba torpağımız olan Qarabağı da bərpa edəcəyik.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən bu dövr ərzində Qarabağın tacı Şuşaya reallaşdırdığı çoxsaylı səfərlərinin hər biri mədəniyyət paytaxtımızın simasının sürətlə dəyişməsini, əvvəlki şan-şöhrətinin özünə qayıtmasını, ənənələrin bərpasını şərtləndirir. Cənab İlham Əliyevin tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizə elə bir səfəri, eyni zamanda, elə bir müsahibəsi yoxdur ki, mədəniyyət paytaxtımızdan söz açmasın, onun dirçəldilməsinin vacibliyini bəyan etməsin. Bu, Şuşanın Azərbaycan xalqının, ölkə Prezidentinin ürəyində hansı uca zirvədə dayandığını nümayiş etdirir. Cənab İlham Əliyev şuşalılarla görüşündə bildirdi ki, Şuşanın dirçəldilməsi geniş vüsət alıb. Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə biz dünyanın aparıcı şirkətlərini cəlb eləmişik, təkcə Şuşa üçün yox, bütün azad edilmiş torpaqlar üçün ki, uzun illər ərzində ağır şəraitdə - çadırlarda, yataqxanalarda, uşaq bağçalarında, yararsız binalarda yaşamış insanlar bundan sonra yaxşı, rahat yaşasınlar. Bununla paralel olaraq həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır: “Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq - ən müasir, ən rahat, ən gözəl. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, əminəm, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək. Bir daha demək istəyirəm, biz azad edilmiş bütün torpaqlarda genişmiqyaslı proqramları icra edirik. Bu gün artıq Şuşa altıncı yaşayış yeridir ki, keçmiş köçkünlər buraya qayıdır. Bu gün, eyni zamanda, Laçının Sus kəndinə də keçmiş köçkünlərin qayıdışı nəzərdə tutulur və ilin sonuna qədər ən azı 20 yaşayış məntəqəsində artıq həyat bərpa ediləcək.”
Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 11-də Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində iştirak etdilər. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festival Şuşanın bu il İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinə həsr olundu. “Biz 28 il Şuşasız yaşayırdıq. Həm şuşalılar, həm bütün Azərbaycan xalqı bu illəri mənəvi əzab illəri kimi öz yaddaşlarında saxlayırlar və saxlayacaqlar. Dünən Şuşa şəhərinin dirçəldilməsi istiqamətində növbəti addım atılmışdır, ilk sakinlər uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıb burada məskunlaşmışlar” söyləyən cənab İlham Əliyev bu çağırışı da etdi ki, Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir. Şuşa, sözün əsl mənasında, dirçəlir. Şuşanın bir çox tarixi və dini abidələri işğal dövründə işğalçılar tərəfindən tamamilə dağıdılmışdır. Hazırda dörd məscid yenidən qurulub, digər məscidlərdə təmir-bərpa işləri aparılır. İşğala baxmayaraq, Şuşa öz ruhunu - Azərbaycan ruhunu qoruyub saxlaya bildi. Şuşaya gələn hər bir insan əyani şəkildə görür ki, burada Azərbaycan ruhu var. Şuşa işğal, əsarət dövründə əyilmədi və biz Şuşaya qayıtmalı idik. Şuşanın azad edilməsi tariximizin parlaq səhifəsidir.
Abil Ağasəfov,
YAP Qəbələ rayon təşkilatının sədri