15 may 2024 15:17
387

Sülhməramlı kontingent üzərinə düşən tapşırıq və vəzifələri yerinə yetirdi - Kərim Vəliyev

3 ildən artıq müddət əvvəl baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tam qələbəsi və ərazi bütövlüyünün bərpa edilməsi ilə sona çatdı.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş mərasimdə deyib.

Onun sözlərinə görə, 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanat nəticəsində atəşkəsə nail olundu və 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyuldu.

"Missiya müddətində sülhməramlı kontingent üzərinə düşən tapşırıq və vəzifələri yerinə yetirmiş, Qarabağ iqtisadi rayonu ərazisində sülhün və sabitliyin təmin olunması üçün səylərini əsirgəməmişdir.

Qeyri-qanuni erməni silahlı birləşmələrinin mülki əhaliyə qarşı davam edən təxribatlarının qarşısının alınması və Qarabağ iqtisadi rayonu üzərində Azərbaycan Respublikasının tam nəzarətinin bərqərar edilməsi məqsədilə 2023-cü ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirləri keçirilmişdir. Bu tədbirlər nəticəsində separatçı rejimin fəaliyyətinə son qoyuldu, Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı birləşmələri ölkə ərazisindən tam çıxarıldı.

Yaranmış vəziyyət nəzərə alınaraq ölkələrimizin ali rəhbərliyi tərəfindən Rusiya Federasiyasının sülhməramlı kontingentinin missiyasının vaxtından əvvəl dayandırılması barədə qərar qəbul edildi", - deyə K.Vəliyev əlavə edib.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilmişdi. Rusiya Federasiyası sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilmişdi. 10 noyabr bəyanatına əsasən isə sülhməramlı kontingentinin Azərbaycan Respublikasında qalma müddəti 2025-ci ildə yekunlaşırdı.