26 may 2024 18:00
470

Müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cumhuriyyətinin varisidir

1918-ci il mayın 28-də çar Rusiyasının  əsarətindən azad olan xalqımız müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini quraraq  Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul etmişdir. Dövlət müstəqilliyinin elan edilməsi ilə yanaşı  Azərbaycanın ilk Parlamenti və Hökuməti, həmçinin bayrağı, himni və gerbi təsis edilməklə, ana dili dövlət dili elan edildi. Qısa müddətdə ölkədə ordu quruculuğuna başlamaqla  Azərbaycanın ilk universiteti təsis olundu.

Xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək vətəndaşlar arasındakı  bərabərsizliyi ortadan qaldıraraq  bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsini təmin etdi.
Müxtəlif dövlətlərin marağı ilə ölkə qarşı təşkil edilən çoxsaylı yürüş və  hərbi  təzyiqlər nəticəsində gənc dövlətin parlamenti 1920-ci il aprelin 27-də süquta uğradı. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq şərəfli fəaliyyətinə  son qoyuldu.

Azərbaycan Demokratik Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Ruhu azad olan bir milləti heç kəs köləlikdə saxlaya bilməz.  1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini bərpa edərək  Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri və himninə sadiqliyini elan etdi. Lakin o zaman hakimiyyətdə olan naşı və səriştəsiz rəhbərliyin  təcrübəsiz fəaliyyəti sayəsində hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı təqdirdə  xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməsi nəticəsində  Azərbaycanda dövlət  müstəqilliyinin yeni mərhələsi başlandı.  

Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsil dönüş yarandı. Uzaqgörən liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Milli Ordu formalaşdırıldı, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin mayında həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.

Həmçinin beynəlxalq aləmdə Azərbaycana qarşı artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyev tərəfindən hazırlanmış müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının parlaq təzahürü olmaqla beynəlxalq aləmdə nüfuzunu daha da artırdı.
Ulu Öndər Heydər Əliyev çıxışlarında  dəfələrlə bildirmişdir ki, “Biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. İlk demokratik cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu bizim milli bayramımızdır”.

Bu gün Ulu Öndər ideyaları  onun layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalaması, 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi onun milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir. Cənab Prezidentin tarixi keçmişimizə, varisi olduğumuz Xalq Cümhuriyyətinə bu qədər önəm verməsi xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır.Ölkə başçısı cənab  İlham Əliyev və birinci vitse prezident Mehriban xanım Əliyevanın birgə gərgin əməyi nəticəsində sürətlə dəyişən çağdaş dünyada bütün beynəlxalq görüşlərdə və aparılan yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafeləri uğurla  müdafiə edilir.

Qürurverici  haldır ki, artıq müstəqil dövlətimiz bir çox mötəbər, beynəlxalq tədbirlərə məharətlə ev sahibliyi edir. Bu isə ölkəmizin dünyada artan nüfuzundan və ona olan dərin inamdan xəbər verir.  Azərbaycan təkcə  regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə və strateji əməkdaş kimi qəbul edilir.  Fərəhli haldır ki, 2020-ci il 8 Noyabr Möhtəşəm Zəfər tariximizdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının növbəti ildönümünü xalqımız  qürur və sevinc hissi ilə qarşılayır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan  cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun düşmənə qarşı 27 sentyabr 2020-ci il tarixdən başlayaraq cəmi 44 gün davam edən Vətən müharibəsi zamanı Ermənistan ordusu üzərində  Möhtəşəm  Qələbəsi ilə dövlətimizin ərazi bütövlüyü bərpa edilmişdir. Bu isə dövlət müstəqilliyimizin ildən-ilə möhkəmləndiyini qüdrətinin daha da artdığını göstərir. Bir daha  bütün bunlar əminliklə söyləməyə əsas verir ki,  müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır.

Aynur Qənbərova,
Bakı şəhəri, 263 nömrəli tam orta məktəbin Uşaq birliyi təşkilatı rəhbəri,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədrinin müavini