11 iyun 2024 16:30
227

“COP29 və iqlim dəyişmələri” - Suraxanı Oil Əməliyyat Şirkəti şagirdlər arasında intellektual yarış təşkil edib

İyunun 11-də 85 saylı tam orta məktəbdə Suraxanı Oil Əməliyyat Şirkətinin təşkil etdiyi “COP29 və iqlim dəyişmələri” mövzusunda intellektual yarış keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbiri giriş sözü ilə açan 85 saylı tam orta məktəbin direktoru Maqsud Əhmədov bildirib ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında cari ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi böyük tarixi əhəmiyyət kəsb edir. Suraxanı rayonunda müxtəlif maarifləndirici tədbirlər keçirilir, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Sonra çıxış edən Suraxanı Oil Əməliyyat Şirkətinin vitse-prezidentinin müavini Musa Nağıyev tədbirin əhəmiyyətindən bəhs edib. Diqqətə çatdırılıb ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə yüksək etimadın və inamın növbəti göstəricisi, habelə beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın nəticəsidir. M.Nağıyev şagirdlərə uğurlar arzulayıb və qeyd edib ki, bu yarışda əsas olan yer tutmaq yox, hər kəsin maariflənməsidir.

Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəfiqə Məmmədova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, hər birimiz COP29-a öz dəstəyimizi göstərməliyik. Suraxanı rayonunda bu istiqamətdə tədbirlər həyata keçirilməkdədir, təmizlik və abadlıq işləri davam edir.

Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Novruz Əhmədzadə nitqində rayonda keçirilən işlər barədə məlumat verib, layihələrin davam edəcəyini qeyd edib. Ölkəmizin zəngin biomüxtəlifliyi, xüsusi mühafizə olunan təbiət əraziləri, biomüxtəlifliyin qorunması istiqamətində görülən işlər barədə danışıb.

Ətraf mühitin qorunması üzrə beynəlxalq ekspert Çingiz Məmmədov tədbirdə məruzə ilə çıxış edib. O, tədbirdə şagirdləri dünyada və ölkəmizdə iqlim dəyişiklikləri ilə bağlı statistik nəticələrlə məlumatlandırıb. Oyunun şərtlərini şagirdlərə izah etdikdən sonra, 20 dəqiqəlik vaxtın verilməsi ilə intellektual oyun başlayıb. Vaxt bitdikdən sonra münsiflər tərəfindən yoxlanılan cavablara əsasən qaliblər müəyyənləşib və təltif mərhələsi baş tutub. Qaliblər xüsusi hədiyyələrlə mükafatlandırılıblar.