27 may 2024 23:27
334

Eynulla Mədətlinin monoqrafiyası ilə dialoq

EYNULLA MƏDƏTLİNIN “HEYDƏR ƏLİYEVİN SİYASI İRSİ: AZƏRBAYCANÇILIQ VƏ AZƏRBAYCAN – TÜRKİYƏ BIRLİYİNİN FƏLSƏFƏSİ” MONOQRAFİYASI İLƏ DİALOQ

Heydər Əliyev: Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir, sarsılmazdır. Biz çalışacağıq ki, bu dostluğu, qardaşlığı gündən-günə möhkəmləndirək və yüksəklərə qaldıraq.

Mübaliğəsiz qeyd etmək olar ki, xalqları, millətləri, cəmiyyət və dövlətləri böyük ideyalar, böyük ideologiyalar və böyük şəxsiyyətlər, dühalar yaradırlar.  Bu dahilər dövlət və xalqı tarixin yaratdığı çətin anlardan, keşməkeşli situasiyalardan, böhranlardan, ziqzaqlardan keçirərək böyük üfüqlərə çatdırır, onun təməl prinsiplərini müəyyən edir və gələcəyinin formalaşmasında müstəsna rol oynayırlar.  Bu baxımdan  tarix daima təkrar-təkrar tədqiq olunması və yazılması, interpretasiyası zəruri olan bir sivilizasion prosesdir. Əsl həqiqətdə, bu prosesi insanın öz yaratdığı dəyərlərlə, təsisat və reallıqlarla dialoqu da adlandırmaq olar.  Ancaq aqillər demişkən, ola bilər ki, bu proses yalnız dialoq kimi deyil, həm də tarixin cəmiyyət, insanın, sivilizasiya taleyində,  həyatında həm də qarşılıqlı ünsiyyəti,  – kimin üçünsə monoloqu kimi də qiymətləndirilə bilər. 

 Aydındır ki, tarixin obyektiv  dərk olunması asan məsələ deyildir.  Yəni söhbət ondan gedir ki, istər fərd olaraq insanlar, istərsə də cəmiyyət və xalqlar  öz həyat və fəaliyyətlərində daima ideala doğru can atırlar və demək olar ki, bu yolda qarşılaşdıqları istənilən situasiyalarda hər bir identiklik və ya təsisat özünün daha düzgün yolda, ideya və ideologiya uğrunda mübarizədə  olduqlarını düşünür və haqlı sayırlar. Ola bilər ki, həyatın, siyasətin, ideologiya və dəyərlərin də mənası bundadır: bəşəri, milli, əxlaqi və insani dəyərlər uğrunda mübarizə!  Vaxtilə, Alman filosofu Kant hesab edirdi ki, həyatı mənalı edən şey insanın, deməli, həm də cəmiyyətin yetişmək, (yetişmək istədiyi və can atdığı) ona doğru can atdığı idealdır. Ancaq ədəbiyatdan da, real insani təcrübədən də elmi təfəkkürə məlumdur ki, ideala çatmaq, onu tarixin yaratdığı monolit həqiqət kimi dərk etmək, onunla təmənnasız dialoqda olmaq  elə də asan məsələ deyildir. Bu baxımdan,  ona görə də, tarixin həqiqi faktların əsasında  düzgün yazılması, obyektiv tədqiqi, millətin, dövlət və dövlətçilik tarixinin ən zəruri şərtlərindəndir.   Müşahidərər göstərir ki, tarix və tarixin memarları cəmiyyəti, fərd və identikliyi fiziki anlamda əbədi xoşbəxt edə bilməsə də, mənəvi baxımdan əbədi  səadətə tam qovuşdura, ona dünyada  necə yaşamağı, necə fəaliyyət göstərməyi, necə olmağı, necə “ölməyi” öyrədə bilər. Təsadüfi deyildir ki, müasir ekzistensialist filosof Martin Haydegger izah edirdi ki, böyük olmaq böyüklükdən – böyük düşünməkdən başlanır.    Böyük olmaq, böyük düşünmək, oddan keçərək katarsis olunmaq isə şübhəsiz müdriklik sənətidir ki, daima böyük şəxsiyyətlər, böyük dühalar ona – bu sənətə doğru can atırlar.    Nəzəri fikir tarixinə müraciət etdikdə görürük ki, istər Şərqdə, istərsə də Qərbdə tarixən  böyük dühaları, şəxsiyyətləri, strateqləri filosoflar, personalist nəzəriyyəçilər Tanrıların yer üzünə hədiyyəsi hesab etmişlər.  Məhz Ulu Öndər Heydər Əliyev də bu baxımdan  müasir tariximizin mehvərini yaradan onu tarixin yaratdığı monoloji ziqzaqlarda, labirintlərdə itməyə, səmt küləklərinin gətirdiyi tale gəmisi kimi okeanların dərinliklərinə qərq olmağa qoymayan tarix və tanrının XX əsr dünyasına, insanına bəxş etdiyi misilsiz əbədiyaşar siyasi xadimlərindən biridir.

