İpoteka və Kredit Zəmanət Fondu yaradılıb.
Prezidenti İlham Əliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb.
“Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi” təsdiq edilib. Nizamnamə ümumi müddəalar, fondun fəaliyyətinin məqsədi, vəzifələri və hüquqları, fondun idarəetmə orqanları, Himayəçilik Şurası, İcra orqanı, fondun nizamnamə kapitalı, əmlakı və maliyyə fəaliyyətinin əsasları, daxili və kənar audit, fondun öz törəmə cəmiyyətləri, idarə, filial və nümayəndəlikləri ilə qarşılıqlı münasibətləri, fondda uçot və hesabat, fondun yenidən təşkili və ləğvindən ibarətdir. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı fonda keçir.
Fond Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizminin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirən, habelə sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən qeyri-kommersiya hüquqi şəxsdir.
Fondda ictimai əsaslarla fəaliyyət göstərən və 5 nəfərdən ibarət olan Himayəçilik Şurası, habelə fondun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarət olan İdarə Heyəti yaradılıb.