11 iyun 2024 14:15
271

Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizlərinin  Azərbaycan ərazisindən keçməsi ölkəmizə böyük üstünlüklər qazandırır

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Misir Ərəb Respublikasına səfərinin çox işgüzar və səmimi mühitdə keçməsi aparıcı dünya mətbuatında xüsusi vurğulanıb. Səfər çərçivəsində 10- yaxın iqtisadi əməkdaşlıq sənədləri imzalanıb. Xatırlatmaq lazımdr ki, Azərbaycanla Misir arasındakı əməkdaşlığın qədim tarixi kökləri var. Belə ki, SSRİ dövründə Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri mövcud idi. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni mərhələyə çatdı. Misir Ərəb Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 26 dekabr 1991-ci ildə tanıyıb. 4 aprel 1992-ci ildə isə diplomatik münasibətlərin yaradılması haqqında Protokol imzalanıb. 1993-cü ilin aprel ayından Misirin Bakıda və 1994-cü ilin yanvar ayından Azərbaycanın Qahirədə səfirlikləri fəaliyyətə başlayıb. Bu, həm də Azərbaycanın Afrika qitəsindəki ilk səfirliyidir.Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dövlətlərdəndir. İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlarda da Azərbaycan həmişə Misir nümayəndələrinin dəstəyini qazanıb.

Ölkəmizin başçısının Misir səfərində bu ölkənin Prezidenti Əbdülfəttah əs-Sisi ilə geniş tərkibdə görüşü keçirilib. Görüşdə Azərbaycan ilə Misir arasında ikitərəfli siyasi əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirilib. Həmçinin iki ölkənin  Qoşulmama Hərəkatında və İslam Əməkdaşlıq Təşkilatındakı birgə fəaliyyətləri yüksək qiymətləndirilib. O cümlədən Misirin COP27-yə, Azərbaycanın isə COP29-a sədrlik etməsi vurğulanaraq, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması tövsiyyə olunub.

Hər iki ölkə başçısının görüşündə dövlətlərimiz arasında enerji, tikinti, sənaye, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu. Eyni zamanda, hökumətlərarası komissiyanın növbəti iclasının Misirdə keçiriləcəyi bildirildi. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının artırılması, Misirin Türkiyənin Mersin limanı vasitəsilə bu xətdən istifadə edərək, Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olundu. Şimal-Cənub Nəqliyyat Dəhlizi və bu xüsusda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Görüş zamanı Misir şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərində iştirak etməkdə maraqlı olduqları vurğulandı.Görüşdən sonra Azərbaycan-Misir sənədlərinin imzalanması mərasimi olub.Cənab Prezident İlham Əliyevin bu səfəri Misir-Azərbaycan əlaqələrinin inkişafına yeni töhfələr verəcək.

 Bundan başqa, Prezident İlham Əliyevlə,  Misir Prezidenti Əbdülfəttah əs-Sisi yeni nəqliyyat dəhlizləri barədə fikirlər səsləndiriblər: Bildirilib ki, Azərbaycan bu gün Asiyanın Avropa ilə birləşdrən böyük nəqliyyat infrasirukturuna malikdir və gələcəkdə onun əhatə dairəsi daha da genişlənəcəkdir. Ölkəmizin başçısı bu barədə deyib: «Biz bu gün, eyni zamanda, yeni nəqliyyat dəhlizləri ilə əlaqədar fikir mübadiləsi apardıq. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Azərbaycan ərazisində bütün infrastruktur yaradılıb və beləliklə, nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açılmaqdadır.»

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri