21 may 2024 00:56
422

Hədəflər reallığa çevrilir

Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfərləri Böyük Qayıdış Proqramının birinci mərhələsinin uğurlu sonluqla başa çatacağı barədə aydın təsəvvür yaratdı    

Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  tarixi Zəfərimizdən dərhal sonra noyabr ayının 16-da  Füzuli və  Cəbrayıl rayonlarına, o cümlədən  Füzuli  və Cəbrayıl  şəhərlərinə səfərləri ilə  Böyük Qayıdış Proqramının icrasına start verildi. Cənab  İlham Əliyevin göstərişi əsasında Füzulidən Şuşaya yolun çəkilişinə başlanıldı. Layihənin icrasının gedişi ilə tanış olduqdan sonra  «Son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. Deyə bilərəm ki, 2004-cü ildən bu günə qədər 16 min kilometrdən çox avtomobil yolu çəkilibdir və yollar keyfiyyətlidir. Bu göstəriciyə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Ancaq bu yolun xüsusi əhəmiyyəti var. Dediyim kimi, bu yol bizi Şuşaya aparır. Eyni zamanda, bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir» söyləyən Prezident İlham Əliyev bu məqamı xüsusi vurğuladı ki, bu gün artıq  quruculuq işlərinə başlamışıq. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq bu yerdən – Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu yol çox rahat və geniş olacaq. Bu yol imkan verəcək ki, Şuşaya rahat gedib-gələ bilək.

O günə yenidən nəzər salmağımız səbəbsiz deyil. O vaxtdan ötən  üç ildən artıq müddətdə işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin miqyası görülən işlərin həcmi barədə aydın təsəvvür yaradır. Qeyd edək ki, bu günədək Füzuli, Laçın və Şuşa şəhərləri, həmçinin Ağalı, Talış,  Zabux və Sus kəndləri sakinlərinə qovuşub. Cari ilin əsas hədəfləri sırasında Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərləri də vardır.  Birinci Qayıdış Proqramının icrasının başa çatacağı 2026-cı ilədək  140 min keçmiş məcburi köçkünün öz doğma yurd-yuvalarına qayıdışı nəzərdə tutulub.

Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə  davamlı səfərlərinin hər biri bu torpaqlarda  yeni sosial obyektlərin açılış və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır.

Onu da qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə işlərin sürətinə təsir göstərən amillərdən biri bu torpaqların  Ermənistan tərəfindən minalanması, ən əsası minalanmış sahələrin xəritələrinin verilməməsidir. Bu baxımdan  minaların təmizlənməsi xeyli vaxt itkisinə səbəb olur.

Onu da qeyd edək ki, tarixi Zəfərimizdən sonra  Dövlət proqramlarının qəbulunda da yeniliklərə, təkmilləşməyə böyük zərurət duyuldu. Dövlət başçısı  İlham Əliyevin  Fərmanı əsasında iqtisadi rayonların yeni bölgüsünün həyata keçirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması tarixi Zəfərimizin yaratdığı reallıqların təqdimatı oldu. Bu Fərmanın ardınca cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq  «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Hər iki sənəd işğaldan azad edilmiş ərazilərimizin malik olduqları potensial imkanların təqdimatında öz sözünü dedi. Belə ki, gələcəkdə  bu torpaqlarımızın  malik olduqları təbii resursların hesabına Azərbaycanın dayanıqlı inkişafına dəstək vermək üçün bu  ərazilər arasında ixtisaslaşmanın aparılmasına, hansı resurslara malik olmalarının müəyyənləşdirilməsinə böyük  zərurət duyuldu. O da məlumdur ki,  son illər dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq ölkəmizdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqət göstərilir. Bunun üçün rayonlar arasında ixtisaslaşma aparıldı, konkret sahələrin inkişafına xidmət edən Dövlət proqramları təsdiqləndi və hazırda uğurla icra edilir. İşğaldan azad edilmiş torpaqların malik olduqları potensialı da nəzərə alsaq gələcəkdə dayanıqlı inkişafa nail olmaq üçün böyük potensialı görürük. Belə ki, bu ərazilərimizin malik olduqları münbit torpaqların hesabına Azərbaycanın ixrac potensialı  xeyli artacaq. Ölkə Prezidenti İlham Əliyev  bu istiqamətdə də  yeni bazarların tapılması üçün  müvafiq tapşırıqlarını verib.

Dövlətimizin başçısının Sərəncamı əsasında təsdiqlənən Milli Prioritetlərdə də bu hədəf xüsusi yer alır ki, Qarabağ bölgəsi yaşıl enerji zonası kimi dünya üçün bir nümunə olacaq. Mayın 19-da Prezident İlham Əliyevin və İran İslam Respublikasının mərhum Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi. Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb. 2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqları, o cümlədən hidroqovşaqların tikildiyi ərazi işğaldan azad edilib. Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismara qəbulu ilə əlaqədar bəzi məsələlər barədə Sərəncama əsasən, 2021-ci ildə “AzərEnerji” ASC Azərbaycan  tərəfindən sifarişçi kimi müəyyən edildi. Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında su bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının doldurulması işlərinə başlanılıb. Hazırda “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız Qalası” su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir. “Xudafərin” və “Qız Qalası” Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafının mühüm elementlərindən olmaqla bərabər, regional əməkdaşlıq əlaqələrinə də təkan verəcək. Stansiyaların qoşulacağı “Cəbrayıl” enerji qovşağı ölkəmizin Şərqi Zəngəzur və Naxçıvan bölgələri arasında yeni enerji bağlantısına xidmət edəcək. Bu layihələr, eyni zamanda, “yaşıl enerji” sahəsində ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni perspektivlər vəd edir. Göründüyü kimi, “Xudafərin” və “Qız Qalası” ölkələrimiz üçün ekoloji, enerji, iqtisadi əhəmiyyət daşıyan infrastruktur layihələri olmaqla bərabər, bölgədə inkişafa, təhlükəsizliyə, dostluğa xidmət edən uzunmüddətli əməkdaşlıq körpüsüdür.

Azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin tapşırığı ilə  yol infrastrukturunun bərpası prioritet məsələ kimi öndədir. Dövlətimizin başçısının bu ərazilərə dəfələrlə səfərlərinə diqqət yetirdikdə  yol tikintisinə xüsusi diqqət yetirildiyini, səfərdən sonra yeni yolların tikintisi ilə bağlı Sərəncam imzaladığını xüsusi qeyd etməliyik. Avtomobil yolu , dəmir yolu və hava limanının tikintisi prioritetdir. Ötən üç ildən artıq dövrdə  Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi, Laçın Beynəlxalq Hava Limanının 2025-ci ilin əvvəlində istismara buraxılmasının nəzərdə tutulması görülən işlərin sürəti, ən əsası ölkəmizin iqtisadi imkanları barədə aydın təsəvvür yaradır. 

İşğaldan azad edilmiş ərazilərdə yeni dövlət idarəetmə modelinin tətbiqi ölkə miqyasında mühüm məsələdir. Artıq  Prezident İlham Əliyev  tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa, tikinti və idarəetmə xidməti göstərmək üçün müvafiq publik hüquqi şəxslər yaradılıb.  Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sənaye parkları, aqroparklar yaradılır. Hazırda Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası", Zəngilanda “Dost Aqropark” yaradılır.  Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizm və “yaşıl enerji” potensialının reallaşdırılması ilə bağlı mühüm işlər görülüb, Şuşa, Ağdam və Kəlbəcərdə turizm obyektlərinin təməli qoyulub. Azad edilmiş ərazilərimiz  böyük turizm potensialına malikdirlər. 30 ilə yaxın dövrdə mənfur düşmən bu potensialdan istifadə edərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışıb.Yaxın perspektivdə isə Qarabağ Azərbaycanın əsas turizm zonasına çevriləcək.  Beynəlxalq turizm sərgilərində Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstəriləcək. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra Qarabağ turistlərin sevimli məkanlarından biri olacaq.

