Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə ildə 60 min ton mis daşınacaq.
“İki sahil” xəbər verir ki, bunu “Report”a açıqlamasında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov bildirib.
Onun sözlərinə görə, artıq bununla bağlı müqavilə imzalanıb: "BTQ-nin 184 kilometrlik Gürcüstan hissəsində təmir-bərpa, yenidənqurma və genişləndirmə işləri başa çatdıqdan və dəmir yolu xətti yenidən fəaliyyətə başladıqdan sonra bəzi müştərilərimiz dərhal bizə müraciət ediblər".
BTQ ilə yükdaşıma bu il mayın 20-dən bərpa edilib, həmin gün 20 konteynerdən ibarət ilk yük qatarı Abşeron Logistika Mərkəzindən Gürcüstan istiqamətində hərəkət edib.
BTQ-nin tikintisinə 2008-ci ildə başlanılıb və dəmir yolu xətti 2017-ci il oktyabrın 30-dan istismara verilib, 2023-cü ilin mayın 16-dan onun Gürcüstan hissəsi təmir-bərpa işləri ilə əlaqədar bağlanılıb. Dəmir yolu xəttinin Gürcüstan hissəsinin mürəkkəb, dağlıq relyefə malik olması (bəzi yerlərdə işlər dəniz səviyyəsindən 2 400 metr hündürlükdə aparılırdı), bu bölgədə payız-qış aylarında hava şəraitinin qarlı-şaxtalı keçməsi (hətta temperaturun mənfi 30 dərəcəyədək düşməsi) təmir-bərpa işlərinin sürətlə aparılmasına mane olmayıb. Xatırladaq ki, sözügedən ərazidə payız-qış mövsümündə qarlı hava şəraiti səbəbindən avtomobil yolları bağlanır, dəmir yolu nəqliyyatı yeganə daşıma vasitəsi kimi regionun mərkəzlə əlaqəsində olduqca önəmli rol oynayır.
BTQ-nin Gürcüstan hissəsinin təmiri nəticəsində onunla yükdaşımaların həcminin ildə 5 milyon tona çatması, dəmir yolu xəttinin Orta Dəhlizin ən cəlbedici hissəsindən birinə çevirməsi planlaşdırılır.
Orta Dəhlizin və Qazaxıstanın nəqliyyat terminallarının rəqəmsallaşdırılması müzakirə edilib
Azərbaycan Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda üzv dövlət statusu əldə edib