 Dahi şəxsiyyətlərin istər cəmiyyət həyatında, istərsə də dövlətçilik və tarix baxımdan fəaliyyətlərinin araşdırılması – ictimai-siyasi fikir tarixində əhəmiyyəti həmişə vacib hesab olunmuşdur. XX əsr Azərbaycan tarixinə nəzər saldıqda xalqın və dövlətin, cəmiyyət və ölkənin inkişaf kursunun   Heydər Əliyev dühasının  siyasəti və dövlətçilik irsinin dialoqu kontekstində  araşdırılması, onun elmi-fəlsəfi, siyasi aspektlərinin həm ölkə daxilində, həm də xarici ölkələrdə təbliği və öyrənilməsi qədər son dərəcə aktual olan  ikinci bir hadisəni təsəvvür etmək çətindir. Bu fenomenin mahiyyəti ondadır ki, o tarixi yaradır, ona yön verir, onun paradiqmalarını müəyyən etməklə gələcək nəsillərə əvəzsiz bir irs qoyur. Geniş auditoriya və intellektual oxucunun diqqətinə çatdırılan monoqrafiyanı da son dərəcə əvəzsiz edən budur: Heydər Əliyevin bəşər tarixində, Azərbaycan və region xalqlarının həyatında fəaliyyət və irsinin kiçik bir hissəsini də olsa tədqiqata cəlb etmək, onun fəlsəfəsi və ziyasından insanlara təmənnasız hədiyyə etmək!

  2023-cü il “Heydər Əliyev” ili çərçivəsində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin müdiri Fövqəladə və Səlahiyyətli səfir  Eynulla Mədətlinin imzası ilə “Heydər Əliyevin siyasi irsi: Azərbaycançılıq və Azərbaycan –Türkiyə birliyinin fəlsəfəsi” adlı  çox sanballı elmi-fəlsəfi və müasir dövlətçiliyimiz baxımından aktual olan monoqrafiya işıq üzü görmüşdür.   Elmi-siyasi-ideoloji kontekstdə  qələmə alınmış əsərlə tanışlıq bir daha təsdiq edir ki, həmin çətin illərdə ölkəmizə rəhbərlik etmiş nəhəng  siyasi xadim Ulu öndər  Heydər Əliyevin dühası, siyasi irsi, dövlətçilik fəlsəfəsi həqiqətən də, daima dönə-dönə elmi-nəzəri, ictimai-siyasi anlamda araşdırılmaq üçün əvəzsiz bir milli xəzinədir. Tədqiqatın ən vacib özəlliyi ondadır ki, müəllifin əsərinin ümumi xarakteristikası oxucuda  fundamental bir fikri formalaşdırır: Heydər Əliyev siyasi irsi və onun şəxsi keyfiyyətləri sübut edir ki, o, nəinki Cənubi Qafqaz və Türk dünyasi liderləri sırasında, o cümlədən XX əsr dünya siyasi şəxsiyyətləri sırasında öndə dayanan siyasi xadimlər içərisində ən öncüllərdən biri olmuşdur. Müəllifin elmi-fəlsəfi təhlili  oxucuda bir daha əminlik yaradır ki, Ulu Öndər  Heydər Əliyev XX əsrdə Azərbaycan xalqının dünya miqyasında ərsəyə gətirdiyi  yeganə  misilsiz liderdir, onu tariximizdə heç bir siyasi xadimlə müqayisə etmədən  Ümummilli Lider statusuna qəbul etməklə azərbaycan xalqı  özünün ən düzgün qərarını vermişdir.

Məsələnin digər özəlliyi ondadır ki, bu sanballı monoqrafiyanın müəllifi həm də uzun müddət Heydər Əliyev məktəbinin, faliyyətinin, idarəetməsi və aurasının ətrafında (əhatəsində)  olmuş və Heydər Əliyev  akademiyasının meyarlarından bəhrələnmişdir.  Bu mükafat və tale qismətinin özəlliyi müəllifə şəksiz üstünlüklər verir ki, bu da əsərin yazılmasını maraqlı və fundamental etməklə yanaşı, monoqrafiyanı daha da oxunaqlı və canlı edir.   Başqa formada desək, əsərin hansı bölümü, fəsil və altbaşlıqları ilə təməsda olursan ol, aydın şəkildə hiss olunur ki, müəllif əsərin yazılmasını qarşısına məqsəd qoyarkən onun yalnız siyasi, fəlsəfi, ideologi və tarixi tərəflərini deyil, həm də mənəvi, milli, insani, ruhi tərəflərini qabartmağı, göstərməyi  əsas məqsəd kimi qarşıya qoymuş və şübhəsiz buna nail olmuşdur.  Bu onunla bağlıdır ki, böyük şəxsiyyətlər, liderlər, sərkərdələr yalnız tarixin yaratdığı dahilər, “apollonlar”,  memarlar deyillər, onların da hissləri, duyğuları, sevgiləri vardır. Ona görə də müəllifin  yazdığı bu əsəri yalnız iki dövlətin uğurlu dostluğu və qardaşlığı, yaxud siyasət və ideologiya kontekstində mənalandırmaq  deyil, həm də insanların, xalq və millətlərin taleyinə hopmuş həyat hekayəsi kimi oxumaq fikirmizcə, daha doğru olardı.  Başqa sözlə desək, əsərlə tanışlıq zamanı  həm müəllifin taleyində, həm də monoqrafiyanın bütövlükdə məzmununda  bilavasitə, Ulu Öndər Heydər Əliyev nəzərlərinin, məktəbinin, dühasının ziyası, nur və siyasi xəttinin hənirtisi  ən yüksək şəkildə hiss olunur. Bu baxımdan ictimai-siyasi mühitdə öz elmi imzası və fəaliyyətiylə tanınan, həmçinin  uzun illər xarici dövlətlərdə ölkəmizi yüksək səviyyədə Fövqəladə və Səlayihiyyətli Səfir kimi təmsil edən, gənclik illərində Ulu Öndərin dövlətçilik təcrübəsindən, siyasi irsinin nəzəri və praktik əsaslarından  bəhrələnmək qisməti olan müəllifin  Heydər Əliyevin siyasi irsindən sanballı bir  əsər ortaya qoyması qətiyyən təsadüfi sayıla bilməz – Heydər Əliyev məktəbi əbədi bir xəzinədir və müəllif də buradan öz biliyi, səriştəsi, qisməti qədər bəhrələnmişdir. Bu da əsərin digər bir uğurudur.  

 Məhz bu səbəbdən də, azərbaycançılıq fəlsəfəsi və  Azərbaycan-Türkiyə münasibətlərində Ulu Öndər Heydər Əliyev  məktəbinin elmi-fəlsəfi əsaslarından müəllifin bəhs etməsi  elmi mühit üçün həm bir stimul, həm də bir yenilik olmaqla əsərin  fundamentallığını daha da artırmış olur. Monoqrafiya XX əsrin siyasi nəhənglərindən biri olan, Azərbaycan dövlətçilik tarixində misilsiz xidmətlər ilə tariximizin yeni mehvərini qoyan, onu dünyada demokratik, bəşəri əsaslarla  tanıdan Ulu Öndərin siyasi irsi kontekstində Azərbaycan - Türkiyə münasibətlərinin, birliyinin, “Bir millət iki dövlət” formulunun müasir dinamikası, inkişaf perspektivləri və regionda yaratdığı strateji təhlükəsizlik məsələlərinə həsr olunmuşdur.  Müəllifin elmi mühit və geniş oxucu kütləsinin diqqətinə təqdim etdiyi əsərdə ilk əvvəl nəzəri olaraq siyasi irsin elmi-fəlsəfi mahiyyəti, onun tarixi rolu, xalqın, dövlətin, cəmiyyətin həyatında oynadığı  əhəmiyyətin vacibliyini çox ətraflı təqdim edir. Müstəqilliyimizin ilk illərində baş verən çətinliklərdən, həmin dövrdə yaranan müxtəlif ziddiyyətlərdən qurtulmaqda Heydər Əliyev dühasının böyüklüyünə, miqyasına vurğu edərək müəlllif liderin siyasi təcrübəsinin əvəzsizliyindən, dövlətçilik təcrübəsinin zənginliyindən, tarixdə xalqların taleyində liderlərin, rəhbər və sərkərdələrin oynadığı vacib əhəmiyyətdən bəhs edərək əsərin girişində fundamental bir tezisi qeyd edir:  “Tarix sübut edir ki, siyasi irs əsasən xalqların yetişdirib tarix səhnəsinə çıxardığı rəhbərlərin, sərkərdələrin, görkəmli şəxsiyyətlərin geniş miqyaslı ictimai-siyasi fəaliyyəti ilə formalaşır.  Bu siyasi liderlərin şəxsi məziyyətləri, milli-mənəvi keyfiyyətləri fonunda milli iradə formalaşır, milli inkişaf yolu  müəyyənləşir, milli dövlətçilik bərqərar olur, beləliklə də zəngin və əbədi milli irs yaranır. Yəni xalqın önündə gedən siyasi liderin, onun inandığı güvəndiyi rəhbərin, xalqın varlığı  və müqəddəratı üçün məsuliyyət daşıyan sərkərdənin şəxsi keyfiyyətləri həm də, dövlətlərin, xalqların taleyini müəyyənləşdirən vacib amildir”.

Müəllif  tarixi ekskursun və tarixi prosesdə şəxsiyyət amilinin  zəruruliyini  əsərin birinci fəslində   AMEA prezidenti,  hörmətli akademik İsa Həbibbəyliyə istinadan belə bir fikri  müdafiə edir. “Sovet hakimiyyəti dövründə Heydər Əliyevin apardığı məqsədyönlü və düşünülmüş millilik və vətənpərvərlik siyasətinə görə ölkəmiz müstəqillik qazandıqdan sonra digər dövlət müstəqilliyini əldə etmiş postsovet ölkələri ilə müqayisədə bir neçə addım irəlidə olmuşdur”. Müəllif, həmçinin əsərin birinci fəslində məntiqi olaraq Heydər Əliyev siyasi irsinin elmi-fəlsəfi mahiyyəti, o cümlədən, Azərbaycançılıq ideyası və ideologiyası, Ulu Öndərin siyasi irsinin özəl xüsusiyyətləri, milli dövlətçilik və milli məfkurənin anlamı, mahiyyəti barədə ətraflı bəhs etmişdir. Eyni zamanda bu fəsildə Ulu Öndərin Azərbaycana qayıdışı, onun böyük çətinliklərə baxmayaraq yenidən xalqın təkidiylə siyasi fəlaliyyətə başlaması, dövlətçiliyi ən müxtəlif səviyyəli təhlükələrdən xilas etməsi, Heydər Əliyev feonomeninin Naxçıvan erası, onun xilaskarlıq missiyası haqqında  ətraflı bəhs olunmuşdur.  Müəllif əsərin ideyası və metodoloji qoyuluşundan çıxış edərək həmin dövrdə Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının düşdüyü çətin böhrandan, iqtisadi-siyasi ziddiyyətlərdən çıxarılması səylərindən, bu istiqamətdə Türkiyə Cümhuriyyəti ilə əlaqə və münasibətlərinin qurulmasından, “Ümid körpüsü”nün təməllərinin nəzəri və praktiki əhəmiyyətindən bəhs etmişdir.  Əsərin birinci fəsli “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq” adlanır. Müəllif məntiqi olaraq bu fəsildə elmi nəzəri araşdırmanın xüsusiyyətlərindən çıxış edərək Ulu Öndərin siyasi irsinin özəllikləri, Azərbaycanın milli məkfurəsinin və milli dövlətçilik fəlsəfəsinin fromalaşmasında Heydər Əliyev şəxsiyyətinin müstəsna əhəmiyyətindən, onun Azərbaycana qayıdışından, böyük siyasi xadimin siyasi irsinin substansiv və funksional aspektlərini araşdırmağı qarşıya məqsəd qoymuşdur. Əsərlə tanışlıq göstərir ki, Ulu Öndərin Azərbaycana qayıdışının Naxçıvan mərhələsi Azərbaycanın suverenliyinin təmin edilməsi sahəsində onun xilaskar missiyasının həyata keçirilməsi həmin dövrdə Naxçıvan MR-in iqtisadi, siyasi böhrandan çıxarılması sahəsində Türkiyə ilə təmasların və gələcək strateji  əməkdaşlığı müəyyən olunması  yalnız Heydər Əliyev dühasına məxsus olan bir strategiya ola bilərdi.  Əsərin ikinci fəsli “Heydər Əliyevin siyasi irsi və qardaş Türkiyə Cümhuriyyəti ilə münasibətlər” adlanır ki, bu fəsildə müəllif maraqlı, sanballı şəkildə  müasir gerçəklikləri araşdırma obyektinə çevirmişdir.  Ulu Öndər Heydər Əliyevin “Bir millət - iki dövlət” konsepsiyasının tarixi- siyasi aspektinin Naxçıvan mərhələsini, onun Türkiyə Cümhuriyyətinə səfərlərini, iki qardaş ölkə arasında strateji tərəfdaşlığın nəzəri və təcrübi aspektlərini bu fəsildə izah edən müəllif, həmçinin  burada Heydər Əliyevin “Bir millət iki dövlət” düsturunu – Azərbaycan-Türkiyə birliyinin strategiya və fəlsəfəsinin nəzəri aspektlərini oxucunun diqqətinə çatdırır, onun tarix baxımından fundamentallığını göstərir.

Üçüncü fəsildə müəllif Ulu Öndərin siyasi irsində dövlətçilik ənənələri və mədəniyyət fəlsəfəsini araşdırma obyektinə çevirir. Burada E.Mədətli Ulu Öndər Heydər Əliyev irsində Azərbaycan Xalq Cümhuriyyətinə münasibət və varislik məsələsinin tarixi baxımdan əhəmiyyətini göstərir. Bu fəsildə, həmçinin Heydər Əliyev və mədəniyyət siyasətində milli-mənəvi dəyərlər, İslam həmrəyliyi təcrübəsi və milli xüsusiyyətlər, Ulu Öndərin irsində Azərbaycanın xalq mədəniyyətinə münasibətinin fəlsəfəsi, Dahi lider Heydər Əliyev şəxsiyyətinin miqyası və onun sərhədləri aşan cazibəsi araşdırma predmetinə çevrilərək oxuculara təqdim olunur.

Müəllif haqlı olaraq əsərdə qeyd edir: “dünya xalqlarının inkişaf və tərəqqisində təhsilin və elmin əvəzsiz rolunu vurğulayan Heydər Əliyev qeyd etdi ki, “bir şeyi bilmək lazımdır ki, əgər hər hansı bir xalq inkişaf etmək istəyirsə, o, gərək bəşər mədəniyyətinə, bəşər elminə yiyələnsin. Mən 20 il bundan öncə də, indi də çox arzusunda olmuşam ki, Azərbaycanlı balaları Türkiyədə, İranda, Rusiyada, Almaniyada, Ərəbistanda, İtaliyada, İngiltərədə, Amerikada, Fransada və hətta Hindistanda, Çində belə təhsil alsınlar. Çünki, öz içimizdə olan biliklər özümüzdədir və bunu heç kəs bizim əlimizdən ala bilməz. Ancaq dünyanın cürbəcür ölkələrindəki təhsil sistemlərindən istifadə edərək, böyük elmi nailiyyətlərə müvəffəq olaraq xalqı daha da irəliyə aparmaq olar.”

Müəllifin böyük sevgi və peşəkarlıqla qələmə aldığı əsəri maraqlı edən əsas xüsusiyyətlərdən biri də odur ki, monoqrafiya yalnız siyasi, ideoloji, fəlsəfi və s. xüsusiyyətlərin interpretasiyası ilə məhdudlaşmır. Burada müəllif Ulu Öndər Heydər Əliyevin bir növ milli identikliyə, dilimizə, dinimizə, mənəvi dəyərlərimizə ekstensial və ontoloji anlamda dərin münasibəti ilə üz-üzə qalır, canlı şəkildə elə bil ki, onunla danışır, onun daxili aləmi ilə təmasda olur, Dahi Liderin milli xüsusiyyətlərə, milli irsə, milli kimliyə nə qədər önəm verdiyinə əyani şahid olur. Müəllif Ulu Öndərin canlı dialoquna istinad edərək yazır: “Heydər Əliyev incə mənayüklü yumora malik idi. Bəzən bu kinayə və məzəmmət qarışıq ifadə kimi səslənirdi, yeri gələndə bundan məharətlə istifadə edirdi, hətta rəsmi görüşlərdə də bəzən belə kinayəli yumordan istifadə edirdi. Ata sözlərindən, zərbi-məsəllərdən yerində istifadə edirdi, özünün işlətdiyi ifadələrin bir çoxu da ata sözünə, zərbi-məsələ çevrilirdi. Məsələn deyirdi: Öz ana dilində danışa bilməyən adam şikəstdir.” Bu onu göstərirdi ki, Ulu öndər öz xalqını, ana dilini, milli dövlətçiliyini öz varlığından əziz tutur, onu vətəndaş mövcudluğunun mehvəri hesab edirdi. 

Sonda əziz oxuculara yalnız əsəri oxumalarını tövsiyə  edə bilərik. Bu zaman onlar Ulu Öndər Heydər Əliyevin siyasi və dövlətçilik irsinin fundamentallığı ilə yanaşı,  oxucunun burada Ulu Öndərin insani keyfiyyətlərinin, bəşəri xüsusiyyətlərinin, həssas qəlbinin bilavasitə sadəliyi və son dərəcə nəhəngliyi ilə rastlaşacaqlarına və heyrətlənəcəklərinə əminliklə söz verə bilərik. Ona görə də bir daha əminliklə qeyd edə bilərik: dahilər ölmürlər onlar yalnız bu dünyanı fiziki anlamda tərk edirlər, onların yaratdıqları dəyərlər, təsisatlar, dünya irsinə verdikləri xəzinələr daima insanlığa, xidmət edir, dünyada sülh və əmin-amanlığın, humanizm və vəhdətin yaranmasını şərtləndirərək   bəşəri irsə xidmət edirlər.

Şölət Zeynalov,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun,
“Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası” şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d, dosent.