Bu gün Azərbaycan və Türkiyə müttəfiq ölkələrdir. Qardaş ölkələrimiz arasında münasibətlərin mühüm istiqamətlərindən birini isə müdafiə sənayesi sahəsində əməkdaşlıq təşkil edir.
Sirr deyil ki, Türkiyə güclü hərbi sənayeyə malikdir. Qardaş ölkənin müdafiə sənayesi hazırda bütün dünya tərəfindən qəbul edilir. İnkişaf etmiş, müasir müdafiə sənayesinin qurulması Türkiyənin böyük uğurudur. Hələ ötən ay aprelin 2-də Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, Türkiyə hərbi sənaye kompleksinin məhsulları keyfiyyət və səmərəliliyə görə artıq dünya səviyyəsində məşhurlaşıb.
Prezident İlham Əliyevin bugünkü Türkiyənin hərbi sənayesi barədə belə yüksək fikirlər ifadə etməsi təsadüfi deyil. Son illərdə qardaş ölkə hərbi texnika istehsalında, sözün yaxşı mənasında dünyanı təəccübləndirməyi bacarıb. Ölkənin daxili potensialı və milli resursları hesabına istehsal olunan PUA-lar, dəniz platformaları, quru hərbi maşınları, raketlər, radioelektron mübarizə vasitələri Türkiyənin hərbi gücünə güc qatmaqla qüdrətini artırır. Ötən ilin aprelində dünyanın ilk hərbi PUA gəmisi, eyni zamanda, da Türkiyənin ən böyük hərbi gəmisi olan “TCG Anadolu” ölkə donanmasının xidmətinə verilib. Dünyada bu miqyasda gəmiləri olan cəmi 12 ölkə var.
Türkiyə ən yeni nəsil texniki göstəricilərə malik qırıcılar, helikopterlər və avtomobillər də istehsal edir. Türkiyə milli döyüş təyyarəsi “KAAN”ı istehsal etməklə dünyada 5-ci nəsil qırıcı istehsal edən 5 ölkədən biri sayılır. “Hürjet” isə Türk Silahlı Qüvvələri üçün mövcud “F-16”ları da əvəz edəcək - “KAAN” yerli sursatla təchiz ediləcək.
Bu ilin fevralında Türkiyənin milli döyüş təyyarəsi olan “KAAN” ilk uçuşunu həyata keçirdi. “KAAN”ın Ankara səmasında reallaşan uçuşu uğurla başa çatdı. Türkiyə bu təyyarəni ABŞ-ın F-35 qırıcılarına alternativ olaraq istehsal edir. Bütün bunlar Türkiyənin hərbi sənayesinin parlaq nailiyyətləridir. Bu faktor beynəlxalq miqyasda qardaş ölkənin önəmini daha da artırır.
Azərbaycanla Türkiyənin hərbi sahədə əməkdaşlığının məzmunu kifayət qədər genişdir. İlk növbədə onu qeyd edək ki, NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə öz dəstəyini göstərir. Hazırda Türkiyə modelinə istinad edilməklə Azərbaycan Ordusunun yeni strukturunun formalaşdırılması, o cümlədən də komando birliklərinin yaradılması prosesi uğurla davam etdirilir. Birgə təlimlərin keçirilməsi artıq ənənə halını alıb. Təkcə ötən il qardaş ölkələrin hərbçiləri müxtəlif təyinatlı 14 birgə təlimə qatılıblar. Bu təlimlərin hərbi, siyasi əhəmiyyəti böyükdür.
2002-ci ildə Bakıda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında Müqavilə” iki dost ölkə arasında hərbi əməkdaşlığı daha da möhkəmləndirmək və Azərbaycanın Silahlı Qüvvələrinin yenidən qurulması işinə yardım etmək məqsədi daşıyırdı.
Hərbi əməkdaşlıq, siyasi, iqtisadi, mədəni sahələr üzrə faktiki olaraq xeyli dərinləşmiş münasibətlər iki qardaş ölkəni 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasına apardı. Qars Müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvəyə yüksəlib.
Haqqında bəhs olunan sənəddə Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsi sayəsində regionda yaranan yeni reallıqlar nəzərə alınıb. Bəyannamədə müharibədən sonrakı mərhələdə Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi-nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi vurğulanıb.
Bir sözlə, iki ölkə arasındakı hərbi əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Azərbaycanın hərbi baxımdan və müxtəlif sahələrdə inkişafı, coğrafi mövqeyini gücləndirməsi, eyni zamanda, Türkiyənin güclənməsi deməkdir. İki dövlət arasında hərbi sahədəki əməkdaşlıq regional təhlükəsizlik ehtiyacları nəzərə alınmaqla, inkişaf etdirilir. Bu mənada həm ikitərəfli səviyyədə, həm də NATO ilə əməkdaşlıq çərçivəsində hərbi sahədə əməkdaşlığın davamlı inkişafı bu müttəfiqliyin ayrılmaz hissəsidir.
Nigar Orucova, “İki sahil”