2022-ci ilin 16 noyabr tarixində təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasında mühüm əhəmiyyətə malikdir. Bu proqram 2026-cı ilə kimi görüləcək tədbirləri əhatə edir. Bu çərçivədə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında müvafiq infrastruktur qurulur.  2024-cü il yanvarın 30-dək işğaldan azad edilmiş ərazilərə köçürülən əhalinin say tərkibinə diqqət yetirdikdə bərpa-quruculuq işlərinin miqyası barədə aydın təsəvvürə malik olmaq mümkündür. Böyük Qayıdış çərçivəsində indiyədək 1360 ailə, 5354 nəfər doğma yurdlarına köçürülüb.  Şəhər və kəndlər üzrə siyahıya uyğun olaraq Füzuli şəhərinə 527 ailə (1969 nəfər), Laçın şəhərinə 431 ailə (1627 nəfər), Ağalı kəndinə 175 ailə (871 nəfər), Talış kəndinə 20 ailə (90 nəfər), Zabux kəndinə isə 207 ailə (797 nəfər) köçürülüb. Cari ilin ötən dövründə həm həmin məkanlara, həm də yeni qayıdış ünvanı olan Şuşaya və Sus kəndinə qovuşan  sakinlərin sayını da əlavə etsək doğma yur-yuvasına qayıdan  söydaşlarımızın sayının daha böyük rəqəmlə ifadə olunduğunu görərik.  Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinə başlanan andan bu tapşırığı verdi ki, bütün ərazilərimiz müasir tələblər səviyyəsində yenidən qurulacaq, hər bir yenilik bu torpaqlarda öz əksini tapacaq. 30 illik işğal dövründə çətinlik şəraitində yaşayan  soydaşlarımızın rahat yaşayışı üçün bütün zəruri işlər görülməlidir. Cənab İlham Əliyev bu günlərdə ölkəmizdə dövlət səfərində olan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə  birgə mətbuata bəyanatında bu mühüm məqamı xüsusi qeyd etdi ki, əlbəttə, bizim birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar.

Göründüyü kimi, oz doğma yurd-yuvalarına qayıdan soydaşlarımızın yüksək həyat şəraitinin təmin edilməsi üçün bütün işlər görülür. Onların məşğulluğunun təmin edilməsi prioritet məsələlər sırasındadır. Sosial xidmətin təminatı üçün bu ərazilərdə də «ASAN xidmət», DOST mərkəzlərinin yaradılması qarşıda dayanan hədəflər sırasındadır. İlk «ASAN xidmət» Şuşa şəhərində tikilib. Növbəti  mərkəzin isə Füzulidə tikiləcəyi bildirilir. Tarixi sahibinə qovuşan torpaqlarımız «ağıllı şəhər» və «ağıllı kənd» layihələri üzrə yenidən qurulur. Daim ilklərə imza atan Azərbaycan bu gün «ASAN xidmət», DOST layihələrinin davamı olaraq «ağıllı şəhər» və «ağıllı kənd» konsepsiyası ilə diqqətdədir. Cənab İlham Əliyev bu hədəfi də açıqlayır ki, gələcəkdə digər bölgələrimizdə də bu layihələr tətbiq edilə bilər.     

Təbii ki, tarixi Zəfərimizdən ötən üç ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin hamısını bir yazı çərçivəsində tam şəkildə qeyd etmək mümkün deyil. Onların xronologiyasını belə təqdim etmək mümkünsüzdür. Çünki görülən işlərin miqyası olduqca genişdir. Bunun üçün təkcə dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın may ayının ötən dövründə işğaldan azad edilmiş ərazilərimizə səfərləri zamanı açılışında və təməlqoyma mərasimində iştirak etdikləri sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir.  Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Ümummilli Lider Heydər Əliyevin andan olmasının  101-ci ildönümü günündə Füzuli və Laçın rayonlarında, Şuşa şəhərində oldular. Xeyli sayda sosial obyektlərin açılışı, bəzilərində görülən işlərlə tanışlıq oldu, kəndlərin təməli qoyuldu. Cənab İlham Əliyev  Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Füzuliyə və Şuşaya səfər etdilər. Belarus Prezidenti 30 illik işğal dövründə ermənilərin törətdikləri dağıntıların şahidi oldu, həmçinin Azərbaycanın öz tarixi torpaqlarına qovuşduqdan sonra apardığı genişmiqyaslı bərpa-quruculuq işlərindən böyük sevinc hissi keçirdi.

Mayın 18-də dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Cəbrayıl və Zəngilan rayonlarına səfər etdilər. Səfər çərçivəsində  Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı kəndlərinin təməli qoyuldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda  «Ağalı» hotelinin, Zəngilan məscidinin açılışında  iştirak etdilər.  Zəngilan rayonunun  Mincivan qəsəbəsinin təməli qoyuldu. «AzərEnerji» ASC-nin  «Zəngilan» və «Sayıflı» Su Elektrik stansiyaları istifadəyə verildi.  Həmçinin Zəngilan şəhərinin daxili yol- kommunikasiya şəbəkəsinin təməli qoyuldu. Təkcə bir səfər çərçivəsində atılan addımlar  ümumilikdə görülən işlər barədə aydın təsəvvür yaradır.        

Arxada qalan hər gün bizi Böyük Qayıdış Proqramının icrasının  vaxtından əvvəl başa çatdırılmasına yaxınlaşdırır. Dost ölkələrin bu prosesə dəstəyi diqqətdən kənarda qalmır. Bu günlərdə ölkəmizdə səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin bu prosesə dəstək verməyə hazır olduğunu bildirdi. Cənab İlham Əliyev qeyd etdi ki, Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları,  aqroşəhərciklərin tikintisi təcrübəsi var. Aleksandr Lukaşenko bildirdi ki,  azad etdiyiniz ərazilərdə, xüsusən aqrar torpaqlarda Belarus təcrübəsi üzrə aqroşəhərciklər və bütün infrastrukturu yaratmağa, iş yerləri açmağa, yəni, komplekslər tikməyə, həmçinin fermer təsərrüfatları yaratmağa hazırıq. Venesueladan başlayaraq, bizim belə bir təcrübəmiz var: «Amma bura Venesuela deyil, yaxındır, eyni dildə danışırıq, bir-birimizi başa düşürük. Ona görə də həmin torpaqlarda sizin üçün, ilk növbədə, iş yerləri olan aqroşəhərcik tikəcəyik. Baxarsınız, sizə uyğun olarsa, biz onların sayını artırarıq. Belə ki, bu gün Prezidentə bizim böyük sərvətimizin – meşələrimizin olduğunu söylədim. Bizdə o qədər taxta-şalban var ki... Bu, Azərbaycanda qıtdır. Bu məsələdə təbiət bizi mükafatlandırıb. Biz orada sizin üçün evlər yaratmağa hazırıq. Belarusda taxta evlər təcrübəsi geniş yayılıb. Evi hissələrlə vaqonlarda gətiririk, bir həftə ərzində bünövrəsi üzərində tikib qurtarırıq. Biz Belarusda bu cür edirik. Əgər sizə uyğun gələrsə, biz tədarük edə və sizin dirçəldilən ərazilərdə belə evlər tikə bilərik. Bir sözlə, çox böyük planımız var. Biz işləməyə davam edəcəyik.»

Göründüyü kimi, Azərbaycanın bərpa-quruculuq işlərini tezliklə başa çatdırıb soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışının tam şəkildə həyata keçirilməsi dost, qardaş ölkələrin də səbirsizliklə gözlədikləri gündür. Bunun üçün dost, qardaş dəstəyini göstərməyə hazır olduqlarını təşəbbüsləri ilə yanaşı, real addımları ilə də təsdiqləyirlər.

Yeganə Əliyeva, «İki sahil»