24 may 2024 15:31
316

Qazaxın dörd kəndinin azad edilməsi Prezidentə məruzə edilib, Azərbaycan bayrağı ucaldılıb

Bu gün Qazaxın işğaldan azad edilən dörd kəndində Azərbaycanın Dövlət bayrağı ucaldılıb.

“İki sahil” xəbər verir ki, Dövlət Sərhəd Xidməti Baş Qərargahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi, general-mayor Vüsal Sultanov bununla bağlı Prezident İlham Əliyevə məruzə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşündə imzalanmış Protokola əsasən, delimitasiya işləri aparılıb. Nəticədə 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.