27 may 2024 14:42
364

İstiqlal Bəyannaməsi müasir, müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin əsaslarını qurdu

Bu günlərdə Azərbaycan öz tarixinin ən əlamətdar günlərindən birini – Müsəlman dünyasında parlamentar idarəetmə formasına sahib ilk demokratik və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 106-cı ildönümünü qeyd edir. Bu, Azərbaycan xalqının tarixində olan birliyi xatırladan ən parlaq səhifələrdən biridir.

1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası, Vətənini canından da çox sevən igid babalarımız İstiqlal Bəyannaməsini imzaladıqdan sonra Azərbaycanın ilk Parlamenti və Hökuməti təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, dövlət atributları yaradıldı, ana dili dövlət dili elan olundu, Azərbaycan vətəndaşlığı institutu təsis edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, bütövlükdə dövlətçilik ənənələrinin formalaşmasın əsası qoyuldu, xalqımızın müstəqillik hissləri daha da gücləndi.

Yeni fəaliyyətə başlamış Parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rola malik oldu.

Ölkədə yaşayan bütün xalqların və siyasi partiyaların, eləcə də bütün etnik və dini qrupların Parlamentdə təmsil olunması demokratik iştirakçılıq dəyərlərinə verilən ən əsas diqqət idi. Parlamentdəki sözü gedən yüksək təmsilçilik şübhəsiz ki, gələcək demokratik və multikultural dövlətin əsas göstəricisi oldu. 23 ay ərzində AXC hökuməti bir sıra qanunlar qəbul etmiş, siyasi, hərbi, hüquqi və iqtisadi islahatlar həyata keçirmişdir.

Yeni qurulmuş Cümhuriyyətin atdığı ilk addımlar isə xalqın savadlanması və təhsilin arzu olunan səviyyəyə çatdırılmasından ibarət idi. Bu istiqamətdə 1919-cu ildə Bakı Dövlət Universiteti və bir çox digər təhsil müəssisələri yaradıldı. Eyni zamanda, şəffaf hüquq və məhkəmə sisteminin qurulmasına təkan verildi.

Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm işlər görüldü. Məhz dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti nəticəsində ölkəmiz dünyanın siyasi nizamının yenidən qurulduğu bir zamanda beynəlxalq hüququn subyektinə çevrilə bildi və bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısı alındı.

28 may yalnız Azərbaycan xalqı üçün yox, demokratik və respublika dəyərlərini qeyd edən bütün ölkələrdə əhəmiyyətli bir tarix olmalıdır. AXC-nin öz inkişaf yolunda özünə bələdçi etdiyi dəyərlər bu gün də dünyanın çatmaq istədiyi qlobal məqsədlərin hədəfləri ilə üst-üstə düşür.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsipinə əsaslanan AXC-nin cəmi 23 ay yaşamasına baxmayaraq xalqın istiqlal arzusu ölmədi. Beləliklə 71 il sonra, 1991-ci ildə oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olundu və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edildi.   

Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.” Taleyimizin həll olunduğu ağır bir zamanda qədirbilən Azərbaycan xalqının təkidli tələbinə səs verərək yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev müstəqil müasir Azərbaycanın qurucusu və memarına çevrildi.

Ümummilli Lider ilk dəfə 17 noyabr 1990-cı il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasına rəhbərlik edərkən, Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə məhz Xalq Cümhuriyyətindən miras qalan, bizi tanıdan, mənəviyyatımızı, milliliyimizi əks etdirən üçrəngli bayrağımızı iclas zalına gətizdirərək rəsmi Dövlət bayrağı kimi təsdiq olunmasına heçnədən qorxmayaraq nail oldu.

 30 ildən artıq bir müddətdə Azərbaycan tarixinin müstəqillik dövrünü əhatə edən üçrəngli bayrağımız Azərbaycanın müstəqilliyinin qorunması, suverenliyinin bərpa olunması, qələbələrimizin təmin olunmasında iradəmizi daha da möhkəmləndirdi, bütün platformalarda bizə mənəvi güc verdi.

Bu gün isə Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının Şuşada, Xankəndidə, suveren Azərbaycanın bütün ərazilərində dalğalanması Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.

Ölkə başçısı tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ölkəmizin dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin bariz nümunəsidir.

Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi də dövlətçilik ənənələrinə öz ehtiramını nümayiş etdirərək 2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq etdi. Həmin Qanuna əsasən Azərbaycanda 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi. Bu, dövlət suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.

Bu gün dünya siyasi arxitekturasının yenidən formalaşdığı bir dövrdə Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək əldə olunmuş nailiyyətlərin, Zəfərin əbədi qalmasını təmin edəcəkdir. Prezident İlham Əliyevin söylədiyi kimi, “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!”

Məzahir Əfəndiyev,

Milli Məclisin deputatı