20 may 2024 02:15
500

Cənubi Qafqazın təhlükəsizliyinin təminatçısı - ŞƏRH

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri və səfər çərçivəsində işğaldan azad olunmuş Füzulidə, Şuşada olması, oradakı real vəziyyətlə yerində tanış olması çox böyük siyasi əhəmiyyət daşıyır.

İlk öncə xatırlatmağa dəyər ki, Belarus Ermənistanın torpaqlarımızı işğalda saxladığı bir zamanda da mütəmadi olaraq Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Diqqətəlayiq bir məqam da budur ki, Belarus liderinin Azərbaycana növbəti səfəri Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam şəkildə bərpa etdikdən sonrakı dövrə təsadüf etmişdir. Azərbaycanın bölgədə yeni geosiyasi reallıqlar yaratmış, iki ölkə arasındakı münasibətlər bölgədə yaranan reallıqlar dövründə yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur. Belarus lideri də Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlarla hesablaşaraq, ona uyğun siyasi mövqe sərgiləmiş və müvafiq bəyanat vermişdir.

Prezident Lukaşenko Prezident İlham Əliyevlə verdiyi birgə bəyanatda Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini təqdir etmişdir. O, bəyanatında Azərbaycanın son illərdə çox böyük nailiyyətlərə, xüsusən də Ermənistanın 30 illik işğalçılıq siyasətinə son verib səhraya çevrilmiş torpaqları qaytarmasına və bu problemi köklü şəkildə həll etdiyinə görə Prezident İlham Əliyevi bir daha təbrik edərək bunu Azərbaycanın müasir dünyada misli görülməmiş qələbəsi adlandırmışdır: “Azərbaycan son illər böyük nailiyyətlər əldə edib. Hər şeydən əvvəl özünün əsas problemini–uzun müddət səhraya çevrilmiş torpaqların qaytarılmasını həll edib. İlham Heydər oğlu deyir ki, bu torpaqları dirçəltmək, hansısa yeniliklər etmək lazımdır. Amma orada vəziyyət hələ pisdir, dirçəlişdən əvvəl bir çox şeyləri təmizləmək lazımdır. Bu, az iş deyil. Çünki, bu keçmişin ağır fəsadlarıdır, amma torpaqlar qaytarılıb və onları dirçəltmək lazımdır. Bu, Azərbaycanın həll edəcəyi daha uzunmüddətli ağır problem və vəzifədir... Mən hələ müharibədən əvvəl İlham Heydər oğlu ilə bu problemi müzakirə etdiyimiz vaxtları xatırlatdım. Həmin vaxt o mənə deyirdi ki, qarşıda insanları qaytarmağın lazım olacağı çox ağır dövr durur. Siz çox düzgün kurs götürmüsünüz. İnsanları qaytarmaq azdır, onları yaxşı, rahat evlərdə yerləşdirmək lazımdır, çünki, bir çoxları artıq şəhərlərdə anadan olublar. Amma bu da azdır. Yeni iş yerləri yaratmaq lazımdır. Mən ilk dəfə belə bir həcm barədə eşitdim ki, bu, Livanın bütün ərazisi, üstəgəl bütün bu ərazinin 50 faizi qədər sahədir.  İlham Heydər oğlu, bu torpaqları dirçəltmək üçün hələ uşaqlar da çox iş görməli olacaqlar”.

Belarus Prezidenti Azərbaycanı Cənubi Qafqazın təhlükəsizliyinin təminatçısı qismində görməsi barədə verdiyi bəyanat isə cənab Prezident İlham Əliyevin beynəlxalq miqyasda necə bir  yüksək nüfuza malik lider olduğunu ortaya qoydu. Lukaşenkonun "Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik. Zaman Sizi seçib, bizdə belə deyirlər və Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız. Əminəm ki, Siz bunu edəcəksiniz, həm də istərdim ki, tez edəsiniz, Siz bunu bacarırsınız. Siz bütün dünyaya göstərdiniz ki, Sizdən əvvəlki nəsillərin dövründə həll olunmayan ən mürəkkəb məsələləri həll etməyi bacarırsınız", - deməsi, Azərbaycana və onun lideri İlham Əliyevə verilən yüksək qiymətdir.
Növbəti ciddi məqam isə Belarusun Qarabağ və Şərqi Zəngəzurun bərpasına iştirak etməkdə maraqlı olmasıdır. Belarus lideri bəyan etdi ki, əgər həmin torpaqların dirçəldilməsi üzrə bu böyük prosesdə onlara yer tapılarsa, onda bu yükün altına girməyə hazırdırlar: "İlham Heydər oğluna tez-tez deyirəm ki, təbiət nadir hallarda övlada atanın istedadını bəxş edir. Siz çox işlər görmüsünüz. Bu gün ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız. Sizin təbiətiniz cənnətdir. Torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq. Bütün bunları ona görə deyirəm ki, əgər həmin torpaqların dirçəldilməsi üzrə bu böyük prosesdə bizə yer tapılarsa, onda bu yükün altına girməyə hazırıq və bu, sizin üçün sərfəli olacaq. Məsuliyyətlə bildirirəm ki, biz bunu böyük mənmuniyyətlə və dünyada heç kimin edə bilməyəcəyi səviyyədə edəcəyik. Çünki, Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var”.

Təbii ki, Lukaşenkonun Azərbaycana səfəri eyni hərbi-siyasi, iqtisadi ittifaqda təmsil olunduğu Ermənistanda çox ciddi narahatlıq və qısqanclıqla qarşılanıb, ciddi narahatçılığa səbəb olub. Belorus liderin Azərbaycan və Prezident İlham Əliyev haqqında xoş ifadələr işlətməsi, işğaldan azad olunmuş torpaqların dirçəldilməsində iştirak etmək niyyətində olması ermənilərdə ciddi ruh düşkünlüyü yaradıb.

Kubra Əliyeva 
204 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini,
YAP xətai rayon təşkilatının "General Şıxlinski küçəsi11" ünvanı üzrə ərazi partiya təşkilatının sədri