09 iyun 2024 15:41
449

Ulu Öndər Heydər Əliyevin xilas etdiyi Azərbaycan - ŞƏRH

1993-cü ilin fevralında prezident Ə.Elçibəy keçmiş korpus komandiri Surət Hüseynovun rəhbərlik etdiyi 709 saylı hərbi hissənin ləğv edilməsi haqqında sərəncam imzaladı. Amma S.Hüseynov bu sərəncamın tələblərinə tabe olmadı. Bu sərəncama qədər isə o, Prezidentin Qarabağ məsələləri üzrə nümayəndəliyindən və baş nazirin müavini vəzifəsindən də çıxarılmışdı.  Bundan sonra hakimiyyət həmin hərbi hissənin tərk-silah edilməsi ilə bağlı  qərar qəbul etdi. Bununla da ölkədə qardaş qırğınına əsas yaratdı. Belə ki, iyunun əvvəllərində Gəncədə sözügedən hərbi hissə ilə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi. S.Hüseynovun tabeçiliyindəki silahlı dəstə Bakıya doğru hərəkət etməyə başladı. Təbii ki, məqsəd Azərbaycan parçalamaq, dövlətçiliyimizi və müstəqilliyimizi məhvə yuvarlamaq idi. Yeri gəlmişkən qeyd edək ki, ölkədəki bu siyasi çəkişmələrdən erməni daşnakları məharətlə istifadə edirdi. Hakimiyyəti zəbt edən AXC-Müsavat cütlüyünün yarıtmaz siyasəti nəticəsində ölkədə xaos baş alıb gedirid. 

Çıxışlarının birində 1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranını yarandığını, Gəncədə toqquşma baş verdiyini və qan töküldüyünü, ölkəmizin dağılmağa başladığını və ovaxtkı iqtidarın ölkəni idarə edə bilmədiyini vurğulayan Ulu Öndər Heydər Əliyev  demişdi ki, vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək və Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən ovaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi: “Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri və ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".

31 il bundan əvvəl Gəncə hadisələri ilə iflas etmiş AXC-Müsavat hakimiyyəti Ulu Öndər Heydər Əliyevdən qiyamçı polkovnik Surət Hüseynovla danışıqlar aparmağı və böhranı sahmanlamağı xahiş etdi. Dövlətçiliyimizin və müstəqilliyimizin itirilmək təhlükəsi qarşısında qaldığımız belə bir dönəmdə, yəni 1993-cü ilin 9 iyununda Naxçıvan Ali Məclisinin Sədri, Ümummilli Lider Heydər Əliyev  xalqımızın istək və tələbi ilə Bakıya gəldi.

Elə həmin gün də bu problemi çözmək istiqamətində fəaliyyət başladı və öz müdrikliyi, siyasi təcrübəsi ilə qısa zaman kəsiyində gözlənilən nəticəni əldə etdi. Bununla da Ulu Öndər qardaş qırğınının və vətəndaş qarşıdurmasının qarşısını almaqla milli qurtuluşumuza öz töhfəsini verdi. Bəli, məhz həmin gün ölkəmizi  məhvə aparan proseslərin axarı  dəyişdirildi. Bəli, məhz həmin gün  Azərbaycana yeni bir həyat bəxş edildi. Bəli, məhz həmin gün sonrakı uğurlarımızın əsası qoyuldu. Bəli, məhz həmin gün dağılmaq və dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmış Azərbaycan fəlakətlərdən qurtuldu. Təbii ki, Ulu Öndərin sayəsində.  Ulu Öndərin siyasi hakimiyyətə gəlişinin ilk rəsmiləşdiyi tarix isə - onun Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyi gün, yəni iyun ayının 15-i  oldu. Elə həmin gün də təqvimə Milli Qurtuluş Günü kimi həkk edildi.

31 il əvvəl Heydər Əliyevin xilas etdiyi Azərbaycan bu gün  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qürurlu dövrünü yaşayır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın erməni daşnaklarından  azad olunması və suverenliyimizin tam bərpa edilməsi, bölgədə yeni reallıqlar yaranması isə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müasir müstəqil Azərbaycanın inkişaf və yüksəliş tarixini daha da şərəfləndirir.

Qvami Məhəbbətoğlu, “İki sahil”