27 may 2024 21:12
314

COP29 ərəfəsində dünyanın nəzərləri Azərbaycana yönələcək

Ölkəmizin ev sahibliyi edəcəyi COP29 əhatə dairəsi baxımından BMT-nin ən böyük tədbirlərindən biri sayılır. Artıq Azərbaycanın “yaşıl dünya naminə həmrəylik” platformasında əsas təşəbbüskar ölkə kimi fəaliyyətini artırması və COP29 iqlim konfransına ev sahibliyi etməklə ətraf mühitin qorunmasında məsuliyyətli addımlar atır. Tədbirə qatılmaq üçün ölkəmizə on minlərlə qonağın gələcəyi gözlənilir. Eyni zamanda, tədbirdə iştirakla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin adından BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf ölkələrin dövlət və hökumət başçılarına dəvət məktubları göndərilib. Beləliklə, COP29 ərəfəsində dünyanın nəzərləri Azərbaycana yönələcək.

Yeri gəlmişkən qeyd edək ki, aprelin 26-da Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib. Bu mötəbər tədbirdə iştirakı zamanı ölkə başçısı “Euronews” telekanalına müsahibə verib.

Müsahibədə qeyd edilib ki, ötən il BƏƏ-də keçirilən COP28-də qazıntı yanacağı ideyası üstünlük təşkil edirdi. Bununla bağlı cənab Prezident bildirib ki, “Biz məhz buna nail olmağa çalışırıq. Konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə edin. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, həmçinin bir məsələni da anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin ayrılmaz hissəsidir və biz necə uğur qazanacağıq”.

Azərbaycanın “yaşıl enerji” strategiyasında əsas potensial güc mənbəyi kimi azad edilmiş ərazilərin resursları xüsusi yer tutur.  Yanacaq istehsalçısı və ixracatçısı olan Azərbaycan COP29-a ev sahibliyi ilə iqlim dəyişikliyinə qarşı mübarizə üzrə aydın strategiyasını nümayiş etdirəcək. Beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi dövlətimizin iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizə üzrə mühüm hədəfləri var. "Yaşıl enerji"yə keçid bu strateji hədəflərdə əsas yer tutur. Məlum olduğu kimi, ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri məhz "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" olmaqdır. Həmin prioritetə uyğun şəkildə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində mühüm işlər aparılır. Bu sahəyə məsul olan dövlət institutları ilə yanaşı, biznes qurumları, ictimai sektorun təmsilçiləri, fərdi vətəndaşlar da prosesdə fəal iştirak edir, ümumi məqsədlərə töhfə verirlər. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi müəyyənləşdirib.

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri