24 may 2024 02:14
411

Güclü ordumuz, azad yurdumuz!

Taktiki hərbi təlimlər silahlı qüvvələrimizin döyüş qabiliyyətinin daha da artırılması üçün xüsusi əhəmiyyətə malikdir

Dünyada münaqişələrin və silahlı toqquşmaların artdığı bir vaxtda Azərbaycanın təhlükəsizliyini şərtləndirən ən mühüm amillərdən biri də qüdrətli orduya sahib olmaqdır. Çünki elə qarışıq dövrdə yaşayırıq ki, böyük dövlətlər münaqişələri artıq beynəlxalq qanunlarla deyil, dağıdıcı müharibələr vasitəsilə həll etməyə çalışırlar. Cənubi Qafqazın müxtəlif ölkələrin maraqlarının toqquşduğu region olduğunu da nəzərə alsaq, Azərbaycanın öz müstəqilliyini, ərazi bütövlüyünü qoruması və daha da inkişafı naminə ordumuzun güclənməsi son dərəcə zəruridir. Onu da nəzərə almaq lazımdır ki, Ermənistanla aparılan danışıqlar hələ ki sülh müqaviləsinin imzalanması ilə yekunlaşmayıb və bundan istifadə edən bəzi dairələr ölkəmizə qarşı məkrli siyasətlərini davam etdirməkdədirlər.

Öz yenilməzliyini, qüdrətini, peşəkarlığını döyüş meydanlarında qazandığı qələbələrlə sübut etmiş rəşadətli ordumuz hər zaman qürur yerimizdir. 2016-cı ildə Aprel döyüşləri ilə startı verilmiş Zəfər marafonunun davamı olan 44 günlük Vətən müharibəsi və nəhayət, 2023-cü il sentyabrın 20-də cəmi bir günə yekunlaşan lokal xarakterli antiterror tədbirləri ilə ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə təmin edən Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, hərbi arsenalının müasir silah və texnika ilə yenilənməsi dövlətimiz üçün prioritet istiqamətlərdən biri olaraq qalır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında qeyd etmişdi ki, biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq: “Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərindən biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək. Bu gün də belədir, amma daha böyük işlər də görülməlidir. Hər halda, Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Azərbaycan xalqı bundan sonra da rahat yaşaya bilər və yaşamalıdır.”

Bu gün dövlət başçımızın dediyi kimi, ordu quruculuğu sahəsində daha böyük işlər görülür, ən müasir innovativ texnologiyaların tətbiq edilməsi ilə zəruri islahatlar, təkmilləşdirmə prosesi həyata keçirilir. Təsadüfi deyil ki, Vətən müharibəsinin başa çatmasından keçən təxminən üç il yarım ərzində Silahlı Qüvvələrimizin maddi-texniki bazası daha da gücləndirilib, silah arsenalı təkmilləşdirilib, beynəlxalq hərbi əməkdaşlıq inkişaf etdirilib. Son illər Azərbaycan Ordusunun qardaş Türkiyənin Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində də ciddi islahatlar aparılıb. Yeri gəlmişkən, son illər təkcə Azərbaycan və Türkiyə deyil, Türk Dövlətləri Təşkilatının üzvü olan digər ölkələrin ordularının da birgə təlimlərə cəlb edilməsi diqqətdə saxlanılır. Bu məqsədlə mütəmadi olaraq müxtəlif növ silahlı birləşmələrin iştirakı ilə ikitərəfli və çoxtərəfli təlimlər keçirilir.

Təlimlərin ardıcıllığı Azərbaycanın öz Silahlı Qüvvələrinin peşəkarlığının artırılmasına nə qədər önəm verdiyinin daha bir göstəricisidir. Məsələn, bugünlərdə Türkiyəmn Konya şəhərində hərbçilərimizin də iştirakı ilə “Anadolu Ankası – 2024” (“Anatolian Phoenix – 2024”) beynəlxalq axtarış-xilasetmə təlimi keçirilib. Təlimdə hərbi pilotlarımız tərəfindən Su-25 ML hücum təyyarələri ilə şərti düşmənin yerüstü hədəflərinin aşkar olunması, onlara aviasiya zərbələrinin endirilməsi və irəliləyən qruplara yaxın hava dəstəyinin verilməsi üzrə tapşırıqlar qarşılıqlı əlaqədə müvəffəqiyyətlə yerinə yetirilib. Eyni vaxtda yenə də qardaş Türkiyədə müxtəlif ölkələrin hərbi qulluqçularının cəlb olunması ilə keçirilən “EFES –  2024” çoxmillətli təlimi isə davam edir. Bu təlimdə də Azərbaycan hərbçiləri ənənəvi olaraq iştirak edirlər.

Qeyd edək ki, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, iştirakçı ölkələrin hərbi qulluqçularının birgə fəaliyyətinin təşkili, qərargah zabitlərinin xəritə üzərində qərar qəbuletmə bacarıqlarının artırılması, həmçinin onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən “EFES –  2024” mayın 30-dək davam edəcək.

Beynəlxalq təlimlərlə yanaşı, Azərbaycanda müxtəlif qoşun növlərinin illik hazırlıq planına uyğun olaraq da mütəmadi olaraq təlimlər keçirilir. Artilleriya bölmələrinin mayın 20-də başa çatan döyüş atışlı taktiki təlimi də bu qəbildəndir. Müdafiə Nazirliyinin məlumatına görə, təlimin planına əsasən, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, qurğuların döyüş tətbiqinə hazırlanması, şərti düşmən hədəflərinin aşkar olunaraq dəqiq atəşlə məhv edilməsi, eləcə də qarşıya qoyulan digər tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına kompleks yanaşmanın nəticəsi olaraq xidmətdə olan hərbi qulluqçularla yanaşı, ehtiyatda olan hərbi vəzifəlilər üçün təlim-toplanışların keçirilməsi də xüsusi əhəmiyyət daşıyır. Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev bugünlərdə səfərbərlik hazırlığı üzrə təlim toplanışına cəlb olunmuş hərbi vəzifəlilərlə görüşündə ehtiyatda olan hərbi qulluqçuların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə təlim toplanışlarının mütəmadi keçirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd edib.

Silahlı Qüvvələrimizin gücü, qüdrəti Vətənimizin azadlığının və suverenliyinin təminatıdır. Bizə şanlı Qələbələr yaşatmış müzəffər ordumuz bundan sonra da dostlar üçün qürur yeri, düşmənlər üçünsə gözdağı olacaq!

Mahir Rəsuloğlu, “İki sahil”