30 may 2024 13:59
336

Ağdam Sənaye Parkında bu il 5-dən çox müəssisə fəaliyyətə başlayacaq: Rezidentlərdən AÇIQLAMALAR

Bu il Ağdam Sənaye Parkında 5-dən çox müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulur.

Ağdam Sənaye Parkının rezidenti “Veliev” MMC tərəfindən Parkın ərazisində Betonist markası adı altında “Prefabrik dəmir-beton məmulatları istehsalı” layihəsi həyata keçirilir.

“İki sahil” xəbər verir ki, bunu “Veliev” MMC-nin direktor müavini Ceyhun Vəliyev qeyd edib. Onun sözlərinə görə, layihə çərçivəsində körpülərin, sənaye və yaşayış binalarının tikintisi üçün gərginləşdirilmiş dəmir beton tirlərin, kirişlərin, fermaların, döşəmə panellərinin, üfüqi su novlarının, dəmir beton dirəklərin, müxtəlif növ hasarların, yaşayış binalarının tikintisi üçün izolyasiyalı panellərin və s. istehsal edilir. Dəyəri 2,5 milyon manat təşkil edən layihə çərçivəsində il ərzində 200 min kvardat metr dəmir beton məmulatlarının istehsalı planlaşdırılır. Müəssisədə birinci mərhələdə 40 nəfər işlə təmin edilib, sonrakı mərhələdə iş yerinin 80 nəfərə çatdırılması planlaşdırılır. Türkiyə və yerli texnologiyalardan istifadə edilən müəssisədə istehsal olunan məhsullar işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərində istifadə edilir.

“Eel Electric” MMC-nin təsisçisi və direktoru Vüsal Mirzəyev isə bildirib ki, “Eel Electric” MMC 2022-ci ildə Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb, şirkət Sənaye Parkının ərazisində elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının istehsalı ilə məşğul olacaq. Belə ki, müəssisədə 35-10 kV paylayıcı qurğular, 0.4 kV paylayıcı panellər, kondensator qurğuları, müxtəlif növ transformator məntəqələrin istehsalı həyata keçiriləcək.

Müəssisədə hazırda tikinti işləri yekunlaşmaq üzrədir, təxminən indiyədək görülmüş işlərə 1,5 milyon manat investisiya yatırılıb və işlərin 75 %-i yekunlaşıb. Türkiyə və Avropanın qabaqcıl ölkələrindən avadanlıqlar gətirilib, yaxın vaxtlarda onların quraşdırılmasına başlanılacaq. Sənaye Parkının 1,7 hektar ərazisində inşa edilən müəssisədə 70 nəfər daimi işlə təmin ediləcək. İstehsal olunan məhsulların əsasən Qarabağda aparılan tikinti quraşdırma işlərində geniş istifadə olunması planlaşdırılır.

“Metkons” MMC-nin icraçı direktoru Aydan Hacıyeva vurğulayıb ki, “Metkons” MMC 2022-ci ilin aprelində Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib. Sənaye Parkının 1 hektar ərazisində inşa edilmiş müəssisədə havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların istehsalı nəzərdə tutulub. Türkiyə, İtaliya, Rusiya və Çin texnologiyalarının tətbiq olunduğu müəssisənin ümumi investisiya dəyəri 1,9 milyon manatdır və 45 nəfər daimi işlə təmin ediləcək.

Zavodda istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək. “Metkons” MMC sənaye parklarında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 100 min manatdan çox vəsaitə qənaət edib.

 “BAFCO İnvest” MMC-nin Marketing və PR üzrə meneceri Aynurə Həsənova qeyd edib ki, “BAFCO İnvest” MMC 2023-cü ilin mart ayında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Sənaye Parkının 2,5 hektar ərazisində yerləşən müəssisə Almaniyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə müxtəlif təyinatlı çəkmə, tikinti və digər sahələrdə istifadə üçün nəzərdə tutulan, dəmir ucluqlu və altlıqlı təhlükəsizlik ayaqqabılarının istehsalı üzrə ixtisaslaşıb. İnvestisiya dəyəri 10 milyon manatdan çox olan müəssisədə 120 iş yeri yaradılacaq.

“BAFCO İnvest” MMC sənaye parklarında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 1 milyon manatdan çox vəsaitə qənaət edib.