13 iyun 2024 14:26
398

Azərbaycan-Misir əlaqələri sürətlə inkişaf edir

Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında əlaqələr qədim tarixi köklərə söykənir. Hələ sovetlər birliyi dönəmində Azərbaycanla Misir arasında səmimi dostluq münasibətləri mövcud idi. Bu dostluq münasibətlərinin formalaşmasında Ulu Öndər Heydər Əliyevin mühüm xidmətləri olmuşdur. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan-Misir əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəldi. Misir Ərəb Respublikası 26 dekabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıdı. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycan Respublikasının Qahirədə səfirlikləri fəaliyyətə başladı. Möhtərəm  Cənab İlham Əliyevin yürütdüyü uzaqgörən xarici siyasət sayəsində hal-hazırda iki ölkə arasındakı əməkdaşlıq daha da dərinləşməkdədir.

Misir Ərəb Respublikası şimal-şərqi Afrikada önəmli geostrateji mövqeyə sahib olmaqla yanaşı, həm də İslam dünyasında yüksək nüfuza malik olan dövlətlərdən biridir. Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə daim Misir dövlətinin dəstəyini hiss etdi. Misir Ərəb Respublikası ilə Azərbaycan Respublikası beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir, həmçinin İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində ardıcıl, məqsədyönlü və birgə səylər göstərirlər. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 8 iyun 2024-cü il tarixində Qahirəyə rəsmi səfərinin ikitərəfli əlaqələrin şaxələndirilməsinə vacib töhfələr verəcəyi qətiyyən şübhə doğurmur. Ölkələrimiz arasında siyasi dialoq bundan sonra daha da intensivləşəcək. Bu səfərlə əlaqədar mətbuata verdiyi bəyanatda dövlət başçımız Azərbaycan dövlətinin prinsipial mövqeyə malik olduğunu bildirdi. Cənab İlham Əliyev Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndinin danışıqlar yolu ilə geri qaytarıldığını xüsusi olaraq vurğuladı.

Bu gün Azərbaycan-Misir əlaqələri sürətlə inkişaf edir. İki ölkə arasında imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar ticarət dövriyyəsini də artıracaq. İlk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq.

Cənab İlham Əliyev Misirə rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Misir Ərəb Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, “Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti ilə Misir Ərəb Respublikasının Qahirə Qubernatorluğu arasında dostluq və əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Misir Ərəb Respublikasının Elektrik və Bərpaolunan Enerji Nazirliyi arasında elektrik və bərpaolunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və bir çox digər sahələrdə əməkdaşlıqla bağlı vacib sənədlər imzaladı.

Azərbaycan Respublikası dost ölkələr üçün etibarlı, səmimi və gələcək perspektivlər vəd edən bir tərəfdaşdır. Belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan və Misir dövlətləri arasında sağlam təməllər üzərində formalaşmış müttəfiqlik münasibətləri İslam həmrəyliyinə də öz mühüm töhvələrini verəcək.

Arifə Abdullayeva,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi