21 may 2024 14:30
295

Zafarxodja Tursunov: Azərbaycanın Daşkəndlə iqtisadi əlaqələri potensiala uyğun deyil

Daşkənddə Azərbaycan kapitallı müəssisələrin sayı 180-nə çatıb.

“İki sahil” xəbər verir ki, bunu Daşkənd şəhərinin (Özbəkistan Respublikası) rəhbərinin müavini Zafarxodja Tursunov Qubada keçirilən II Azərbaycan-Özbəkistan regionlararası forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan iş adamlarının tikinti, xidmət və sənaye sahəsindəki layihələrə böyük marağı var.

"Azərbaycanın Daşkəndlə qarşılıqlı ticarət dövriyyəsi ötən il 80 milyon ABŞ dollarından, bu ilin birinci rübündə isə 25 milyon ABŞ dollarından çox olub. Daşkəndi 2023-cü ildə Azərbaycandan 8 mindən çox turist ziyarət edib. Bununla belə biz dərk edirik ki, mövcud nəticələr tərəflərin potensialına uyğun deyil. Ona görə də biz təklif olunan imkanlardan ticarət-iqtisadi əməkdaşlığı genişləndirmək üçün istifadə etməliyik", - deyə Z.Tursunov qeyd edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 178,8 milyon ABŞ dolları təşkil edib, 2024-cü ilin yanvar-mart aylarında isə 35,8 milyon ABŞ dolları səviyyəsində olub.