15 may 2024 17:00
411

Xocalıda sülhməramlıların missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib - YENİLƏNİB/FOTO

Mayın 15-də Xocalı hava limanında Rusiya Federasiyası sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib.  Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, eləcə də Rusiya Federasiyasının Müdafiə Nazirliyinin, sülhməramlı kontingentinin, Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi nümayəndələri, hərbi qulluqçular və media nümayəndələri iştirak ediblər.

“İki sahil” xəbər verir ki,  qonaqlar Rusiya Federasiyasının sülhməramlı kontingentinin Qarabağ iqtisadi rayonu ərazisində fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olduqdan sonra fəxri kürsüyə dəvət olunub və mərasimin proqramı elan edilib. Tədbirdə əvvəlcə həlak olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dövlət himnləri hərbi orkestrin müşayiəti ilə ifa olunub.
Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev tədbirdə çıxış edib.

Daha sonra Rusiya Federasiyası Silahlı Qüvvələrinin Quru Qoşunlarının Baş Qərargah rəisi general-polkovnik Aleksandr Lapin çıxış edərək Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin fəaliyyətindən danışıb. Rusiya Federasiyasının müdafiə naziri, Baş Qərargah rəisi və öz adından Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularına hərbi vəzifələrini layiqincə yerinə yetirdiyinə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi rəhbərliyinə isə səmərəli birgə əməkdaşlığa və əldə edilmiş anlayışa görə dərin minnətdarlığını bildirib.

Çıxışlar bitdikdən sonra Azərbaycan və Rusiya müdafiə nazirlərinin əmrləri ilə təltif olunan hərbi qulluqçulara medallar təqdim olunub, rəsmi qonaqlar arasında hədiyyə mübadiləsi baş tutub. Tədbirin sonunda Azərbaycan və Rusiya Müdafiə nazirliklərinin yaradıcı kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.