27 may 2024 17:01
508

Möhkəm müttəfiqlik və islam həmrəyliyi

Azərbaycan xalqı ümumbəşəri və islami dəyərlərə, tarixi kökünə bağlılığını hər zaman öz fəaliyyəti ilə əyani şəkildə sübuta yetirmişdir. Tərəfdaşa hörmət, dosta sədaqət, səmimi və mehriban münasibətləri qoruyub saxlamaq istəyi hər zaman xalqımızın yüksək mənəvi keyfiyyətləri sırasında olmuşdur. Müasir dövrdə də Azərbaycan xalqı bu keyfiyyətlərini qoruyub saxlayır, inkişaf etdirir. Ölkəmiz dünya və region dövlətləri, beynəlxalq təşkilatlar ilə hər zaman qarşılıqlı faydalı əməkdaşlıq qurmağa çalışır, elə bir əməkdaşlıq ki, bundan bütün tərəflər fayda əldə etsinlər. Azərbaycan Respublikasının artan iqtisadi potensialı ölkəmizi xarici dövlətlər üçün daha da cəlbedici edir. Etibarlı əlaqələrin qurulması istənilən dövlətin maraq dairəsində olan məsələdir.

Son dövrlərdə əməkdaşlığımızı genişləndirdiyimiz dövlətlərdən biri də Tacikistan Respublikasıdır. 23 may 2024-cü ildə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri baş tutdu. Elə həmin gün möhtərəm Cənab İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda dövlət başçımız bir çox vacib məqamlara toxundu.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında diplomatik münasibətlər hələ 29 may 1992-ci ildə qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Ölkələrimiz arasında səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. Belə ki, Prezident İlham Əliyev Tacikistana indiyədək altı dəfə səfər edib. Ölkələrimiz arasında münasibətlər parlamentlər səviyyəsində də uğurla davam etdirilir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

23 may 2024-cü ildə “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Tacikistan Respublikasının Sənaye və Yeni Texnologiyalar Nazirliyi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında İcra Xidməti arasında məhkəmə aktlarının və digər orqanların aktlarının icrası sahəsində əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i və “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” sənədləri imzalandı.

Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında möhkəm müttəfiqlik əlaqələrin qurulması gələcək illərdə regional əməkdaşlığa, iqtisadi inkişafa, təhlükəsizliyə və nəhayət islam həmrəyliyinin möhkəmlənməsinə çox mühüm töhvələr verəcək.

 Cavid Məmiyev,

 YAP Sumqayıt şəhər təşkilatının sədr müavini